Azərbaycan ədliyyəsinin müasir inkişaf dövrü


09:32     22 Noyabr 2019 trend_edliyye_nazirliyi_justice_ministry_album.jpg

Fikrət Məmmədov,
Azərbaycan Respublikasının ədliyyə naziri,
Məhkəmə-Hüquq Şurasının sədri
I dərəcəli dövlət ədliyyə müşaviri



Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 1918-ci ildə Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi tarix – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü təsis olunaraq artıq 20-ci ildir ki, yüksək sevinc hissi ilə qeyd olunur.

Ötən il Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin böyük ruh yüksəkliyi və təntənə ilə geniş qeyd olunması ilə yadda qaldı. Bu münasibətlə mühüm beynəlxalq konfrans keçirilərək ədliyyənin şanlı tarixinə və keçdiyi inkişaf yoluna nəzər salındı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ədliyyə işçiləri və hakimlərə müraciəti və böyük bir qrup əməkdaşları dövlət mükafatları ilə təltif etməsi bu yubileyi daha da əlamətdar etdi.

Məhkəmə hakimiyyətinin fəaliyyətinə mühüm əhəmiyyət verən dövlət başçısı tərəfindən möhtəşəm bayram günlərində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi üçün yeni müasir binanın açılışı dərin minnətdarlıq hissi ilə qarşılandı.

Eyni zamanda, ölkə Prezidentinin 2018-ci il dekabrın 18-də təsdiq etdiyi "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üzrə" Dövlət Proqramı ilə ədliyyə və məhkəmə sisteminin inkişafı üçün gələcək 5 il ərzində yeni hədəflər müəyyən olundu.

2019-cu il də Azərbaycan ədliyyəsi üçün əlamətdar olmuş, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar ədliyyə və məhkəmə-hüquq sisteminin yeni mərhələdə inkişafına rəvac vermişdir. "İslahatlar dərinləşəcək, islahatlara alternativ yoxdur", - deyən dövlətimizin başçısı cənab İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm "yol xəritəsi" olmaqla proqram xarakteri daşıyır.

Fərman iqtisadi artımda mühüm əhəmiyyət kəsb edən sahibkarlığın inkişafı, ədliyyə fəaliyyətinin müxtəlif istiqamətləri üzrə işin təkmilləşdirilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, hakimlərin fəaliyyətinə müdaxilələrin qarşısının alınması, məhkəmə icraatının səmərəliliyinin artırılması və süründürməçiliyin aradan qaldırılması, hakimlərin iş yükünün azaldılması və s. ilə bağlı mühüm vəzifələr qoymuşdur.

Dövlət başçısının Fərmanının ictimai əhəmiyyəti nəzərə alınaraq cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən hüquq ictimaiyyəti, sahibkarlar, biznes dairələri, vətəndaş cəmiyyəti institutları, diplomatik korpus nümayəndələri üçün, həmçinin bölgələrdə Ədliyyə Nazirliyi tərəfindən digər aidiyyəti qurumlarla birgə ictimai müzakirələr, təqdimatlar və s. tədbirlər keçirilmiş, 1.000-ə yaxın maarifləndirmə işləri aparılmışdır.

Fərmanın icrası ilə bağlı qısa müddətdə kommersiya məhkəmələrinin təşkili, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, məhkəmə qərarlarının icrası işinin və məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən alternativ icra və özəl ekspertizanın tətbiqi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və digər məsələlərlə bağlı 40-dək normativ aktın layihəsi işlənib hazırlanmışdır.

Qeyd olunmalıdır ki, yeni qanun layihələri hazırlanarkən statistik məlumatlar və mövcud təcrübə təhlil edilmiş, qabaqcıl beynəlxalq təcrübə öyrənilmiş, həmçinin ictimaiyyətin təklifləri və rəyləri nəzərə alınmışdır.

Artıq ölkəmizin məhkəmə sisteminin daha səmərəli fəaliyyətinin təmin edilməsində mühüm rol oynayacaq bir sıra yeni qanunlar dövlət başçısının qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş, habelə digər mühüm layihələr paketi isə Milli Məclisin birinci oxunuşda müzakirəsindən keçmişdir.

