Ağdamda şəhid Nizami Əliyevin xatirəsi anılıb


12:24     14 Noyabr 2019 2019/11/1573713725529704782_1000x669_1573719912.jpg

Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Nizami Əliyevin xatirəsi anılıb.


Femida.az-ın məlumatına görə, şəhid Nizami Əliyevin ailə üzvlərinin, döyüş yoldaşlarının, mədəniyyət işçilərinin və məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, Zəngişalı kənd mədəniyyət evinin müdiri Fikrət Əliyev, Qarabağ müharibəsi veteranları Məmmədəli İmanov, Saleh Cabbarov, şəhidin anası Nənəxanım Əliyev və sinif yoldaşları çıxış edərək, onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Əliyev Nizami Əsgərxan oğlu 1970-ci il mayın 27-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1988-1990-cı illərdə keçmiş sovet ordusunda xidmət edib. Ermənistanın respublikamıza qarşı təcavüzü başlayanda Nizami Əliyev də silaha sarılaraq Vətənimizin müdafiəsinə qalxıb. 1993-cü il noyabrın 1-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Mərasim iştirakçıları sonra şəhid Nizami Əliyev haqqında hazırlanmış videoslaydı izləyib, məktəblilər kompozisiya göstərib, şəhidlərə həsr edilən şeirlər söyləyiblər.

Femida.az

Açar sözlər: #Şəhid  

Oxunub: 187