Hakimliyə namizədlərlə test imtahanı keçirilir - FOTOLAR


12:17     23 Noyabr 2019 2019/11/1615744966395159114728_1000x669_3148994280.jpg

Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə qarşıda mühüm məsələlər qoyulub, o cümlədən hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb, yeni ixtisaslaşmış məhkəmələr yaradılıb. Bununla əlaqədar hakimlərin seçimi üzrə açıq müsabiqə elan olunub, 200-dən çox namizədlə test üsulu ilə və yazılı imtahanlar keçirilib, 81 nəfər növbəti mərhələyə – şifahi imtahana vəsiqə qazanıb. Artıq həmin hakimliyə namizədlərlə şifahi imtahanlar başlayıb.


Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla yanaşı, sənədlərin qəbulu davam edib və hakim olmaq üçün müraciət etmiş 244 namizədlə noyabrın 23-də Dövlət İmtahan Mərkəzində beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilir.



Namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırırlar.



Şəffaf şəkildə keçirilən imtahanın nəticələri hər bir namizədə o, sualları cavablandırdıqdan dərhal sonra elan olunacaq və müvafiq arayış təqdim ediləcək. Habelə nəticələr Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdiriləcək. Həmçinin imtahan jlc.gov.az saytı vasitəsilə onlayn rejimində birbaşa yayımlanır.

İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış hakimliyə namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılacaqlar. Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.



Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir. Bununla əlaqədar hakim olmaq istəyən hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar.

Açar sözlər: #Hakim  

Oxunub: 879