Beynəlxalq ikili diplomlarla bağlı yeni qaydalar təsdiqləndi


10:41     21 Noyabr 2019 19_11_21_1574318518.jpg


“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları” təsdiq edilib.


Femida.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov tərəfindən təsdiq olunan Qaydalara əsasən, beynəlxalq ikili diplom proqramının təşkili və həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), xarici və yerli hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına bu Qaydalarla müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir.

Beynəlxalq ikili diplom proqramının təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.

Ölkədaxili təyinatlı ödənişlər üzrə maliyyələşdirmə Azərbaycan manatı ilə, ölkəxarici təyinatlı ödənişlər üzrə maliyyələşdirmə xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə aparılır.

Beynəlxalq ikili diplom proqramının həyata keçirilməsi ilə bağlı yerli və xarici tərəfdaş ali təhsil müəssisələri arasında imzalanmış müqavilə (bundan sonra – ikitərəfli müqavilə), onun imzalanmasına dair qarşı tərəfin qanunvericiliyində buna dair tələb olduğu halda, aidiyyəti qurumunun razılıq məktubu və ikitərəfli müqavilənin başlamasına dair Nazirliyin müvafiq əmri maliyyələşdirmənin aparılması üçün əsasdır. Ödəmələr bu Qaydaların 2.1-ci bəndində göstərilən istiqamətlər üzrə ikitərəfli müqavilələrdə nəzərdə tutulduğu halda həyata keçirilir.

Femida.az

Açar sözlər: #diplom   #təhsil  

Oxunub: 524