Rouminq tariflərinin azaldılması ilə bağlı iclas


14:37     16 Noyabr 2019 19_11_16_1573893463.jpg

Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən iclas Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" ölkələrinin Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Rouminq üzrə Ekspert İşçi Qrupunun (REWG), Avropa ölkələrinin aidiyyəti dövlət orqanlarının nümayəndələrinin və bu ölkələrin Litva Respublikasında akkreditə olunmuş diplomatik nümayəndələrinin iştirakı ilə baş tutub.


Femida.az-a daxil olan məlumata görə, Azərbaycan tərəfindən iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri ilə yanaşı, ölkəmizin Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri iştirak edib.

İclasın əsas məqsədi "Şərq Tərəfdaşlığı" regionunda rouminq tariflərinin azaldılması məqsədilə 2020-ci ildə imzalanması nəzərdə tutulan Regional Rouminq Sazişinə hazırlıq çərçivəsində görülən işlər barədə fikir mübadiləsinin aparılması olub.

Sözügedən iclas Avropa Komissiyasının dəstəyi, Litva Respublikasının Tənzimləyici Qurumu, eləcə də REWG-ə sədrlik edən Ukraynanın Rabitə və İnformasiyalaşdırmanın Dövlət Tənzimlənməsi üzrə Milli Komissiyasının təşkilatçılığı ilə keçirilib.

Tədbirdə "Şərq Tərəfdaşlığı" ölkələrinin beynəlxalq rouminq sahəsində ən yaxşı təcrübələri araşdırılaraq müqayisə edilib. Həmçinin rouminq bazarı üzrə milli qaydaların yaxşılaşdırılması üçün tənzimləyici platformanın hazırlanması, eyni zamanda Aİ-yə üzv dövlətlərin və tərəfdaş ölkələrin tənzimlənən bazarlarına aid yeni çağırışlar və əldə edilmiş nailiyyətlərə dair geniş müzakirələr aparılıb.

Açar sözlər:

Oxunub: 460