Nazirliyin “Məşğulluq” altsistemi istifadəyə verilib


12:31     08 Noyabr 2019 sd7j84it0h80ofg1eim3rg9nc4emek-ve-sosial-mudafie-nazirliyi.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi (MAS) istifadəyə verilib.



Femida.az -ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

O bildirib ki, sistem Dövlət Məşğulluq Xidmətlərinin real vaxt rejimində çevikliyinin təmin edilməsinə və əmək bazarı iştirakçıları üçün əlçatanlığının və effektivliyinin, ümumən əmək bazarında rolunun artırılmasına imkan verəcək: "Məqsəd dövlət məşğulluq xidmətlərinin innovativ yanaşmalar və müasir texnologiyalar üzərində keyfiyyətinin və çevikliyinin artırılmasıdır. Altsistem işsiz və işaxtaran vətəndaşlara vakansiya bankına birbaşa çıxış və əmək bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verəcək".

Nazir müavini qeyd edib ki, MAS işsiz və işaxtaranlar barədə real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına da malikdir: "MAS işəgötürənlər üçün də təqdim etdikləri vakant iş yerlərinə vaxt itkisi olmadan qısa vaxt ərzində uyğun namizədi tapa bilməyə, nəticədə işəgötürənlərin bu və ya digər peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının çevik şəkildə ödənməsinə şərait yaradır. Vakant iş yerlərinə göndərişlərin verilməsi prosesi elektron infrastruktur üzərində aparılır ki, bu da işədüzəlmədə və işçi qəbulunda müəyyən vaxt itkisini aradan götürür, müasir iş tərzini, şəffaflığı və bu sahəyə birbaşa nəzarət mexanizmini təmin edir".

Qeyd edək ki, işəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları “Məşğulluq haqqında” qanuna əsasən ən geci 5 (beş) iş günü müddətində vakansiya bankına daxil etməlidirlər. Bunun üçün onlar e-sosial.az ünvanına (yaxud e-gov.az ünvanına) daxil olmalı, “e-Xidmətlər” bölməsində “Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi” elektron xidmətini seçməlidirlər. Bundan sonra “Vakansiyalar” bölməsindəki “Yeni vakansiya” altbölməsində vakant iş yeri barədə məlumatlarını daxil etməlidirlər. Sonda isə “Yadda saxla” düyməsini basmalıdırlar.

İşsiz və işaxtaranlar isə “E-sosial” və ya “e-gov.az” portalı vasitəsilə “Məşğulluq” altsisteminə daxil olur, vakansiyalarla tanış olur və özünün iş üçün müraciət anketini formalaşdırır. Bundan sonra məşğulluq mərkəzinin onun üçün təklif etdiyi işlərdən özünə uyğun olanı seçərək işə dair göndərişi təsdiq edir. Təsdiq edilən göndəriş aidiyyəti işəgötürənə göndərilir və o, işsiz və ya işaxtaranı dəvət edərək onunla əmək müaviləsi bağlayır. İşsiz və işaxtaranlara altsistemdə digər aktiv məşğulluq layihələrindən (özünüməşğulluq və ya “İşsizin DOSTu” proqramı, yaxud peşə hazırlığı, peşəyönümü məsləhət tədbirləri və s.) birini seçmək imkanı da verilir.

Açar sözlər:

Oxunub: 164