Pul "paylayan" aparat insanlara fantastik faiz hesablayır — Vəkil yaranacaq məsuliyyətdən danışdı


11:52     23 Noyabr 2019 2019/11/1574485910_5dd800512a2c2_p_1574495303.png

Son günlər Bakının bir neçə yerində, əsasən də marketlərdə yeni cihazlar quraşdırılır. "Azpulmanat” adlı aparatdan vətəndaşlar təxmini bir dəqiqə ərzində tək şəxsiyyət vəsiqəsi ilə 20 manat pul götürə bilir.



Nizami rayonunda, "Neftçilər" metrostansiyasının yanında quraşdırılan bu aparatların önündə bəzən insan izdihamı yaşanır.

Aparatdan istifadə edən vətəndaşlar bildirir ki, pulu əldə etmək çox asandır. Bunu şəxsiyyət vəsiqəsi ilə cəmi 30 saniyə ərzində əldə etmək mümkündür.

Bəzi vətəndaşlar isə bildirir ki, saatlarla aparatın önündə dayanıb qeydiyyatdan keçsələr də, pul ala bilməyiblər.

Aparatdan pul çıxaranlar isə bildirirlər ki, 5 gün ərzində 20 manat və üstəgəl də 1 manat əlavə faizini qaytaran şəxs, bu dəfə 40 manat məbləğində borc ala bilir. Beləcə bu məbləğ 1000 manata qədər qalxır. Borcu götürən zaman bütün məlumatları daxil etdikdən sonra mobil nömrənizi də yazırsınız. Nömrəyə xüsusi şifrə göndərilir və bundan sonra şifrəni yazıb, pulu çəkmək olur. Eyni nömrə, şəxsiyyət vəsiqəsi ilə borcu qaytarmadan növbətisini almaq mümkün deyil.




(Vəkil Elvin Səlimov)


Femida.az məsələnin insanlara vura biləcək zərərlərini aydınlıq gətirməyə çalışıb. Qeyd olunan aparat vasitəsi ilə pul götürən insanlar pulu geri qaytara bilmədikdə hansı məsuliyyətləri yaranır. Mövzu ilə bağlı Femida.az -ın suallarını cavablandıran vəkil Elvin Səlimov bildirib ki, sakinlər kütləvi şəkildə bu xidmətdən istifadə etsə də, bunun ciddi fəsadları yarana bilər. Vəkil insanları diqqətli olmağa və xidmətdən öncə yüksək faizlə götürdükləri məbləği geri qaytara bilmədikləri halda daşıdıqları məsuliyyət barədə məlumatlı olmalarının vacibliyini qeyd edib.


"Pul "paylayan" aparat və həmin aparatların sahibi olan təşkilat əhaliyə illik 365 faizlə pul krediti paylayır. Bəlkə də insanlar bu rəqəmlərə diqqət etmir. Onlar düşünürlər ki,asan yolla pul əldə edirlər. Amma onun faiz dərəcəsindən və onlara vurula biləcək maddi zərərdən bir çoxları xəbərsizdir.

Qonşu ölkələrdə illik faiz dərəcələri 10-12% -i aşmadığı halda publik olaraq insanlara 365 faizlə kredit verməyin və bu krediti növbəyə durub götürməyin adını sizlər deyin. İnsanların bu gün iqtisadi bilikləri olduqca azdır. Bəzən yox dərəcəsindədir. Buna görə də ölkədə dələduzluq halları kütləvi və peşə halına gəlib çıxıb."

Vəkil Elvin Səlimov insanları diqqətli olmağa və addımı atarkən düşünüb qərar verməyə çağırıb. O, bildirib ki, yüksək fazilə pul əldə edən vətəndaşlar həmin məbləği ödəyə bilmədiyi halda mövcud Qanunun tələblərinə uyğun təşkilat vətəndaşları məhkəməyə verə və pulun ödənişini tələb edə bilər.





Miri Məcidli
Femida.az



Açar sözlər: #hüquq   #yardım   #Vəkil   #kredit  

Oxunub: 7908