"220 cinayətkar Azərbaycana ekstradisiya edilib" - Dövlət müşaviri


13:15     21 Noyabr 2019 2019/11/adil_ebilov_1574324341.jpg


"Avropa, Asiya və Afrika qitələrindən olan dövlətlərin Ədliyyə nazirlikləri ilə imzalanmış memorandumların sayı 33-ə çatıb".

Femida.az xəbər verir ki, bu fikirləri Ədliyyə Nazirliyinin Beynəlxalq
əməkdaşlıq idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Adil Əbilov deyib. Onun sözlərinə görə, e-ədliyyə, e-məhkəmə, probasiya və mediasiya ilə bağlı müddəaları özündə ehtiva edən bu beynəlxalq sənədlərin imzalanması həmin dövlətlərlə hüquqi sahədə münasibətlərin təşviqinə təkan verir hüquqşünasların ixtisasının artırılmasına xidmət edən qarşılıqlı səfərlərin həyata keçirilməsinə zəmin yaradır:

"Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası adından 18 dövlət ilə hüquqi yardımın müxtəlif sahələrinə aid 43 beynəlxalq müqavilə imzalanıb. Bunlar əsasən mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, habelə ekstradisiya (təslimetmə) və məhkumların verilməsi haqqında müqavilələrdir. Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq cinayət hüququnun qədim institutlarından olan cinayət törətmiş şəxslərin təslim edilməsinə – ekstradisiyasına dair bir sıra dövlətlərlə ikitərəfli müqavilələr bağlanılıb, habelə 50 dövlət tərəfindən ratifikasiya olunmuş "Ekstradisiya haqqında" 1957-ci il tarixli Avropa Konvensiyasının iştirakçısı olmaqla həmin dövlətlərlə səmərəli əməkdaşlıq edilir. Həmin sənədlər cinayətkarlığın yayılmasının qarşısının alınması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması və bununla da ədalət mühakiməsinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir".

"Azərbaycan dövləti universal və regional konvensiyalardan irəli gələn vəzifələrin icrası ilə yanaşı, cinayətkarlıqla mübarizəyə xüsusi önəm verərək ekstradisiya haqqında xüsusi qanun qəbul edib ki, bu da xarici tərəfdaşlarımızla bu sahədə müqavilə olmadan belə əməkdaşlıq etməyə imkan verir. Bütün bunlar cinayətkarların özünü təhlükəsizlikdə hiss etmələrinin qarşısını alan çox mühüm təsirli mexanizm olmaqla cəzanın labüdlüyü prinsipini təmin edir. Sözügedən sənədlərə əsasən həyata keçirilən əməkdaşlıq çərçivəsində son dövrdə 220-dək cinayətkar şəxslərin Azərbaycana ekstradisiya edilməsinə nail olunub".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #ədliyyə   #qanun   #ekstradisiya  

Oxunub: 1419