Müstəqil Azərbaycanın ədliyyə sistemi daim təkmilləşir


09:05     25 Noyabr 2019 trend_edliyye_nazirliyi_justice_ministry_album.jpg



Hər il noyabr ayının 22-si Azərbaycan Respublikasında Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu bayram xalqımızın ümummilli lideri Heydər Əliyevin ədliyyə sisteminə verdiyi önəmin bariz nümunəsi kimi onun tərəfindən 11 noyabr 2000-ci il tarixli fərmanla təsis edilmişdir.


Hər bir ölkədə aparılan hüquqi islahatların müsbət nəticələr verməsi, ilk növbədə məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin müasirləşdirilməsindən, dövrün tələbləri səviyyəsində qurulmasından asılıdır. Azərbaycan Respublikasında bu sahədə aparılan ardıcıl islahatlar ümumilikdə hüquq sisteminin səmərəli fəaliyyətinin təmin olunmasına xidmət edir. Bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsindən bəhrələnilərək mütərəqqi yeniliklərin zamanın tələbinə, ölkənin sosial-iqtisadi inkişafına uyğun tətbiqi olduqca mühüm əhəmiyyət kəsb edir.

Dövlət quruculuğunu şərtləndirən mühüm amillərdən biri də ölkənin hüquq sisteminin təşkilidir. Bu mənada çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Ötən əsrin əvvəllərində Şərqdə ilk dəfə Azərbaycanda demokratik müstəqil dövlət qurulduqdan sonra ədalətli cəmiyyət qurmaq dövlətin əsas məqsədlərindən biri olmuşdur. Təsadüfi deyil ki, 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün ədliyyə sisteminə böyük əhəmiyyət verilərək Ədliyyə Nazirliyi təsis edilmişdir. 1918-ci il noyabr ayının 22-də isə onun Əsasnaməsi qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski öz nitqində bildirmişdir ki, “...ədliyyə nəzarəti olmalıdır. Bu olmasa, heç bir dövlətin işi yürüməz... Ədliyyəsi olmayan məmləkətdə tərəqqi olmaz, məmləkət irəliləməz”.
Ədliyyə Nazirliyinin dövlət strukturu kimi yenidən təsis edilməsi məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Şərəfli və mürəkkəb inkişaf yolu keçmiş Ədliyyə Nazirliyi ulu öndərin 1969-cu ildə Azərbaycana rəhbərliyə gəldiyi dövrdə mühüm dövlət orqanı kimi yenidən təşəkkül tapmışdır. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da ölkə ədliyyəsi tarixində yeni mərhələ başlanmışdır. 1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edildi, ədliyyə sisteminin yeniləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edildi, ən əsası isə ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaradıldı.
“Ədalət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda” - deyən ümummilli lider Heydər Əliyev ilk gündən ədliyyə və məhkəmə orqanlarının dövlət idarəçilik sistemindəki müstəsna yeri və rolunu düzgün dəyərləndirmiş, bu sahədə islahatların həyata keçirilməsini daim xüsusi diqqətdə saxlamışdır. Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması üçün ümummilli liderin başladığı böyük işləri onun siyasi varisi Prezident İlham Əliyev uğurla davam və inkişaf etdirir. Dövlət başçısı ictimai-iqtisadi münasibətlərin inkişafının, cəmiyyətin həyatındakı mühüm yeniliklərin məhkəmə-hüquq sistemində də köklü dəyişiklikləri zəruri etdiyini nəzərə alaraq qanunların təkmilləşdirilməsini, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini, islahatların keyfiyyətcə yeni mərhələdə aparılmasını fəaliyyətinin əsas prioritetlərindən birinə çevirmişdir.

Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Son illər ərzində Azərbaycanda məhkəmə-hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verir. Qanunun aliliyinin təmin edilməsi hər bir cəmiyyətin inkişafı üçün çox mühüm məsələdir. Ölkənin gücü təkcə iqtisadi artımla deyil, həm də insanların ölkədə azad şəkildə yaşamasından, demokratiyanın inkişafından asılıdır. Azərbaycan dünya birliyinə inteqrasiya yolunu seçib, müasirləşir və zənginləşir. Siyasi islahatlar, məhkəmə-hüquq sistemində islahatlar paralel şəkildə aparılır və aparılmalıdır”.

