Müharibə veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub


21:28     20 Noyabr 2019 2019/11/8E9346EA-BBD3-466B-905E-1C33C6464365_1574270987.jpeg

Noyabrın 20-də Goranboy rayonunun Heydər Əliyev Mərkəzində müharibə veteranı, istefada olan mayor Telman Orucova Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunduğu “Azərbaycan Bayrağı” ordeni təqdim edilib.

Femida.az xəbər verir ki, Müdafiə Nazirliyi rəsmilərinin, Goranboy rayonu İcra Hakimiyyəti rəhbərliyinin, hüquq-mühafizə orqanları, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir başlamazdan öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda əldə edilən nailiyyətlərdən geniş söhbət açıb. O, qeyd edib ki, bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur və istənilən tapşırığı yerinə yetirməyə hər an hazırdır.

2016-cı ilin aprel döyüşləri və 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədlərində aparılan uğurlu əməliyyatlar zamanı min hektarlarla ərazilərimizin nəzarətə götürülməsi, mühüm strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsi Azərbaycan Ordusu tarixinin parlaq səhifələrindəndir. Bu əməliyyatlarda Goranboy rayonundan olan hərbi qulluqçular da öhdələrinə düşən əmr və tapşırıqları layiqincə yerinə yetiriblər.

Tədbirdə vurğulanib ki, goranboylular həmişə doğma torpaqlarını etibarlı şəkildə müdafiə edərək, düşmən hücumlarının qarşısını mərdliklə alıblar. 9 nəfər goranboylu döyüşçü “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Bu gün bütün qoşun növlərində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində yüzlərlə goranboylu Vətənə layiqincə xidmət edir. İldən-ilə gənclər hərbi peşələrə daha böyük maraq göstərir və talelərini Vətənə xidmət peşəsinə həsr edirlər. Müharibə veteranları, şəhid ailələri, döyüşlərdə sağlamlıqlarını itirənlər dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub.

Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək tədbir iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin salamlarını yetirib və bildirib ki, nazirliyin rəhbərliyi hər bir hərbi qulluqçunun xidmətini həmişə yüksək qiymətləndirir, istefada və ehtiyatda olan hərbçilərimiz də diqqətdən kənarda qalmır. Keçən əsrin doxsanıncı illərinin əvvələrində döyüş orden və medallarına təqdim olunmalarına baxmayaraq, hələ də layiq görüldükləri dövlət mükafatlarını almayan hərbi qulluqçuların sənədləri müvafiq komissiya tərəfindən yenidən araşdırılıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə ehtiyatda və istefada olan bir qrup hərbi qulluqçu da təltif edilib. Onlardan biri də istefada olan mayor Telman Orucovdur.

Könüllü olaraq milli orduda əsgər kimi xidmətə başlayan T.Orucov Goranboy istiqamətində aparılan əməliyyatların fəal iştirakçılarından olub. Manqa komandirindən hərbi hissənin artilleriya rəisi vəzifəsinə və “mayor” hərbi rütbəsinə qədər yüksələn T.Orucovun rəhbərlik etdiyi artilleriya bölmələri düşmənin 2 top, 3 tank, 1 helikopter və 40-dan çox canlı qüvvəsini məhv edib. İçərisində 20 nəfərdən çox polis əməkdaşı olan milli aviasiyamıza məxsus helikopterin düşmən mühasirəsindən çıxması da onların şücaəti ilə bağlıdır. 28 ildən sonra müharibə veteranı, onun doğmaları və həmyerliləri ədalətin bərpa olunmasına görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. “Azərbaycan Bayrağı” ordeni alqışlar altında keçmiş döyüşçüyə təqdim edilib.

T.Orucovun silah yoldaşları adından Azərbaycanın Milli qəhrəmanları Maşallah Abdullayev, Məhəmməd Həsənov, ziyalıların nümayəndəsi Namiq Məmmədov və digərləri çıxış edərək onu təbrik edib, bu gün də Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını vurğulayıblar.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 278