Ədliyyə sahəsində mühüm yeniliklər: İdarə rəisləri sualları cavablandırdı


15:18     20 Noyabr 2019 19_11_20_1574248747.jpg

Azərbaycanda məhkəmə-hüquq sahəsindəki islahatların bir qolu kimi Ədliyyə Nazirliyi ilə dövlət qurumlarının elektron inteqrasiyası həyata keçirilir.

Femida.az-ın məlumatına görə, bu gün Bakı Konqres Mərkəzində baş tutan “Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda ictimai təqdimatda bu barədə ictimaiyyətə məlumat verilib. Təqdimatdan sonra mətbuat konfransı keçirilib. Tədbirdə iştirakçıları maraqlandıran bir sıra suallar cavablandırılıb.

Elektron Hökumətin İnkişafı Mərkəzinin sədr müavini Mehdi Cavadov bildirib ki, Ədliyyə Nazirliyi ilə inteqarasiya sayəsində vətəndaşlar nazirliyə elektron sorğu göndərə bilir, ailə tərkibi haqqında məlumatlara düzəlişlər edə bilir. “Mygov”da 19 xidmət fəaliyyət göstərir. Artıq nikahın və doğumun qeydə alınması elektron qaydada aparılır. Uşağa hansı ad verilməsi, soyadının müəyyənləşdirilməsi kimi proseslər üçün də artıq Ədliyyə orqanlarına getməyə gərək yoxdur. Avtomobillər üçün etibarnamələr elektron qaydada verilir. Heç bir idarəyə getmədən, sadəcə vətəndaş evindən bu kimi bir çox prosesi həyata keçirə bilir.

Probasiya Xidmətinin rəisi Aqşin Ziyadov elektron qolbağlarla bağlı bildirib ki, azadlığı məhdudlaşdırılan şəxslərə məhz bu qolbağlar vasitəsi ilə nəzarət olunur. Həmin şəxslərə adətən yaşadığı rayonun ərazisindən kənara çıxmağa icazə verilmir. Yalnız o halda icazə verilə bilər ki, onların iş yeri qonşu rayonlarda yerləşsin. Bu halda onlara qonşu rayona getməyə icazə verilir.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz elektron məhkəmə qərarının Dövlət Sərhəd Xidməti tərəfindən icra olunmadığı barədə irad bildirib. Bununla bağlı Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov bildirib ki, bu sahədə problem yoxdur:

“Bizm DSX ilə elektron inteqrasiyamız artıq bir neçə ildir ki, mövcuddur. Məlumat müdbadiləsi elektron formada aparılır. Yaxud xəstəxanada uşaq doğulan kimi Səhiyyə Nazirliyindən bizə məlumat gəlir. Biz isə ananın qeydiyyatda olduğu bölgə idarəsinə müvafiq məlumat veririk. 1 ay ərzində qeydiyyatla bağlı valideynlər idarəyə gəlməzsə, yaşayış ünvanına bildiriş göndəririk. Eləcə də artıq polis sizi saxlayanda sizdən etibarnamə tələb etmir. Çünki etibarnamələrin elektron bazası Daxili İşlər Nazirliyində mövcuddur”.

İKT Baş İdarəsinin rəisi Ağakərim Səmədzadə isə bildirib ki, hakimlər ona lazım olan arayışları elektron formada əldə edə bilir:

“Hakim bircə “enter” düyməsini basmaqla vətəndaşın əmlakı barədə məlumat əldə edə bilir. Sərhədi keçib-keçməməsi barədə informasiya alır. 20-ə yaxın qurumla inteqrasiya etmişik. Bütün bunları son 3-4 ayda görmüşük. Vahid Məhkəmə Portalında jurnalistlər üçün bir çox maraqlı materiallar var”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #ədliyyə   #islahat   #konfrans  

Oxunub: 1256