Ümumiyyətlə, ötən dövrə nəzər salanda son 16 il möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkəmiz bütün sahələrdə yüksək nailiyyətlərə müvəffəq olmuş, həyata keçirilən məqsədyönlü və ardıcıl islahatlar öz real bəhrəsini vermişdir. Prezident İlham Əliyevin xalq və dövlət qarşısında xidmətləri 2018-ci il 11 aprel tarixində keçirilmiş prezident seçkilərində xalqımız tərəfindən böyük vətəndaş həmrəyliyi ilə yenidən ölkə başçısı seçilməklə öz yüksək qiymətini almışdır. Azərbaycan xalqı cənab İlham Əliyevi prezident seçməklə son 16 ildə görülən işlərə, qazanılmış nailiyyətlərə və gələcək inkişafa səs vermişdir. Ötən dövr digər sahələr kimi, məhkəmə-hüquq sistemində, ədliyyə sahəsində də bir çox nailiyyətlərlə yadda qalmışdır.
Dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə ötən müddət ərzində də respublikada uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsində məhz insanpərvərlik, humanizm, şəxsiyyətə hörmət, vətəndaşa həssas münasibət kimi ali dəyərlər dayanmışdır. 2004-cü ildən Avropa Şurası ekspertlərinin yaxından iştirakı ilə məhkəmə orqanlarının fəaliyyətini tənzimləyən bir sıra normativ-hüquqi sənədlərin hazırlanması - “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər və əlavələr edilməsi, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun qəbulu, “Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”nin, “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”nın təsdiqi, nəhayət, Hakimlərin Seçki Komitəsinin yaradılması bütövlükdə ölkədə məhkəmə-hüquq sisteminin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Son illər regionlarda və paytaxtda yeni məhkəmələrin yaradılması, həmçinin məhkəmələrdə hakimlərin sayının artırılması istiqamətində mühüm addımlar atılmış, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni regional apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamışdır. Bu islahatlar, şübhəsiz, regional inkişaf proqramları ilə paralel surətdə reallaşdırılır. Məqsəd isə regionlarda yaşayan əhaliyə göstərilən hüquqi yardımın keyfiyyətini və səmərəsini yüksəltməkdir. Ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər, hərtərəfli institusional islahatlar dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə, korrupsiya ilə mübarizənin gücləndirilməsi potensialının artırılmasına, əhaliyə göstərilən xidmətlərin daha keyfiyyətli və müasir innovasiyalardan istifadə etməklə təşkilində səmərəliliyin yüksəlməsinə yönəlmişdir. Bu istiqamətdə növbəti addım olaraq ölkə başçısının fərmanları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması dövlət qulluqçusu və vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir. Həmin konsepsiyanın məqsədi əhaliyə xidmətlərin daha rahat, yeni üslubda, vahid və əlaqələndirilmiş formada göstərilməsi, vətəndaş məmnunluğunun təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə xidmətlərin həyata keçirilməsində məhz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq əsas prinsiplər kimi müəyyən edilmişdir. Mərkəzlərin fəaliyyəti vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azaldılmasını, onlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl olunmasını, şəffaflığın artırılmasını, korrupsiyaya qarşı mübarizənin, dövlət strukturlarına etimadın daha da gücləndirilməsini təmin edir.
“ASAN xidmət” mərkəzlərində Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, o cümlədən doğumun, ölümün, nikahın, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması, müvafiq şəhadətnamələrin verilməsi və notariat fəaliyyəti ilə bağlı xidmətlər həyata keçirilir. Azərbaycan brendi olan və ədliyyənin müvafiq xidmətlər göstərdiyi “ASAN xidmət” çərçivəsində 18 milyondan artıq müraciətə baxılaraq vətəndaş məmnunluğuna nail olunub. Rəsmi məlumatlara görə, təqdim edilmiş sənədlərin 40 faizindən çoxu ədliyyə qurumlarının payına düşür.

