"Elektron Ədliyyə köşkü"ndən necə istifadə edək? — Yalnız Azərbaycanda olan sistemin üstünlükləri


11:22     22 Noyabr 2019 2019/11/69271293_10217571167443801_1583186797129629696_n_1574407187.jpg

Xəbər verdiyimiz kimi bu gün Ədliyyə Nazirliyinin yaranmasından 101 il ötür. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də - Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılıb.


101 yaşlı Azərbaycan Ədliyyəsi bu illərdə bir sıra mühüm işlərə imza atıb.

Bu gün ədliyyə sahəsində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir.

Femida.az saytı regionda ilk dəfə Azərbaycanda tətbiq edilən "Elektron Ədliyyə köşkü" haqda oxuculara məlumatı təqdim edir:

Yalnız Azərbaycanda mövcud olan və sərhəddə, hava, dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılan "Elektron Ədliyyə köşkü" vasitəsilə isə məsafədən ədliyyə xidmətlərini göstərmək mümkündür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə 2018-ci il noyabrın 15-də “Notariat haqqında” Qanuna edilmiş mühüm dəyişikliklərə əsasən, məsafədən xidmətlərin göstərilməsini mümkün edən, dünyada təkrarı olmayan, Azərbaycanda istehsal edilmiş elektron ədliyyə köşkü yaradılıb.


"Elektron Ədliyyə köşkü" vətəndaşlara hansı xidməti göstərir?

Bu köşklər əhalinin xüsusilə sıx olduğu məkanlarda, insanların sənədləşmə işlərinin daha çox istifadə etdiyi yerlərdə quraşdırılıb. Misal üçün hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda vətəndaşların istifadəsinə verilmiş elektron ədliyyə köşkü var. Bu köşk xaricə getmək arzusunda olan,yetkinlik yaşına çatmamış şəxslərin dövlət sərhədindən keçməsi üçün zəruri olan valideynlərin razılıq ərizələrinin rəsmiləşdirilməsinə imkan verir. Qanunvericiliyin tələblərindən irəli gələrək ölkədən getməyə hazırlaşan uşağın sərhəddən keçməsi üçün digər valideynin notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinin təqdim edilməsi zəruridir. Bu ərizələri əvvəlcədən verməyi unutmuş valideynlər həmin razılıqlarını vaxt itirmədən və heç bir yerə getmədən hava limanında quraşdırılmış ədliyyə köşkü vasitəsilə əldə edə bilərlər.




Bunun üçün şəxsiyyət vəsiqəsini, habelə uşağın və onunla gedəcək valideynin pasportunu təqdim etmək kifayətdir. Göstərilən xidmət videolentə yazılmaqla yaddaşda saxlanılır.

Heydər Əliyev Aeroportunda quraşdırılmış Elektron Ədliyyə Köşkləri vasitəsilə borcun olub-olmaması barədə məlumatı dəqiqləşdirib, onu yerindəcə ödəmək mümkündür.
Artıq mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin Azərbaycandan çıxışına qoyulmuş məhdudiyyətləri tez bir zamanda öyrənib, Heydər Əliyev Aeroportundakı qoyulmuş Elektron Ədliyyə Köşkləri vasitəsilə ödəmək mümkündür.
Vətəndaşın adı "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na Ədliyyə, Daxili İşlər, Fövqəladə Hallar, Vergilər, Müdafiə nazirlikləri, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsinin tələbi ilə salınır.

Elektron ədliyyə köşkü həftənin bütün günləri 24 saat fəaliyyət göstərir.

"Elektron Ədliyyə köşkü"ndən necə istifadə edək?


Bununla bağlı Ədliyyə Nazirliyinin əməkdaşları əhali üçün məlumatın əks olunduğu videorolik hazırlayıb. Bu video vasitəsi ilə daha çox informasiya əldə edə bilərsiniz.



Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #Ədliyyə_Nazirliyi   #İlham_Əliyev   #Fikrət_Məmmədov   #"Elektron_Ədliyyəköşkü  

Oxunub: 2847