Qəbul olunmuş yeni qanunlara əsasən sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və çevik baxılmasını təmin etmək məqsədilə yeni ixtisaslaşmış məhkəmələr təsbit olunmuş, ölkə Prezidentinin 19 iyul 2019-cu il tarixli Sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni Kommersiya və ayrıca İnzibati məhkəmələr yaradılmışdır.



2020-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlayacaq həmin məhkəmələrin fəaliyyəti və gələcək iş həcmi üzrə təhlillər aparılaraq ərazi yurisdiksiyası və ştat sayı müəyyən olunmuşdur. Onların müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi, məhkəmə aparatlarının formalaşdırılması üzrə tədbirlər görülür.
Eyni zamanda, dövlət başçısı tərəfindən 4 milyondan çox vətəndaşın sosial rifahının yüksəldilməsinə xidmət edən böyük sosial paketin tərkib hissəsi olaraq hakimlərin əməkhaqları əhəmiyyətli dərəcədə artırılmışdır.

Qeyd edilməlidir ki, ölkəmizdə hakimlərin sayı əhaliyə nisbətdə Avropa dövlətləri ilə müqayisədə çox aşağıdır. Belə ki, Avropa dövlətlərində hər 100 min nəfərə 20-dən artıq hakim düşdüyü halda Azərbaycanda bu göstərici cəmi 6 təşkil edirdi.

Eyni zamanda mülki xarakterli işlər kifayət qədər çox olmaqla birinci instansiya məhkəmələrində onların sayı bəzi illərdə 470.000-ə çatmışdır. Hazırda 1 hakim hər ay orta hesabla 100-dən çox işə baxır. Təbii ki, belə ağır iş yükü müddətlərə və keyfiyyətə mənfi təsir göstərir.

Bu baxımdan Fərmanla hakimlərin sayının mövcud korpusun üçdə biri qədər – 200 vahid artırılması mühüm əhəmiyyət kəsb etmişdir. Həmin ştatların komplektləşdirilməsi, heç şübhəsiz ki, məhkəmələrdə işlərə vaxtında və keyfiyyətlə baxılmasına xidmət edəcəkdir.

Bununla əlaqədar Məhkəmə-Hüquq Şurası tərəfindən yeni ayrılan ştatların məhkəmələr üzrə bölüşdürülməsinə dair müvafiq qərar qəbul olunmuş, hakimlərin seçim qaydası təkmilləşdirilərək bu prosesdə çeviklik artırılmışdır. Artıq bir qrup hakimliyə namizədlərlə test üsulu ilə və yazılı imtahanlar keçirilmiş, 81 nəfər namizəd növbəti mərhələyə – şifahi imtahana vəsiqə qazanmışdır. Həmin hakimliyə namizədlərlə noyabr ayının 15-dən şifahi imtahanlara başlanılmışdır.

Bununla yanaşı, hakimliyə namizədlərin sənədlərinin qəbulu davamlı xarakter almışdır. Və sənədlərini təqdim etmiş 250-dək hüquqşünasla sabah növbəti test imtahanı keçiriləcəkdir. Müasir texnologiyalar tətbiq edilməklə təşkil olunan və onlayn qaydada canlı yayımlanan imtahanda namizədlər sualları kompüter vasitəsilə, fərdi qaydada cavablandıracaq və nəticələr dərhal elan olunacaqdır.

Hakimlərin iş yükünün digər vasitələrlə azaldılması məsələsi də daim diqqətdə saxlanılır. Cari ildən qanunvericiliyə edilmiş dəyişikliklərlə əlaqədar məhkəmə baxışının tezliyinin təmin olunması məqsədilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat proseduru təsbit olunmuş, iqtisadi işlər üzrə icraatın yalnız elektron qaydada - "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılması və məhkəmə proseslərinin fasiləsiz audio-video yazılışı təmin edilmiş, mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlərin məhkəmədən kənar, elektron qaydada notariusun icra qeydi ilə asan həlli imkanı yaradılmış, habelə icra icraatı üzrə xitam və dayandırma səlahiyyətləri icra məmurlarına verilmişdir.



