İslahat dalğası: Yenilənən Məhkəmə-Hüquq sistemi


10:00     21 Noyabr 2019 2019/11/46288058_10210318787364607_3640133573912035328_o_1574318915.jpg


Amin Nəzərli


Cəmiyyət olaraq hər şeyin dərhal baş verməsini istəyirik. Nəsə sifariş verəndə tez gəlsin, hər hansı qərar çıxanda tez icra olunsun. Qərarın icrasının operativ olması hardasa başa düşüləndir. Amma böyük bir islahat dalğasının tez bir zamanda reallaşması dünya təcrübəsində yoxdur. İslahat aylarla, rüblərlə, bəzən illərlə davam edir, nəticələr isə özünü uzunmüddətli göstərir.

Prezident tərəfindən verilən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel fərmanının üzərindən cəmi 7 ay keçib və fərmanın təsiri mərhələ-mərhələ özünü göstərməkdədir.

Fərmandan sonra məhkəmə-hüquq sahəsində hansı işlər görülüb, hansı dəyişikliklər olub, qısaca baxaq.

Məhkəmə-Hüquq Şurasının son iclasında qanunvericiliyin pozulması və süründürməçilik hallarına görə 4 hakimə töhmət verildiyi açıqlandı. Hakim adına ləkə gətirən Suraxanı Rayon Məhkəməsinin hakimi Ramil Həsənovun hakimlik səlahiyyətlərinə xitam verildi, 2 hakim barədə intizam icraatları başlanıldı. Bu, ilin ilk analoji prosesi deyildi. İyulda Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri Natiq Abbasov və hakimi Kamil Rzayev, Göygöl Rayon Məhkəməsinin hakimi Rafiq Məmmədov tutduğu vəzifədən azad olunmuşdu. Mayda isə bənzər səbəblərdən Tərtər rayon məhkəməsinin hakimi Mübariz Məmmədovun hakimlik səlahiyyətlərinə xitam verilmiş, Quba rayon məhkəməsinin hakimi Zamin Tahirovun vəzifədən azad olunmuşdu. Həmçinin korrupsiya və süründürməçiliyə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilmişdi.

Cəmiyyətin də bu sahədəki birinci tələbi də elə budur: Rüşvətxor, vəzifə səlahiyyətlərindən sui-istifadə edən hakimlərin ümumiyyətlə bu sistemdən uzaqlaşdırılması və hakimlərin sayının şəffaf müsabiqə yolu ilə çoxaldılması. Düzdür, hələ də vicdanla çalışmayan hakimlər var. Amma bütün hakimləri bir anda işdən çıxarmaq olmaz. Yenilənmə pillə-pillə aparılmalıdır.

Fərmandan irəli gələrək, artıq məhkəmə hakimlərinin 200 nəfər artırılması prosesinə start verilib. Bu, birbaşa onların iş yükünün azaldılması və öhdəliyində olan işlərə daha diqqətlə baxması deməkdir. Artıq 200-dən çox namizəd arasında imtahanlar keçirilib və 81 nəfər növbəti mərhələyə vəsiqə qazanıb. Daha 250 hüquqşünas bu şənbə hakim olmaq üçün test imtahanına girəcək. Ən əsası bu imtahanda şəffaflıq pik səviyyədə təşkil olunub. Çünki imtahanın gedişatı onlayn qaydada canlı yayımlanacaq. Namizədlər sualları kompüter vasitəsilə fərdi qaydada cavablandıracaq və nəticələr dərhal bilinəcək. Ki, bu da imtahan nəticələrinin dəyişdirilmə ehtimalını sıfıra endirir.

Əvvəllər xüsusilə bölgə məhkəmələrində infrastruktur pis vəziyyətdə idisə, indi artıq Bakı-region fərqi qalmayıb. Artıq hüquq mühafizə orqanlarının inzibati binaları bütün ölkə üzrə eyni standartlara uyğun qurulur.

Elektron məhkəmə sistemi qurulub. Artıq məktublaşma dövrü tarixə qovuşur, vətəndaşlar proseslərin yeri və vaxtı barədə özü sistemə girib məlumat alır. Bütün lazımi əməliyyatlar, məhkəməyə lazım olan arayışlar, sorğular elektron qaydada və operativ şəkildə əldə ediləcək.

Azərbaycan tərəfindən hazırlanan ictimai işlərə nəzarət qurğusu qısa zamanda dünya bazarına çıxacaq. Bu qurğu ictimai işlərə cəlb olunan məhkumların yanına nəzarətçi qoymadan həqiqətən işini yerinə yetirməyə imkan verir.

Qısa müddətdə artıq mobil telefon vasitəsi ilə etibarnamə vermək mümkün olacaq. Mobil tətbiq ilə avtomobili hər hansı şəxsə etibar edə biləcəksiz.

Bu gün artıq vəkillərin sayı 1700-ə nəfərə yaxınlaşır. Vəkillər Kollegiyası bölgələrə səfərlər edir, vətəndaşlara pulsuz hüquqi yardım göstərilir. Kollegiya ictimaiyyətə tam açıq bir quruma çevrilib.

Prokurorluq və ədliyyə orqanları əvvəlki qapalı, qatı görüntüsündən xilas olub. Mediaya açıq çalışmağa və məlumatları operativ şəkildə çatdırmağa başlayıblar.

Bütün bu dəyişiklikləri görməmək ən azından haqsızlıq olar. Odur ki, məhkəmə-hüquq islahatlarının tam effektini görmək üçün iki şey lazmdır: hadisələrə yaxşı tərəfindən baxmaq və bir qədər də zaman...

Femida.az

Açar sözlər: #ədliyyə   #məhkəmə   #hüquq   #islahat   #femida  

Oxunub: 2125