Azərbaycan ədliyyəsi böyük inkişaf yolunda - 101 ildə keçilən şanlı tarixi yol


18:04     21 Noyabr 2019 2019/11/edliyye-101_1574338091.jpg

Ədliyyə Nazirliyinin Səbail rayon qeydiyyat şöbəsinin rəisi, baş ədliyyə müşaviri İradə İsgəndərova 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı münasibətilə məqalə yazıb.


Femida.az məqaləni təqdim edir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı hər il ölkəmizdə təntənəli surətdə qeyd olunur.

1918-ci il noyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Nizamnaməsi təsdiq edilib. Məhz buna görə də ulu öndər Heydər Əliyev həmin tarixi ədliyyə işçilərinin peşə bayramı kimi elan edib. Bu tarix təkcə bu orqanda çalışanlar üçün deyil, eyni zamanda, bütün hüquqşünaslar üçün əlamətdardır.

Tarixə nəzər yetirsək görərik ki, 1920-ci il sovet işğalından sonra dəfələrlə ləğv edilib səlahiyyətləri ayrı-ayrı dövlət orqanlarına həvalə edilmiş Ədliyyə Nazirliyinin yenidən dövlətçiliyin vacib sütunlarından biri kimi təsis edilməsi bilavasitə ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1969-cu ildə Ulu Öndər Azərbaycan rəhbərliyinə gəldikdən sonra - daha dəqiq isə 1970-ci il 27 oktyabr tarixdə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilib. Bununla da ölkə ədliyyəsi tarixində yeni mərhələ başlayıb.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra bütün sahələrdə olduğu kimi, hüquq sahəsində də islahatların həyata keçirilməsi, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşdırılması, daha mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılması günün tələbinə çevrilib, ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilib.

1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, daha sonra Hüquqi İslahat Komissiyasının yaradılması və səmərəli fəaliyyəti, qısa müddətdə məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbulu ölkədə ədliyyə sisteminin sürətli inkişafına zəmin yaradıb, Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılaraq nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilib.

2003-cü ildən ümummilli lider Heydər Əliyevin hüquq siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin insan hüquqlarının etibarlı qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hüquqi xidmətin yaxşılaşdırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısı tərəfindən nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq cəmiyyətdə mühüm rolu təsbit edilib, ona hüquq-mühafizə orqanı statusu verilib. Ədliyyə və məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi barədə proqram xarakterli fərmanların imzalanması, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunların qəbul olunması, ədliyyənin inkişafı üzrə xüsusi Dövlət Proqramının təsdiq edilməsi ədliyyənin inkişafına mühüm təkan verib.

Ədliyyə sahəsində aparılmış islahatlara uyğun olaraq yeni qurumlar - Ədliyyə Akademiyası, Bələdiyyələrə inzibati nəzarət idarəsi, müxtəlif reyestrlər, o cümlədən Əhalinin, Hüquqi Aktların və Qüvvədən düşmüş sənədlərin dövlət reyestrləri, habelə regional ədliyyə şöbələri yaradılıb, ədliyyə infrastrukturu yaxşılaşdırılıb.

Azərbaycan Respublikası Milli Məclisinin 2006-cı il 26 may tarixli iclasında qəbul edilən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluqkeçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edib. Qanunda ədliyyə işçilərinin əsas hüquqları genişləndirilib, vəzifələri dəqiqləşdirilməklə məsuliyyətləri artırılıb, həmçinin onların sosial müdafiəsinin gücləndirilməsi, maddi təminatının möhkəmləndirilməsi məsələləri əksini tapıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il avqustun 17-də imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərman əsasında aparılan islahatlar çərçivəsində Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri dəqiq müəyyənləşdirilib, onun cəmiyyətdə rolu və əhəmiyyəti daha da artıb, nazirliyin üzərinə yeni məsul vəzifələr qoyulub, yeni struktur qurumlar yaradılıb.

İslahatların bu mərhələsində məhkəmə və ədliyyə orqanlarının inkişafının əsas məqsədləri əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, yeni nəsil hakim və hüquqşünasların formalaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın və etimadın artırılması, məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının daha da asanlaşdırılmasıdır. İslahatlar hüquq sisteminin təkmilləşdirilməsi, həmçinin əhaliyə göstərilən notariat və digər hüquqi xidmətlərin, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, məhkəmə ekspertizasının, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin müasir tələblər səviyyəsində qurulmasına yönəlib.