Fərmanın icrası çərçivəsində mübahisələrin məhkəmədən kənar həllində, başqa sözlə, məhkəmələrin iş həcminin azaldılmasında mühüm vasitə olan mediasiyanın respublikamızda tətbiqi ilə bağlı Avropa İttifaqı ilə birgə yeni layihənin icrasına başlanılmış, növbəti ildən tətbiq ediləcək "Mediasiya haqqında" Qanunun implementasiyası ilə əlaqədar nazirlik tərəfindən çoxsaylı normativ sənəd layihələri hazırlanaraq qəbul olunmuşdur. Hazırda Mediasiya Şurasının yaradılması, mediasiya üzrə təlimçilərin, mediatorların hazırlanması, hakimlərin bu sahədə təlimatlandırılması, əhatəli maarifləndirmə tədbirlərinin təşkil olunması və s. ilə bağlı işlər davam etdirilir.

Həmçinin, ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqi ilə bağlı Avropa İttifaqı ilə birgə "Biznes mühitinin inkişafı ilə əlaqədar normativ-hüquqi bazanın dəstəklənməsi" layihəsi çərçivəsində beynəlxalq təcrübə nəzərə alınmaqla yol xəritəsi hazırlanmışdır.

Bundan əlavə, hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilələrin və digər neqativ halların aradan qaldırılması və s. məsələlər üzrə mühüm qanunvericilik və institusional tədbirlər həyata keçirilmiş, o cümlədən Fərmanla qarşıya qoyulmuş məsələlərin icrası məqsədilə Məhkəmə-Hüquq Şurasında "qaynar xətt", monitorinq sektorları yaradılmışdır. "Qaynar xətt"ə daxil olan aidiyyəti müraciətlər dərhal yerində araşdırılır, monitorinqlər aparılır, vətəndaşların bilavasitə məhkəmələrdə qəbulları keçirilir.

Belə ki, Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən ötən qısa müddət ərzində 50-ə yaxın məhkəmədə monitorinqlər aparılmış, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılmış, daha kobud pozuntularla bağlı isə 41 hakim barəsində intizam icraatlarına baxılmış, o cümlədən 6 nəfər tutduğu vəzifədən azad olunmuş, 2 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, digərləri barəsində müxtəlif intizam tənbehi tədbirləri görülmüşdür.
Eyni zamanda, Fərmanda ədalət mühakiməsinin həyata keçirilməsində müstəsna əhəmiyyət kəsb edən nazirliyin icra xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar müəyyən olunmuşdur. Bu sahədə qarşıya qoyulmuş vəzifələr bütün yerli icra qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilmiş ümumrespublika müşavirəsində müzakirə olunmuş, məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması, "Elektron icra" informasiya sisteminin tətbiqinin genişləndirilməsi, süründürməçilik və sui-istifadə hallarının qarşısının qətiyyətlə alınmasına dair konkret addımlar atılmışdır.
Həmçinin, məhkəmə qərarlarının icrası sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi aktların sistemləşdirilməsi məqsədilə ilk dəfə olaraq İcra Məcəlləsi işlənib hazırlanmışdır.
Bununla yanaşı, dövlət başçısının iqtisadi müşavirədə bankların iqtisadi artımın maliyyələşməsində fəal iştirakı ilə bağlı tapşırıqlarından irəli gələn vəzifələrə dair bank sektoru ilə Ədliyyə Nazirliyində "dəyirmi masa" keçirilərək bankların hüquqlarının məhkəmə müdafiəsi və icra sahəsində problemlər müzakirə olunmuş, birgə işçi qrupları yaradılaraq mövcud və qarşıya çıxan məsələlərin operativ həlli ilə bağlı tədbirlər görülür.

2019-cu ilin 9 ayında icra xidməti tərəfindən 780 minə qədər icra işinin yarıdan çoxunun icrası təmin edilmiş, fiziki və hüquqi şəxslərə 690 milyon manatdan artıq vəsait ödətdirilmişdir. Qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir.

