Azərbaycan Qlobal İnnovasiya İndeksində iki pillə geriləyib


16:52     07 Noyabr 2019 2019/11/365dc410ef41ed3_1573131215.jpg

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 2019-cu il üzrə dərc olunan Qlobal İnnovasiya İndeksində Azərbaycan 84-cü yerdə qərarlaşıb, halbuki 2018-ci ildə ölkə bu göstərici üzrə 82-ci yerdə idi.


Femida.az-ın məlumatına görə, bunu “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik" mövzusunda keçirilən seminarda çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib.

Onun sözlərinə görə, bu indeks üzrə 5 ilkin subindeks ölkənin imkanlarını əks etdirir.

"Bu göstəricilər üzrə biz insan kapitalı və tədqiqat üzrə 106-cı yerdəyik. 2018-ci ildə biz bundan 6 pillə yuxarıda idik. Elmi tədqiqat araşdırmaları üzrə 90-cı yerdəyik ki, bu göstərici üzrə ötən illə müqayisədə 11 pillə geriləmişik. İKT üzrə isə Azərbaycan 68-ci olub, halbuki bir il əvvəl 19 pillə bundan yüksəkdə idik. İnnovasiya əlaqələri üzrə 79-cu yerdəyik. Bu göstəricilər ürək açmasa da, ümumi inkişaf üzrə Azərbaycan 77-ci yerdə qərarlaşıb. Əgər bu belədirsə, çıxış yolu nədən ibarətdir? Niyə bu istiqamətlər səmərəli istifadə olunmur? Bunu analiz edərkən görürük ki, biz həqiqi mənada imkanlarımızdan istifadə edə bilmirik", - deyə K. İmanov qeyd edib.

Agentliyinin İdarə Heyətinin sədrinin sözlərinə görə, ən pis hal ondan ibarətdir ki, Azərbaycan texnoloji məhsullarını bazara çıxara bilmir: "Əgər bununla ölçülsə, o zaman bizim göstəricilərimiz doğurdan da çox pisdir – 101-ci yer. Bundan bir nəticə də çıxarmaq olar. Yeniliklər kommersiyalaşdırılmır, bazara innovasiya məhsulu kimi çıxarılmır. Bəllidir ki, yenilikçilər iqtisadi artımın əsas hərəkətvericiləridir. Öz növbəsində əqli mülkiyyət innovasiya prosesində nəzərə çarpan rola malikdir".

Femida.az

Açar sözlər:

Oxunub: 396