“Qeyri-qanuni miqrasiyaya qarşı ciddi mübarizə aparılır”


18:04     16 Noyabr 2019 vusal%20huseynov.jpg

“Azərbaycan hakimiyyətinin insan alverinə qarşı qətiyyətli mübarizəsi qeyri-qanuni miqrantların ölkə ərazisindən tranzit keçidinin qarşısını əhəmiyyətli şəkildə alır”


Femida.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Brüsselə səfəri zamanı “EurActiv” xəbər portalına müsahibəsində deyib.

Xidmət rəisi bildirib ki, rəhbərlik etdiyi qurum vizaların müddətinin uzadılması, qısamüddətli və uzunmüddətli yaşayış icazələrinin verilməsi, iş icasəzi, vətəndaşlıq, Avropa İttifaqı tərəfdaşları və digər dövlətlərlə imzalanmış müvafiq müqavilələrə əsasən readmissiya ilə bağlı məsələlərin həlli ilə məşğul olur və qeyri-qanuni miqrasiyaya qarşı ciddi mübarizə aparır.

“Avropa İttifaqı ilə Azərbaycan getdikcə bir-birinə daha da yaxınlaşır. Buraya turizm əlaqələrinin yaxşılaşması da daxildir. Azərbaycan vətəndaşları üçün Avropa İttifaqı ən çox arzu olunan hədəflərdən biridir”.

Azərbaycanda “ASAN Viza” sisteminin tətbiqindən söz açan V.Hüseynov bildirib ki, bu xidmət xarici ölkə vətəndaşlarına üç saat, bəzən daha qısa müddət ərzində viza əldə etməyə imkan verir. Həm Avropa İttifaqı ölkələri vətəndaşlarının Azərbaycana səfər etməsi, həm də Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfər etməsi üçün viza lazımdır.

DMX rəisi vurğulayıb ki, Avropa İttifaqı ölkələrinə səfər edən Azərbaycan vətəndaşları üçün viza məsələsi bir qədər çətin proses olsa da, bu istiqamətdə kifayət qədər inkişaf var.

Müvəqqəti və ya daimi yaşama icazəsinə gəlincə, V.Hüseynov bildirib ki Azərbaycan xarici vətəndaşların qeydiyyatdan keçməsini asanlaşdırmaq üçün böyük səy göstərir. Bunun üçün “Migaz” mobil tətbiqetməsi istifadəçilərin ixtiyarına verilib.

Xidmət rəisi, həmçinin readmissiya haqqında danışıb. Vurğulayıb ki, Avropa İttifaqının əsas tələbi son nəticədə qonşuluğunda olan üçüncü ölkələrlə vizasız gediş-gəlişə nail olmaqdır.
Onun sözlərinə görə, 2014-cü ildə readmissiya haqqında razılaşmanın imzalanmasından indiyədək Avropa İttifaqı ölkələrində 1300 azərbaycanlı vətəndaşlığa qəbul olunub. Readmissiya Avropa İttifaqı ölkələrinin tələbləri əsasında həyata keçirilir. İndiyə qədər 3000 tələbə baxılıb, yerdə qalanları isə nəzərdən keçirilir.

“Vizasız gediş-gəliş bizim də həyata keçməsini istədiyimiz prosesdir. Lakin bu, təkcə bir ölkədən asılı deyil, bütün tərəflərin güclü iradəsini tələb edir”.

Digər ölkələrdən miqrasiya ilə bağlı Azərbaycana edilən təzyiqlərlə bağlı sualı cavablandıran V.Hüseynov Əfqanıstanı xüsusilə qeyd edib və əlavə edib ki, bəzi Əfqanıstan vətəndaşları Azərbaycanda sığınacaq almaq üçün müraciət edirlər və əgər buna nail olurlarsa, ölkədə qalırlar.

Bundan əlavə, V.Hüseynov Azərbaycan vasitəsilə Qərbə getməyə çalışam imiqrantların əsasən Banqladeş və Şri-Lanka kimi Cənub-Şərqi Asiya ölkələrindən olduğunu diqqətə çatdırıb.

İnsan alveri ilə məşğul olan beynəlxalq cinayətkar dəstələrin fəaliyyəti barədə suala cavabında DMX rəisi deyib ki, belə hallar müəyyən edilir və yerindəcə lazımı tədbirlər görülür. Lakin, bu cür halların sayı elə də çox deyil.

“Azərbaycanda təhlükəsizliyə çox ciddi nəzarət olunur. Bu cür halları aşkara çıxarmaq üçün bizim kifayət qədər imkanlarımız var. Əlbəttə, bu biraz da profilaktik xarakter daşıyır. Ölkəni tranzit nöqtəsi kimi istifadə etmək niyyətində olanlar bilirlər ki, bunun üçün imkanlar məhduddur, çünki Azərbaycanda güclü mühafizə sistemi mövcuddur”.

Qanunsuz miqrant axını ilə üzləşən Avropa ölkələrinə gəlincə, Xidmət rəisi hesab edir ki, Avropa İttifaqı müvafiq ölkələrdə potensial miqrantların Aİ-yə qanunsuz şəkildə keçib sığınacaq üçün müraciət etdiyi təqdirdə, hansı risklə üzləşə biləcəkləri ilə bağlı məlumat kampaniyalarına investisiya qoymalıdır.

“Həmin miqrantların böyük qismi güman edirlər ki, sığınacağa müraciət etmiş şəxslər varlı Avropada çox yaxşı şəraitdə yaşayacaqlar, ancaq ağılarına da gətirmirlər ki, onlar bir gün təyyarəyə mindirilib, vətəndaşı olduğu ölkəyə geri göndərilə bilərlər”.

Xatırladaq ki, bu yaxınlarda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Belçika Krallığının İmmiqrasiya İdarəsinin baş direktorunun dəvəti əsasında Belçika Krallığına səfər edib. Səfər zamanı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Belçika Krallığının Daxili İşlər üzrə Federal İctimai Xidmətinin İmmiqrasiya İdarəsi arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Xidmət rəisi, səfər çərçivəsində Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş Direktorluğunun rəhbəri xanım Paraşkevi Mihu ilə də görüş keçirib.


Femida.az

Açar sözlər: #Miqrasiya  

Oxunub: 915