İcra haqqında qanunvericiliyin tələblərini pozan 3.700-ə yaxın şəxs inzibati məsuliyyətə cəlb olunmuş, o cümlədən 2.000 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs edilmiş, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 340 nəfər barəsində cinayət işi başlanılmışdır. Həmçinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təcrübəsi məhkəmə qərarlarının icrasının təmin olunmasına öz müsbət təsirini göstərmiş, 10 mindən çox borclu tərəfindən məhkəmə qərarları icra edildiyinə görə onların üzərindən belə məhdudiyyət götürülmüşdür.

Ədliyyə Nazirliyi tərəfindən ədalət mühakiməsi əleyhinə olan və bəzi digər cinayətlər üzrə bu ilin 9 ayı ərzində 430 cinayət işinin istintaqı tamamlanmış və həmin işlər üzrə fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın yarıdan çoxu ödətdirilmişdir.

Fərmanda qoyulmuş vəzifələrin həyata keçirilməsi məqsədilə, həmçinin icra xidmətində iş həcminin ilbəil kəskin artması ilə əlaqədar məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı müxtəlif dövlətlərin qanunvericiliyi öyrənilmiş, nazirliyin nümayəndə heyəti Fransa, Niderland, Litva, Bolqarıstan və Gürcüstanda tətbiq edilən özəl icra modelləri ilə bilavasitə yerində tanış olmuşdur. Hazırda ölkəmiz üçün uyğun olan özəl icra modelinin tətbiqi üzrə tədbirlər görülür.

Qeyd olunmalıdır ki, ölkə Prezidentinin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası çərçivəsində görülən tədbirlər öz real bəhrəsini verir, artıq azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə üstünlük verilərək onların səmərəli icrası təmin edilir. Belə ki, ötən dövrdə cinayət qanunvericiliyinin dekriminallaşması nəticəsində 6.400-ə yaxın məhkum cəzadan tamamilə azad olunmuş və ya cəzası yüngülləşdirilmiş, istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı isə 20 faizədək azalmışdır.

Eyni zamanda, azadlıqdan məhrumetməyə alternativ cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron nəzarət vasitələrinin tətbiqi əhəmiyyətli dərəcədə genişlənərək bu günədək 2.000-dən artıq məhkuma elektron qolbaqlar tətbiq edilmişdir.


Fərmanla isə dövlətimizin başçısının humanistliyinin növbəti təzahürü olaraq cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair tədbirlərin davam etdirilməsi tapşırılmış, bununla əlaqədar qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar və Cəzaların icrası məcəllələrinə bütövlükdə 400-ə yaxın dəyişikliklərin edilməsi, o cümlədən bir çox əməllərin dekriminallaşdırılması, alternativ cəzalardan daha geniş istifadə olunması və yeni mütərəqqi hüquq institutlarının tətbiqi məsələləri ilə bağlı qanun layihələri hazırlanmışdır.

Fərmanda mühüm yeniliklərdən biri də ekspertiza fəaliyyətinin alternativ mexanizmlərinin yaradılması, o cümlədən ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsidir. Bununla bağlı qanunvericilik və qabaqcıl təcrübələr nəzərdən keçirilmiş, ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi iştirakçılarının ekspertizanın aparılması ilə bağlı hüquqlarının genişləndirilməsi və digər məsələlərə dair layihələr hazırlanmışdır.

Milli Məclisin müzakirəsində olan həmin layihələrə əsasən ölkəmizdə yeni özəl məhkəmə ekspertizası institutu yaradılır və bu fəaliyyətlə məşğul olmaq üçün irəli sürülən tələblər müəyyən edilir. Həmçinin, mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş edə bilməsi və həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim etməsi nəzərdə tutulur.

Bununla yanaşı, ölkə Prezidentinin məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq ekspert araşdırmalarının keyfiyyətinin və operativliyinin, iqtisad ekspertizaları sahəsində işin səmərəliliyinin artırılması məqsədilə nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin strukturu təkmilləşdirilmiş, ştat sayı artırılmış, ekspertiza fəaliyyətinə əlçatanlığın asanlaşdırılması, yerli məhkəmə və hüquq-mühafizə orqanlarına köməklik məqsədilə Mərkəzin əlavə yeni - Lənkəran regional bölməsi yaradılmışdır.

