Məmmədyarov: "Ermənistan-Azərbaycan münaqişəsi hərtərəfli əməkdaşlığın qarşısını alır"


16:50     09 Noyabr 2019 0elmar.jpg

"2017-ci ildə qəbul edilən "İƏT Baxışı 2025" sənədi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) iqtisadi və sosial gündəliyini zənginləşdirməli və təşkilatın qarşıdakı on il üçün strateji istiqamətini müəyyənləşdirməlidir. Azərbaycan bu islahat prosesini mövcud qurumların səmərəliliyini artıra biləcək və İƏT-in gələcək inkişafına imkan yaradacaq birgə səylər vasitəsilə dəstəkləyir".


Femida.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İƏT-in Nazirlər Şurasının Antalyada keçirilən 24-cü iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, İƏT cari reallıqlarla daim ayaqlaşmalıdır: "Bunu deyərək, təşkilatın fəaliyyətinin yenidən nəzərdən keçirilməsi, İƏT-in müvafiq qurumları tərəfindən bu günə qədər verilmiş əlavə dəyərin qiymətləndirilməsinin zəruriliyini vurğulamaq vacibdir. Biz təşkilatı daha çox layihə yönümlü və daha görünən regional oyunçu kimi potensialını gücləndirməliyik. Proqram və ya layihə istiqaməti üzv ölkələr arasında əməkdaşlığın genişlənməsinə, habelə bölgənin iqtisadi və sosial inkişafına kömək edə bilər. Biz konkret nəticələr verəcək və gələcək islahatların əsası qoyacaq sənədləri qəbul edəcəyimizi gözləyirik".

E.Məmmədyarov həmçinin qeyd edib ki, Azərbaycan iqtisadi əməkdaşlıqla yanaşı, digər sahələrdə də əməkdaşlığa önəm verir: "Bu yaxınlarda 2019-cu ildə İƏT-in Korrupsiyaya Qarşı Mübarizə Agentlikləri və Ombudsmanlarının Əməkdaşlıq Mərkəzinin Əsasnaməsini imzaladıq və ratifikasiya etdik. İƏT əhalisi Azərbaycan üçün dost ailədir. Tarixi münasibətlərimizi yüksək qiymətləndiririk. Əlbəttə, Antalya Komünikesində də əks olunduğu kimi hamımız etiraf etməliyik ki, İƏT bölgəsində həll olunmamış münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi bizim hərtərəfli əməkdaşlığımızın qarşısını alır. Yerindəcə mövcud olan təhdidedici reallıqlar həllini tapmalıdır ki, ölkələr arasında daha çox əməkdaşığa imkan yaransın. Həmçinin kommünikedə əks olunmuş digər mühüm bir müddəa mövcud münaqişələr və birgə təhdidlər də daxil olmaqla bölgədəki digər təzyiqlərin qarşısını almağı nəzərdə tutur. Təəsüf ki, bu sadəcə reallığın siyasi şəkildə əks olunması deyil, həmçinin bölgəmiz üçün iqtisadi imkanların itirilməsi deməkdir. Məsələn, əgər torpaqlarımız Ermənistan tərəfindən işğal olunmasaydı, o zaman İran və Naxçıvan arasında birbaşa dəmir yolu əlaqəmiz ola bilərdi. Bu münasibətlər həmrəylik prinsiplərinə əsaslanırlar və bu daha da güclənməlidir. Siyasi və hərbi təhdidlər, o cümlədən işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətlər aradan qaldırılmasa, regional iqtisadi əməkdaşlıq mümkün deyil. Buna görə 2017-ci il İslamabad Sammitinin Bəyannaməsində bu mövzu ilə əlaqədar vurğulanan məqamlar İƏT üzv dövlətlərinin öz milli və regional fəaliyyətlərində aktuallaşdırılmalıdır".

Femida.az

Açar sözlər:

Oxunub: 515