Səfər Əbiyevin müavininin məhkəməsində şahidlər danışdı


17:23     20 Noyabr 2015 mehkeme69.jpg


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş polkovnik Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Femida.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Miradil Həsənov, Rauf Aşurov və Hüseyn Vəliyev ifadə verib.


İlkin olaraq M.Həsənov ifadəsində M.Səlimovun ona məxsus olan firmadan tikinti materialları aldığını bildirib: "Mənin rəhbərim olduğu firma dəmir işi ilə məşğul olur. Mehman Səlimov tikinti mallarını bizdən alıb”.

M.Səlimov M.Həsənova məxsus olan firmadan tikinti matrialı aldığını təsdiqləyib.


Şahid Rauf Aşurov ifadəsində Mehman Səlimovu tanıdığını, Müdafiə Nazirliyinin nəzdindəki hərbi şəhərcikdə 3 mərtəbəli, 24 mənzilli yaşayış binasının və 800 nəfərlik əsgər yeməkxanasının işçi layihələrini hazırlamaq üçün müqavilə bağladıqlarını göstərib: “Müdafiə Nazirliyində işləyən tanışım Nəriman Müftəliyevin sənədləri mənə təqdim etdi, tikintilərin Mehman Səlimovun rəhbərlik etdiyi “STŞ” MMC tərəfindən həyata keçirildiyini bildirib. Üç layihə idi, sonra birindən imtina etdim. Görüşdük, layihələri təhvil verdim. Hər bir obyekt üzrə 11800 manat pul ödənilməli idi. Amma bu günə qədər mənə pul verilməyib”.

M.Səlimov pulları N. Müftəliyevə verdiyini deyib.

Şahid qismində dindirilən Hüseyn Vəliyev ifadəsində “STŞ” MMC ilə müqavilə bağladıqlarını və həmin firmaya kərpic göndərdiklərini, pulun bank vasitəsilə köçürüldüyünü bildirib.

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.(lent.az)

Açar sözlər:

Oxunub: 890