Reydlərdə KİV sürücünü icazəsiz çəkə bilərmi? - Hüquqi maarifləndirmə


15:18     06 Noyabr 2019 2019/11/juu_1573039285.jpg


Mütəmadi olaraq Dövlət Yol Polisi tərəfindən müxtəlif küçə və prospektlərdə kobud qayda pozuntuları törədən, içkili halda maşını idarə edən, yaxud təhlükəsizlik kəmərini taxmayan və s. sürücülərə qarşı reydlər keçirilir. Bu hallar ölkədə sürücü mədəniyyətinin formalaşdırılması baxımından yaxşı hal sayılsa da, bəzi məqamlarda sürücülərin hüquqları pozulur. Belə ki, sürücülər razılığı olmadan videoya çəkilir və efirdə göstərilir.


Məsələyə ekspert yanaşması öyrənmək üçün nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənova müraciət etdik. Ekspert Femida.az-a açıqlamasında məsələnin ictimaiyyətdə birmənalı qarşılanmadığını bildirdi:

“Müəyyən bir qisim bu yanaşmanı düzgün qəbul etsə də, digər qisim qəbul etmir. Hər hansı patrul xidməti əməkdaşı avtomobildə və ya postda quraşdırılmış kamera vasitəsi ilə videoqeydiyyat aparmaq hüququna malikdir. Bu Yol-patrul xidməti haqqında Təlimatın 4.7-ci bəndində göstərilib. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Bu onu göstərir ki, konkret olaraq videoçəkiliş aparıla bilər.



İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsində inzibati iş üzrə məlumatların yayılmasının yolverilməzliyindən bəhs olunur: İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materialları kütləvi informasiya vasitələrində yayımlana bilməz.

İXM-in 376-cı maddəsində isə inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materiallarının kütləvi informasiya vasitələrində yayımlanmasına görə məsuliyyət nəzərdə tutulur.

Bu iki vacib məqam sözügedən məsələyə yanaşmanı formalaşdırır. Reydlər zamanı çəkiliş aparılması ictimailəşdirmək üçün yox, tərəflər arasında mübahisə yaranmaması üçündür. Sadəcə dəlil kimi istifadə olunmalıdır”.

Məsələ ilə bağlı Azərbaycan vəkillər Kollegiyasının üzvü, vəkil Absələddin Əliyev də Femida.az-a danışıb. O, bu yanaşmanın düzgün olmadığını bildirib:

“Bəzən görürük ki, polislər cinayət törətməkdə şübhəli şəxsi tuturlar və həmin dəqiqə media nümayəndələrini çağırırlar. Bəlkə də özlərini reklam etmək istəyirlər ki, baxın biz cinayətkarlarla necə mübarizə aparırıq. Amma şəxsi cinayət üstündə yaxalasan belə, onu həmən yaymaq düzgün deyil. Məhkəmə nə üçündür? Məhkəmədə şəxsin təqsiri sübuta yetirildikdən sonra, hətta hökm qanuni qüvvəyə minəndən sonra ona cinayətkar demək olar. Məsələn, Türkiyədə belə bir təcrübə var ki, qanunları pozan şəxsin üzünü televiziyada qapadırlar. Bizdə isə elə düşünürlər ki, yetkinlik yaşını keçibsə, onu ictimaiyyətə göstərmək olar”.



Vəkilin sözlərinə görə, sözügedən sürücülər bununla bağlı məhkəməyə müraciət edə bilər:

“Ən azından əvvəlcə şəxsdən çəkiliş aparmaq üçün icazə alınmalıdır. Qeyd etdiyimiz şəxslər inzibati xəta törətmiş insanlardır. Bəzən həmin görüntüləri “youtube”a da yükləyirlər və bu da onların hüquqlarının pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikasının Konstitusiyası 32-ci maddəsini bu məsələyə şamil etmək olar: “Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Ümumiyyətlə bu məsələdə müəyyən təzad var. Çünki biz bir qayda pozuntusunun qarşısını almağa çalışarkən başqa bir pozuntu törətmiş oluruq. Bir hüququn təmin olunmasını istəyirik, amma digər hüququ pozuruq”.


Ekspert A.Allahverənov da bildirib ki, şəxsin razılığı yoxdursa, həmin görüntüləri KİV-də yayımlamaq olmaz:

“Mən onun tərəfdarıyam ki, bəzi ictimai məsələlərdə KİV-lərin iştirakı olmalıdır. Bu həm də bir növ PR aksiyasıdır. Məsələn, təhlükəsizlik kəməri taxmayan, içkili avtomobil idarə edən sürücülərə qarşı keçirilən reydlər zamanı və s. ola bilər. Bu zaman çəkiliş qabaqcadan DYP ilə razılaşdırılır. Hansısa şəxs onun efirdə göstərilməsini istəmirsə, xüsusi montaj effekti vasitəsi ilə şəxsin üzünü gizlətmək olar. Şəxsin razılığı yoxdursa, həmin görüntüləri KİV-də yayımlamaq olmaz.

Məsələnin digər tərəfi budur ki, şəxs inzibati xəta törədirsə, onun kameraya çəkilməsi onu məsuliyyətdən azad etmir və ya onun günahını artırmır. Hətta tabeçilik göstərərsə, onun etik yanaşması polis əməkdaşları tərəfindən nəzərə alınır. O nə üçün istəmir ki onu çəksinlər? Biz bir dəfə reyddə bu sualı sürücüyə verdik. O dedi ki, mən istəmirəm respublikada biabır olum. “Respublika sizi tanıyırmı?” dedik. Bildirdi ki, “xeyr, məni yalnız öz yaşadığım kənd tanıyır”.



“Dünyanın hər yerində analoji praktika var. Bu məsələyə insan hüquqları konteksində yanaşsaq, bəli üzü gizlədilməlidir. Efirə gedəcək materialın təyinatı o şəxsi göstərmək yox, inzibati xəta yaradan hərəkəti göstərmək, maarifləndirməkdir.

Məsələn mən efirdə sükan arxasında mobil telefonla danışan sürücülərin cərimələndiyini görəndə artıq özüm bu xətaya yol verməməyə çalışacam. Mənə maraqlı deyil ki, orada cərimələnən kimdir”, - deyə ekspert qeyd edib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #polis   #vəkil   #ekspert   #media   #sürücü   #yol   #efir   #tv   #qanun   #hüquqi_maarifləndirmə  

Oxunub: 5025