Ölkəmizin ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim dövlətimizin başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Ədliyyə sahəsində tətbiq olunan yeniliklərin hər biri xalqımızın mənafeyinə, vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Ölkə vətəndaşları bu dəyişiklikləri öz gündəlik həyatlarında da açıq-aşkar hiss edərək qiymətləndirirlər.

Bildiyimiz kimi, Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması sahəsidir. Bu təkmilləşdirmə, müasir texnologiyaların tətbiqi, hüquqi və innovativ islahatlar bu sahəyə də tətbiq edilib. Belə ki, “Vətəndaşlıq Vəziyyəti Aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sisteminin formalaşdırılması hüquq və informasiya sahələrində daxili və beynəlxalq təcrübəni nəzərə almaqla müasir proqramlaşdırma mühiti və yeni informasiya mühafizəsi metodları əsasında sistemin fəaliyyətini təmin edən tətbiqi proqram təminatı 2008-ci il iyulun 1-dən etibarən tam gücü ilə istifadəyə verilib.

Qanun üzrə hüquq və vəzifələrin meydana gəlməsi, dəyişdirilməsi və onlara xitam verilməsinə səbəb olan hadisələr və vətəndaşların hərəkətləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vasitəsilə rəsmiləşdirilir.

Fiziki şəxsin hüquqi statusu və onun qeydiyyatı mülki hüquq münasibətlərinin yaranmasının əsasını təşkil edir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, sosial-müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin olunması, əhalinin mənəvi sağlamlığının müdafiə edilməsi və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının ərazisində hazırda 99 rayon (şəhər) və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri fəaliyyət göstərir.

Bu gün qeydiyyat orqanları tərəfindən əksər xidmətlər məhz elektron formada göstərilir. Bu isə öz növbəsində bir çox rəsmi xidmətləri asanlaşdırmaqla, eyni zamanda, dövlət orqanlarının işini şəffaf və açıq şəkildə həyata keçirmələrinə imkan yaradır.

Tətbiq olunan yeniliklərdən biri kimi nikaha daxil olma yaşının bərabərləşdirilməsi və erkən nikahın qarşısını almaq üzrə profilaktik tədbirlərin gücləndirilməsini qeyd etmək olar. Bu gün erkən nikahlara qarşı maarifləndirici mübarizə tədbirləri geniş miqyas alır, bu istiqamətdə olduqca ciddi addımlar atılır.

Bildiyimiz kimi, nikah və onunla əlaqəli hüquqi məsələləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi tənzimləyir. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. 2011-ci ilə qədər ölkəmizdə nikah yaşı qadınlar üçün 17, kişilər üçün isə 18 olsa da, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2011-ci il noyabrın 15-dən etibarən Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən nikah yaşı kişi və qadınlar üçün 18 yaş müəyyən olunub. Belə ki, bəzi üzrlü səbəblər olduqda müvafiq icra hakimiyyəti orqanı nikah yaşının bir ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu mütərəqqi qanunvericilik dəyişikliyi Azərbaycanda ailə dəyərlərini qorumaqla yanaşı, dünyəvi cəmiyyətin inkişafı üçün mühüm addım idi.

Lakin nikaha daxil olmanın yaş həddinin müəyyən edilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan şəxslərin nikaha daxil olma faktları mövcuddur və onların qarşısının alınmasında dövlət orqanları müəyyən çətinliklərlə üzləşirlər. Bunun əsas səbəbi həmin nikahların dövlət qeydiyyatından kənar bağlanmasıdır. Bu istiqamətdə qeydiyyat orqanları mütəmadi olaraq valideynlər, müəllim və məktəb psixoloqları və şagirdlər arasında erkən nikahların fəsadları və bunun qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər həyata keçirir.

Eyni zamanda, erkən nikahlar bağlanarkən həmin şəxslər bir qayda olaraq müsəlman hüququnu - şəriəti rəhbər tutaraq din xadimlərinə müraciət edirlər. Bəzən belə nikahları Qafqaz Müsəlmanları İdarəsinin nəzarətindən kənar fəaliyyət göstərən din xadimləri həyata keçirirlər. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının göstərişinə əsasən, nikaha daxil olan şəxslərin yaş həddi Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş yaş həddinə uyğunlaşdırılıb və din xadimlərinə dini nikahların bağlanmasına yalnız nikah haqqında şəhadətnamənin təqdim edilməsindən sonra icazə verilib.