Məlum olduğu kimi, Ədliyyə orqanlarına qulluğa qəbul 2006-cı ildən etibarən şəffaf prosedurlarla açıq müsabiqə yolu ilə aparılır. Şəffaf prosedurlarla və aşkarlıq şəraitində keçirilmiş müsabiqə və müsahibələr əsasında minlərlə gənc mütəxəssis ədliyyə orqanlarına qulluğa qəbul olunaraq bu gün ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Eyni zamanda Ədliyyə Akademiyası yaradılaraq peşə fəaliyyətinə buraxılış institutu tətbiq olunur. Ədliyyə orqanlarının inkişafı haqqında Fərmanda ədliyyə sistemində yüksək peşəkar kadr korpusunun formalaşmasına, ədliyyə orqanlarına işə qəbulun şəffaf prosedurlarla həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Qeyd etmək istərdim ki, Ədliyyə Nazirliyi peşəkar və sağlam mənəviyyata malik şəxslərin ədliyyə orqanlarına cəlb edilməsi, əməkdaşların hazırlıq səviyyəsinin daim yüksəldilməsi üzrə məqsədyönlü iş aparır. Ədliyyə orqanlarına işə qəbul açıq müsabiqə yolu ilə həyata keçirilir.

Son illər Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə ədliyyə orqanlarının və məhkəmələrin yeni bina və inventarla təmin olunması, onların iş şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılmışdır. Neçə-neçə yeni müasir tipli binalar tikilərək istifadəyə verilmiş, bu sahədə infrastrukturun müasirləşdirilməsi üzrə tədbirlər bu gün də davam etdirilir. Qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamış, ölkəmizdə ilk dəfə olaraq test üsul ilə, şəffaf prosedurlarla yeni hakim korpusu formalaşdırılaraq, onların yüksək statusu müəyyən olunmuşdur. Ümummilli liderimizin qurub yaratdığı Azərbaycan dövlətinin uğurlu inkişafı möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hər sahədə olduğu kimi, hüquqi sahədə də yeni-yeni nailiyyətlər əldə edilir.

Beləliklə, ötən dövrdə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları çərçivəsində Ədliyyə Nazirliyinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, səmərəliliyinin artırılması sahəsində əsaslı tədbirlər görülmüş, səlahiyyətləri xeyli genişlənmiş, ölkəmizin hüquq sistemində rolu əhəmiyyətli dərəcədə artmışdır. Ölkədə sosial-iqtisadi yüksəliş nəticəsində vətəndaşlarımıza mülki hüquqi münasibətlərdən irəli gələn məsələlərin həlli üçün geniş imkanlar yaranmışdır. Bu hal notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayının durmadan artmasında öz əksini tapır. Notariat sahəsində aparılan islahatların nəticəsi olaraq ölkəmizdə beynəlxalq təcrübəyə uyğun xüsusi notariat institutu yaradılmışdır ki, bu da notariat hərəkətlərinin rəsmiləşdirilməsinə öz töhfəsini verir.

Notariat ofisləri vahid elektron şəbəkədə birləşdirilib. Bunun nəticəsidir ki, notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli dərəcədə sadələşdirilib. Qeyd etsək ki, bu qaydada notariat hərəkətlərinin aparılmasına yalnız inkişaf etmiş ölkələrdə rast gəlmək mümkündür, inamla deyə bilərik ki, ölkəmizdə notariat sahəsində bu yenilik daha bir uğurun nəticəsi kimi qiymətləndirilməlidir. “E-hökumət” prinsiplərinə uyğun olaraq əhaliyə geniş elektron xidmətlər göstərilir, nazirliyin “e-xidmətlər” bölməsi vasitəsilə vətəndaşlara notariat hərəkətlərinin aparılması qaydalarına, tələb olunan sənədlərə və rüsumların məbləğlərinə dair məlumatlarla tanış olmaq imkanı yaradılıb. Müasir texnologiyalardan istifadə etməklə, həmçinin “Elektron notariat” informasiya sistemi qurularaq, onun əsasnaməsi qəbul edilib. Beynəlxalq təcrübədə yalnız bir neçə inkişaf etmiş dövlətlərdə rast gəlinən belə sistem vasitəsilə notariat ofisləri vahid şəbəkədə birləşdirilməklə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib.
Bu gün fürsətdən istifadə edərək bütün ədliyyə işçilərini xalqımızın ümummilli lideri, dahi öndər Heydər Əliyevin bizə bəxş etdiyi peşə bayramımız münasibətilə təbrik edir, onlara mühüm və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram.

Aygün EMİNOVA,
4 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsinin rəisi, Xəzər və Şuşa rayon qeydiyyat şöbələrinin rəisi vəzifəsini müvəqqəti icra edən, kiçik ədliyyə müşaviri.

Açar sözlər: #ədliyyə  

Oxunub: 1377