Məhkəmə ekspertizası mərkəzi tərəfindən cari ildə 41 ekspert ixtisası üzrə 24.000-dək iş icra olunmuş və ekspertlər 675 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99.5 faiz həllinə nail olmuşlar.

Nazirliyin digər fəaliyyət istiqamətləri üzrə tədbirlər, ədliyyə orqanlarının qarşısında duran vəzifələrin icrası 2019-cu ildə də diqqətdə saxlanılmışdır.

Geniş qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edən Ədliyyə Nazirliyi tərəfindən cari ilin 9 ayında ictimai həyatın müxtəlif sahələri üzrə 1.266 normativ hüquqi akt layihəsi hazırlanmış, bundan 2 dəfədən çox layihə isə ekspertizadan keçirilmiş, Hüquqi Aktların Dövlət Reyestrinə 2.200-dən artıq normativ akt daxil edilmişdir. Həmçinin, əhalinin təmənnasız istifadəsinə verilmiş milli qanunvericiliyin e-qanun.az və müvafiq reyestrin huquqiaktlar.gov.az internet saytlarına daxil olmaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 44% artaraq 1,34 milyonu ötmüşdür.

Eyni zamanda, iqtisadi proseslərin və hüquq münasibətlərinin tənzimlənməsində mühüm rol oynayan notariat orqanlarının fəaliyyətinin və infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər görülmüş, ölkəmizdə ilk dəfə olaraq notariusların müstəqil özünüidarə orqanı olan Notariat Palatası yaradılmış və tərkibi formalaşdırılaraq fəaliyyətə başlamışdır.

Notariuslar tərəfindən 2019-cu ilin 9 ayı ərzində aparılmış əməliyyatların sayı 30% artaraq 3,9 milyona çatmışdır ki, bunun da 97%-i ölkədə geniş tətbiq olunan xüsusi notariat institutu tərəfindən həyata keçirilmişdir. Həmçinin, qeydiyyat orqanlarında 226.500-dən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilmiş, doğumun sayı 107 mini, nikahın sayı isə 47 mini ötmüşdür.
Ölkə başçısının təşəbbüsü ilə yaradılaraq dünyada Azərbaycan brendi kimi məşhurlaşmış və bu günədək 34 milyona yaxın müraciətlə bağlı insanların faydalandığı ASAN xidmət mərkəzlərində bu ilin 9 ayında verilmiş 3,2 milyona yaxın sənədlərin 45%-i məhz həmin mərkəzlərdə fəaliyyət göstərən notariat və qeydiyyat orqanlarının payına düşmüşdür.

Eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq nazirlik tərəfindən 9 ayda 145 qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınmışdır. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4.500-ə, mətbu nəşrlərin sayı isə 5.300-ə çatmışdır.

Bu il 20 illiyi qeyd olunan və yerli demokratiyanın inkişafında mühüm rol oynayan bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, onlara mütəmadi metodoloji yardımın göstərilməsi, səmərəli inzibati nəzarətin həyata keçirilməsi sahəsində nazirlik tərəfindən ardıcıl tədbirlər görülmüşdür. Cari ildə 67 mindən çox bələdiyyə aktı hüquqi ekspertizadan keçirilmiş, 1.952 aktın qanunamüvafiq olmadığı müəyyən edilərək onlar ləğv edilmiş və ya dəyişdirilmiş, habelə qanunsuz verilmiş torpaq sahələri geri qaytarılmışdır. Bələdiyyələr tərəfindən yol verilmiş cinayət xarakterli pozuntularla bağlı 24 fakt üzrə materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir.

Bununla yanaşı, bələdiyyələrə 9.000-ə yaxın tövsiyə verilmiş, 25 metodik vəsait hazırlanmış, 8.300-ə yaxın bələdiyyə üzvü və qulluqçusu maarifçilik tədbirlərinə, o cümlədən Ədliyyə Akademiyasında təşkil edilmiş kurslara cəlb olunmuşdur.