Hazırda dövlətimizin qarşımıza qoyduğu əsas tələblərdən biri vətəndaş məmnunluğudur. Bunun bariz nümunəsi dövlət başçısının təşəbbüsü ilə yaradılmış və artıq Azərbaycan brendinə çevrilmiş “ASAN xidmət” mərkəzlərini misal gətirmək olar. Bu mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 17 dekabr tarixli Fərmanına əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb 2015-ci ilin yanvarın 1-dən qüvvəyə minib. Bu məsələ ilə bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu xüsusilə qeyd edilməlidir. Nazirlər Kabinetinin 2015-ci 28 aprel tarixli 122 nömrəli qərarı ilə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə müvafiq səhiyyə müəssisələrində, “ASAN xidmət” mərkəzlərində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müvafiq tibb müəssisələrində həyata keçirilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların Qeydiyyat şöbələrinə nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Qeyd edilməlidir ki, qanunvericilikdə edilən bu dəyişiklik olduqca mühüm olmaqla, gələcəkdə baş verə biləcək xəstə uşaqların doğulması hallarının qarşısını alır və evlənən cütlüklər bir-birinin sağlamlığı barəsində məlumat əldə etməsinə zəmin yaradır.

Bundan əlavə, dövlət orqanları arasında elektron sənəd və informasiya mübadiləsi, o cümlədən vahid bazanın yaradılması vətəndaşlara qısa zamanda və tam şəffaf xidmət göstərməyə imkan yaradıb. Burada Ailə Məcəlləsinin 166-cı maddəsinə əsasən doğumun qeydə alınması qaydası qeyd etmək yerinə düşər. Belə ki, doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Səhiyyə Nazirliyinə, daha sonra isə məlumat informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür.

Eyni zamanda, qeyd olunması zəruri olan yeniliklərdən biri də bu il sentyabrın 1-dən etibarən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılmasıdır.

Hazırda ölkəmizdə istifadə olunan şəxsiyyət vəsiqələri 1994-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna əsasən tətbiq olunur. Texnologiyanın inkişafı, tanıma cihazlarının, informasiya oxuyan vasitələrin yaradılması, həmçinin cihaz tərəfindən oxuna bilən elektron informasiya çeşidlərinin artması elektronlaşan ictimai vasitələr sırasına şəxsiyyət vəsiqəsinin də əlavə edilməsinə zərurət yaradır.

Dövlətimizin başçısı İlham Əliyev 2012-ci il fevralın 8-də “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Fərman və bu istiqamətdə görülən tədbirlərin sürətləndirilməsi məqsədilə 2014-cü il noyabrın 28-də “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədi daşıyır.

Elektron daşıyıcısı (çipi) olan yeni nəsil şəxsiyyət vəsiqələrinin bir özəlliyi də onlara şəxsiyyət vəsiqəsi sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatların daxil edilməsidir. Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin elektron sənədlərin imzalanmasında da istifadə ediləcək.

Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstündür. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Hər il 15 may - Beynəlxalq Ailə Günü münasibətilə VVAQ şöbələri tərəfindən tədbirlər keçirilir. Azərbaycan ailəsinin öz iradəsi, mərdliyi, saflığı ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynadığını, ailənin firavanlığının və xoşbəxtliyinin ölkənin tərəqqisinin əsas göstəricisi olduğunu nəzərə alaraq, Beynəlxalq Ailə Günündə VVAQ şöbələri tərəfindən nikahları yeni qeydiyyata alınmış şəxslərə nikah şəhadətnamələri paylanılaraq insan həyatının ailədən başlandığı və buradan onun bir vətəndaş kimi formalaşması diqqətə çatdırılır.

Eyni zamanda, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə VVAQ şöbələrinin iştirakı ilə hər il silsilə tədbirlər keçirilir. Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib. Elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb və dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir. Ənənəvi olaraq həmin gün valideynlərə yeni doğulmuş uşaqları üçün təntənəli şəkildə doğum haqqında şəhadətnamələr təqdim edilir.

Qeyd etmək istərdim ki, ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Dövlətimizin başçısı İlham Əliyev müasir Azərbaycan dövlətinin həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək deyib: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.

Beləliklə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 101 illik tarixi dövr ərzində zəngin, keşməkeşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatıb, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilib, səlahiyyətləri xeyli genişlənib, cəmiyyətdə nüfuzu daha da yüksəlib. İldən-ilə ölkəmizdə aparılan hüquqi islahatlarda biz - ədliyyə işçilərinin də fəal iştirak etməsi qürurverici hal olmaqla, bizlərdə fərəh hissi yaradır. İnanırıq ki, Azərbaycan ədliyyəsinin uğurları davamlı olacaq.(Azertac)

Femida.az

Açar sözlər: #Ədliyyə  

Oxunub: 758