"Gender əsaslı Bələdiyyə Akademiyası" açılıb


16:10     22 Noyabr 2019 19_11_22_1574424810.jpg

Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Gender əsaslı Bələdiyyə Akademiyasının” Bakıda açılışını ediblər. Bu akademiya qadınlar üçün yerli idarəetmə, liderlik və seçkilərdə müşahidəni öyrənmək və bu sahələr üzrə bilik və bacarıqlara yiyələnmək üçün qeyri-formal təhsil platformasıdır.

Femida.az xəbər verir ki, akademiyanın əsas məqsədi – qarşıdan gələn 2019 bələdiyyə seçkilərinə müraciət edən qadınların sayını artırmaq və bunu onlara lazımi bilikləri və təlimləri təqdim etmək vasitəsilə etməkdir.
Akademiyanın açılışını Müşavir-elçi / Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Əməkdaşlıq Bölməsinin rəhbəri xanım Simona Qatti, BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin müavini xanım Çaru Bist və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova edbi.

Akademiya, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin bir hissəsi olaraq yaradılıb. Adıçəkilən layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha geniş bir layihə çərçivəsində həyata keçirilir.

“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin həyata keçirdiyi 12-aylıq layihənin əsas məqsədi - qadınların qərar qəbuletmə prosesində iştirakının təşviqinə dəstək olmaqdır. Layihə artıq bir sıra davamlı fəaliyyətlər həyata keçirmişdir ki, bunlara qadın müşahidəçilərin yerli seçkilərdə müşahidə bacarıqlarının artırılması, effektiv seçki kampaniyasının keçirilməsi və yerli idarəetmədə qadınların geniş iştirakını ictimailəşdirmə təlimləri daxildir.

Layihə, 17 Dayanıqlı İnkişaf Məqsədinə, xüsusilə də 5-ci Dayanıqlı İnkişaf Məqsədi – Gender Bərabərliyinə tövhə verir və bu da öz növbəsində qadınların siyasi, iqtisadi və ictimai həyatın bütün səviyyələrində liderliyi və tam və effektiv iştirakını təmin edir.

Femida.az

Açar sözlər: #bələdiyyə   #qadın  

Oxunub: 815