Penitensiar xidmətin fəaliyyətinin təkmilləşdirilməsi, məhkumların hüquqlarının etibarlı qorunması, onların saxlanma şəraitinin, islah işinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilmiş, cəzaçəkmə müəssisələrində ictimai faydalı əməyə cəlb olunan məhkumların sayı artaraq 5.800-ü ötmüş, habelə əməliyyat-rejim fəaliyyəti nəticəsində 524 cinayət hadisəsinin qarşısı alınmışdır.

Ulu Öndər tərəfindən təməli qoyulmuş humanizm siyasətinə uyğun olaraq möhtərəm Prezidentimizin martın 16-da imzaladığı əfv Sərəncamı ilə 431 nəfər şəxsin əfv olunması, həmçinin nazirlik tərəfindən şərti olaraq vaxtından əvvəl azad edilməsi və cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması institutunun səmərəli tətbiqi məhkumların sosial reabilitasiyasına böyük imkan yaratmışdır.

Məhkumlara yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi daim diqqətdə saxlanılmış, bu sahədə ölkəmizin nailiyyətlərindən son illər digər dövlətlər tərəfindən bəhrələnilərək artıq bəzi ölkələrdə Azərbaycanın penitensiar müəssisələrdə vərəmlə mübarizədə müsbət təcrübəsinə uyğun modellərin tətbiqinə başlanılmışdır. Bu məqsədlə ötən dövrdə Qərbi Avropa, Asiya, Afrika, Mərkəzi Amerika və MDB coğrafiyası üzrə 20 dövlətin 230-dək nümayəndələri nazirliyin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin nəzdində fəaliyyət göstərən beynəlxalq statusa malik Təlim Mərkəzində treninq keçmişlər.

Ədliyyənin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər, həmçinin kadr korpusunun təkmilləşdirilməsi ilə müşayiət olunur. Son 15 ildə şəffaf müsabiqələr əsasında tam əksəriyyətini gənclər təşkil edən 2900-dək şəxs qulluğa qəbul olunmuş və onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Cari ildə isə qulluğa qəbulla bağlı iki dəfə müsabiqə keçirilmiş, 65 namizəd müsabiqənin bütün mərhələlərindən, o cümlədən Ədliyyə Akademiyasında icbari təlimdən uğurla keçərək bu ərəfədə ədliyyə orqanlarına qulluğa qəbul olunmuş və onlarla nazirliyin rəhbərliyinin görüşü keçirilmişdir. Ötən ay keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış və qanunvericiliyin tələblərinə müvafiq olaraq növbəti mərhələyə buraxılmış daha 36 nəfərlə növbəti həftə söhbət aparılmasına başlanılacaqdır.
Ölkə başçısının dövlət idarəçiliyində gənc kadrların fəal iştirakı, könüllülük institutunun təşviqi ilə bağlı tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarında gənclər geniş təmsil olunur, çoxminli ədliyyə orqanlarında çalışan əməkdaşların təxminən yarısını gənclər, qulluğa qəbul edilən yeni nəsil ədliyyə işçiləri isə nazirliyin əksər xidmətlərinin kadr korpusunun 70 faizə qədərini təşkil edir.

Eyni zamanda, gənclərdə ədliyyə sahəsində işləməyə həvəsi artırmaq, onların məşğulluğunun təmin olunmasına şərait yaratmaq məqsədilə cari ilin əvvəlindən 1.300-ə yaxın gənc könüllü ədliyyə fəaliyyətinə cəlb olunmuş və 70-ə yaxın könüllü artıq daimi işə qəbul edilmişdir.



