Azərbaycanda hər bir uşağın hüquq və mənafeyi qorunur


18:49     21 Noyabr 2019 2019/11/1615743258225638519667_1000x669_1574344574.jpg

Noyabrın 21-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi” mövzusunda konfrans keçirilib.


Femida.az xəbər verir ki, ombudsman Elmira Süleymanova noyabrın 20-nin Ümumdünya Uşaq Günü kimi qeyd olunduğunu deyib. Ombudsman bildirib ki, ölkəmizdə keçirilən tədbirlər uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verir.

Uşaq Hüquqları üzrə Konvensiyanın 30-cu ildönümünün qeyd olunduğunu deyən Elmira Süleymanova konvensiyanın məqsədi, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasında, “Uşaq hüquqları haqqında” Qanunda və digər milli qanunvericilik aktlarında nəzərdə tutulmuş hüquq və vəzifələr, uşaq hüquqlarının müdafiə mexanizmləri barədə məlumat verib.

Ombudsman çıxışında uşaqların sağlamlığına, təhsilinə, layiqli vətəndaş kimi hərtərəfli inkişafına yönəlmiş tədbirlər həyata keçirildiyini, bu istiqamətdə uğurlu islahatlar aparıldığını diqqətə çatdırıb.

Müvəkkil uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədilə Azərbaycan Uşaqlarının Ümumrespublika forumlarının keçirildiyini də qeyd edib.

UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin Uşaq Hüquqları Konvensiyası barədə məlumat verib. O bildirib ki, BMT tərəfindən qəbul edilən bu sənəd dünyanın hər bir yerində yaşayan uşaqların konvensiya ilə müəyyən olunmuş hüquqlarını təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyənləşdirir. Konvensiyanı ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova uşaqların müdafiəsinin ölkəmizdə həyata keçirilən uşaq siyasətinin önəmli tərkib hissəsi kimi hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb: “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da genişləndirilib. Ölkəmizdə ayrı-seçkiliyə yol verilmədən hər bir uşağın hüquq və mənafeyi nəzərə alınır. Onların hərtərəfli inkişafı üçün bütün imkanlar yaradılır. Uşaq iştirakçılığının təmin edilməsi sahəsində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir. Lakin bununla yanaşı, uşaqların müdafiəsi sahəsində önəmli aspektlərdən biri uşaqlara qarşı zorakılığın qeydə alınmasıdır. BMT-nin Uşaq Hüquqları Konvensiyası bunu önəmli məsələ kimi qeyd edir. Təəssüf ki, bütün dünyada uşaqlara qarşı zorakılığın müxtəlif növləri törədilir. Aparılan araşdırmalara görə, Avropada hər beş uşaqdan biri cinsi zorakılığın və istismarın qurbanına çevrilir. Ölkəmizdə belə hallar əvvəllər gizli baş verirdisə, son illər müvafiq qurumlara edilən müraciətlər bu mövzunu aktuallaşdırır. Məhz belə halların qarşısının alınması üçün 2007-ci ildə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası qəbul edilib. Bu konvensiya təkcə Avropa Şurası ölkələri deyil, bütün dünya dövlətləri tərəfindən ratifikasiya edilə bilər. Azərbaycan həmin konvensiyanı 2008-ci ildə imzalayıb. Konvensiya bu il oktyabrın 22-də Milli Məclis tərəfindən qəbul edilib və oktyabrın 31-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə onun ratifikasiyası təsdiq olunub”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı zorakılığa qarşı mübarizə aparılsa da, hər bir uşağı ondan qorumağın mümkünsüz olduğunu bildirib. Komitə sədri qeyd edib ki, uşaqlar zorakılığa daha çox ailələrdə məruz qalırlar. Lakin məktəblərdə zəif uşaqların əzilməsi, xəstə uşaqların ələ salınması kimi hallara da rast gəlinir. Bunun qarşısını almaq üçün qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır. Bölgələrdə risk qrupuna daxil olan ailələr, məktəblərdə həmin qrupa daxil olan uşaqlar qeydiyyata alınmalıdırlar.

Aqiyə Naxçıvanlı uşaqların zərərli informasiyadan qorunması məsələlərinə də toxunub. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsindən danışan komitə sədri onun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların zərərli informasiyadan qorunması tədbirlərini müəyyən etdiyini və bu sahədə yaranan münasibətləri tənzimlədiyini qeyd edib. Konfrans müxtəlif mövzularda məruzələrlə davam edib.(Azertac)

Femida.az

Açar sözlər:

Oxunub: 520