2020-ci ilin büdcə gəlirləri 24 milyard manat olacaq


13:26     12 Noyabr 2019 19_11_12_1573551695.jpg

“Gələn il üçün Ümum Daxili Məhsulun real iqtisadi artımı 3%, qeyri-neft sektorundan gələn artımlar isə 3,8% proqnozlaşdırılır. Büdcənin ənənəvi sosialyönümlülüyü təmin ediləcək”.

Femida.az azvision.az-a istinadən xəbər verir ki, bunu parlamentdə 2020-ci ilin büdcəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24,134 milyard manat təşkil edəcək: "Bunun 10,605 milyard manatı, yəni 43,9%-i qeyri-neft sektoru üzrə daxilolmaların, 13,53 milyard manatı, yəni 56,1%-i isə neft gəlirlərinin payına düşəcək. Vergi orqanlarının xətti ilə büdcəyə 7,875 milyard manat, gömrük orqanlarının xətti ilə isə 4 milyard manat daxilolmalar proqnozlaşdırılır. Növbəti ildə Azərbaycan Dövlət Neft Fondundan büdcəyə 11,35 milyard manat transfer nəzərdə tutulur. Büdcənin xərcləri isə 26,914 milyard manat təşkil edəcək. Bunun 17,276 milyard manatı cari xərclər, 7,81 milyard manatı əsaslı xərclər, 1,828 milyard manatı isə dövlət borcuna xidmətlə bağlı xərclər olacaq”.

S.Şərifov qeyd edib ki, bu illə müqayisədə növbəti ildə elm xərclərinə 42,1%, təhsil xərclərinə 38,3%, səhiyyə xərclərinə 31,3%, sosial müdafiə və sosial təminat xərclərinə 31,1%, mədəniyyət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinə 29,3%, müdafiə və hüquq mühafizə orqanlarının saxlanması xərclərinə 22,5% çox vəsait nəzərdə tutulub:

“Dövlət büdcəsinin 10,21 milyard manatı konkret proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək. Müdafiə və təhlükəsizliyin təmin edilməsi, məhkəmə hakimiyyəti, o cümlədən hüquq mühafizə orqanları, prokurorluğun saxlanması xərcləri üçün 5,827 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Hərbi qulluqçuların mənzillə təmin olunması, əhalinin güzəştli şəkildə mənzil əldə edilməsi, ipoteka kreditləri ilə dəstəklənən məsələlərə də maliyyənin ayrılması nəzərdə tutulub. Bu tədbirlərin maliyyələşdirilməsi üçün 245 milyon manat vəsait ayrılacaq”.

Femida.az

Açar sözlər: #büdcə  

Oxunub: 738