Bu gün hüquq mühafizə orqanlarının gənc əməkdaşları dahi öndərin müstəqil Azərbaycan dövlətinə sədaqət, saflıq və yüksək mənəvi keyfiyyətlər kimi dəyərləri öz fəaliyyətlərində rəhbər tutaraq püxtələşir, onlara məsul vəzifələr etibar olunur. Ötən ay Dövlət Müstəqilliyi Günündə keçirilmiş hüquq-mühafizə orqanları gənc əməkdaşlarının birinci Forumu bu orqanlarda xidmət edən gənclərin ölkənin hərtərəfli inkişafına töhfə vermək əzminin daha da yüksəldilməsinə, sabitliyin və təhlükəsizliyin, həmçinin dövlət-vətəndaş həmrəyliyinin etibarlı təmin olunması sahəsində bu orqanların qarşılıqlı fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət etmişdir.
Ədliyyə Nazirliyi tərəfindən hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi məsələsi də daim diqqətdə saxlanılır. Cari ildə Bosniya və Herseqovina, Meksika, Bəhreyn, Misir, İraq ilə əməkdaşlığa dair müvafiq sənədlərin razılaşdırılması işi aparılmış, Səudiyyə Ərəbistanı Krallığı ilə ikitərəfli məhsuldar qarşılıqlı səfərlər həyata keçirilərək Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu və onun implementasiyası üzrə Əməkdaşlıq Proqramı imzalanmışdır.

Həmçinin cinayətkarlığa qarşı qəti mübarizədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək ötən ay nümayəndə heyətimizin Strasburqa səfəri zamanı Avropa Şurasının Baş katibinin iştirakı ilə ölkəmiz tərəfindən "Ekstradisiya haqqında" Avropa Konvensiyasının Dördüncü Əlavə Protokolu imzalanmışdır.



Strasburqa səfər zamanı həmçinin, Fransanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində keçirilmiş "Avropada ədalət mühakiməsinə rəqəmsal çağırışlar" mövzusunda Avropa ədliyyə nazirlərinin konfransında iştirak və çıxış edilmiş, məhkəmə-hüquq sahəsində, o cümlədən "Elektron məhkəmə" informasiya sisteminin tətbiqində Azərbaycanın təcrübəsi maraqla qarşılanmışdır.

Bununla yanaşı, nazirlik mötəbər beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etmiş, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının illik yığıncaqlarında, BMT-nin Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Forumunda və digər tədbirlərdə fəal iştirak və çıxışlar edilmişdir.

Qeyd olunmalıdır ki, keçirilən bütün tədbirlər və aparılan müzakirələr zamanı Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər beynəlxalq ictimaiyyətin bir daha diqqətinə çatdırılmışdır.



Dövlət başçısının maksimum şəffaflığın təmin olunması, ictimai nəzarətin daha güclü olması ilə bağlı tələbləri daim diqqətdə saxlanılaraq nazirlik tərəfindən açıq hökumət prinsiplərinə, şəffaflığa, aşkarlığa, ictimai iştirakçılığa xüsusi önəm verilir. Əhalinin hüquqi maarifləndirilməsi, ədliyyə və məhkəmə sistemində həyata keçirilən mütərəqqi islahatlar və yeniliklər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə nazirliyin 10 internet saytı, sosial şəbəkələrdə səhifələri interaktiv rejimdə fəaliyyət göstərir, müxtəlif mətbu nəşrlər, illik toplular çap olunur. Təkcə bu ilin 9 ayında 4.000-dən çox hüquqi maarifləndirmə tədbirləri keçirilmiş, o cümlədən ədliyyə və məhkəmə fəaliyyətinə dair brifinqlər, təqdimatlar, ictimai müzakirələr və s. təşkil olunmuşdur.

Bu gün ədliyyə sahəsində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Belə ki, nazirlik tərəfindən elektron notariat informasiya sisteminə və aidiyyəti məlumat banklarına birbaşa çıxışı olan xüsusi elektron notariat "çanta"sı hazırlanmışdır. Həmin çanta vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək olar. Yalnız Azərbaycanda mövcud olan və sərhəddə, hava, dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılan "Elektron Ədliyyə köşkü" vasitəsilə isə məsafədən ədliyyə xidmətlərini göstərmək mümkündür. Digər bir yenilik də "Mobil notariat" proqram təminatıdır. Telefona yüklənən həmin proqram vasitəsilə vətəndaş elektron notariat kabinetinə sahib olmaqla notariat fəaliyyəti ilə bağlı məlumatları əldə edə bilər.
Bu innovasiyalar qısa müddət ərzində tətbiq edilməsinə baxmayaraq, artıq beynəlxalq marağa səbəb olmuş və Azərbaycanın innovativ məhsullarından digər dövlətlər də bəhrələnirlər.



