Bakıda “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans keçirilir


12:13     15 Noyabr 2019 19_11_15_1573805786.jpg


Bu gün Holday İnn mehmanxanasında Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) birgə təşkilatçılığı ilə “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans keçirilir.

Femida.az xəbər verir ki, Avropa Şurasından olan beynəlxalq ekspertlərin, hüquq alimləri, hakimlərin, vəkillərin və hüquq ictimaiyyətini nümayəndələrinin iştirakı ilə keçirilən konfransda əsas diqqət Avropa Şurasının “Süni intellektin məhkəmə sistemləri və onlarla bağlı münasibətlərdə istifadəsinə dair Avropa Etik Xartiyası”na verilmiş, bu istiqamətdə CEPEJ-nin prezidenti Ramin Qurbanov, Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidentinin köməkçisi Gündüz Kərimov, Hüquq və İnsan Haqları İnstitutunin direktoru Aytən Mustafazadə tərəfindən çıxışlar dinlənilib.

Sonra CEPEJ-nin eksperti Georg Stava tərəfindən adı çəkilən Xartiyanın məzmunu barədə təfərrüatlı təqdimat təqdim olunub. Xüsusilə Xartiyanın prinsipləri – Fundamental hüquqlara hörmət: süni intellektlə əlaqədar metod və xidmətlərin hazırlanması və tətbiqi işi fundamental hüquqlara uyğun gəlməlidir; “İstifadəçi nəzarəti altında” prinsipi: göstərişlərə əsaslanan münasibətlərin qarşısının alınması, istifadəçilərin məlumatlandırılması və seçimlərinə nəzarət edə bilmələrinin təmin edilməsi və digər prinsiplər barəsində misallar çəkilərək məlumat verilib.

Daha sonra digər beynəlxalq və yerli ekspertlərin çıxışları dinlənilib.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tədbirdə Kollegiyanın sədri Anar Bağırov tərəfindən təmsil olunub.

Femida.az

Açar sözlər: #konfrans   #hüquq  

Oxunub: 453