Sözsüz ki, Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlər, əldə olunan nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların mühüm tərkib hissəsi olmaqla dövlət başçısının ədliyyə və məhkəmə fəaliyyətinə göstərdiyi xüsusi diqqət və qayğının real təzahürüdür.

Bu gün Azərbaycanın davamlı sosial-iqtisadi tərəqqisi ölkə başçısının rəhbərliyi ilə uğurla təmin edilir, insanların rifahının yaxşılaşmasına xidmət edən ardıcıl sosialyönümlü qərarlar qəbul olunur, ictimai həyatın bütün sahələrində mühüm nailiyyətlər qazanılır. Respublikamız mötəbər beynəlxalq forumlara və tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir, onun beynəlxalq aləmdə nüfuzu günbəgün artır, qabaqcıl dövlətlər sırasında qərarlaşır.

Azərbaycanda aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən yüksək qiymətləndirilir, Dünya Bankının "Doing Business 2020" hesabatına görə, Azərbaycan 20 ən islahatçı ölkə sırasında yer almışdır. Davos Ümumdünya İqtisadi Forumunun yeni hesabatına görə isə dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsinə görə isə 5-ci yerdədir.

Respublikamızın davamlı sosial-iqtisadi və mədəni inkişafının təmin olunmasında, mühüm sosial layihələrin, humanizm, tolerantlıq, multikulturalizm ideya və prinsiplərinin uğurla həyata keçirilməsində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusilə qeyd olunmalıdır.

Bütün bunlar respublikamızda hərtərəfli tərəqqinin və yüksəlişin məntiqi nəticəsi olmaqla xalqımızda yüksək iftixar hissi doğurur, hər birimizi yeni-yeni nailiyyətlərə ruhlandırır. Ulu Öndərin yüksək dövlətçilik amallarına daim sadiq qalan ədliyyə işçiləri dövlətimizin başçısının insanlara layiqli xidmət, vətəndaş məmnuniyyəti, şəffaflıq, korrupsiyanın yolverilməzliyi kimi tələblərini fəaliyyətlərində daim rəhbər tutmaqla ölkəmizin daha da qüdrətlənməsi naminə möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək üzərlərinə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirmək əzmindədirlər.

Bu ərəfədə dövlət başçısı tərəfindən ədliyyə işçilərinin ali xüsusi rütbələrə layiq bilinməsi möhtərəm Prezidentimizin ədliyyə fəaliyyətinə yüksək diqqət və qayğısının bariz təzahürü olmaqla hər birimizdə böyük minnətdarlıq və ehtiram hissi doğurmuşdur.

Peşə bayramı günündə ədliyyə işçiləri Fəxri Xiyabana gedərək bu bayramı bizlərə bəxş etmiş müstəqil Azərbaycan dövlətinin banisi, dahi öndər Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirmiş, Şəhidlər Xiyabanında qəhrəman Vətən övladlarının xatirəsini yad etmişlər.

Həmçinin ədliyyə orqanları və məhkəmələrdə Azərbaycan ədliyyəsinin tarixi inkişaf yoluna bir daha nəzər salınmış, ədliyyə veteranları və gənclərlə görüşlər, könüllülərin ədliyyə tarixi və digər muzeylərlə tanışlığı təşkil olunmuş, ağacəkmə və qanvermə aksiyaları, kütləvi idman və intellektual yarışlar, "açıq qapı" günləri və digər silsilə bayram tədbirləri keçirilmişdir.

Fürsətdən istifadə edərək, peşə bayramı günü münasibətilə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir, onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıram.

"Respublika" qəzeti, 22 noyabr 2019-cu il

Açar sözlər: #Heydər_Əliyev   #Ədliyyə  

Oxunub: 673