“Xəzər Lənkəran“ “Neftçi“yə uduzdu


02:16     23 Noyabr 2015 elnur-ceff-ov1.jpg


"Neftçi" 8 ildən sonra səfərdə "Xəzər Lənkəran"a qalib gəlib.
Femida.az xəbər verir ki, bu, futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində baş tutub.
Flaqman cənubluları sonuncu dəfə 2007-ci ilin noyabrında səfərdə məğlub edib. Həmin vaxt "ağ-qaralar"a Vlastimil Petrjela rəhbərlik edib. Bu, "Neftçi"nin "Xəzər Lənkəran" üzərində ümumilikdə 3-cü səfər qələbəsi olub. İlk qələbə 2005-ci il dekabrında qazanılıb. Lakin hər iki halda oyunlar Lənkəran Olimpiya Kompleksi stadionunda baş tutub.
Bugünkü qələbə isə klubun "Fırtınalar meydanı" adlandırılan Mərkəzi Stadionunda qeydə alınıb.
Matçda qolları Elşən Abdullayev (60) və Fəhmin Muradbəyli (75) vurub.
Daha bir maraqlı məqam tarixi qələbənin Əsgər Abdullayevin rəhbərliyi altında ilk görüşə təsadüf etməsidir. Baş məşqçi postunda Samir Əliyevi əvəzləyən mütəxəssis Lənkəran səfərindən qələbə ilə ayrılmağı bacarıb.
Bu məğlubiyyətdən sonra “Xəzər Lənkəran”ın "Neftçi"ni yenə bilmədiyi son oyunların sayı 10-a çatıb. Paytaxt klubu isə son 9 qarşılaşmada meydanı qolla tərk etməyi bacarıb. Lənkəran təmsilçisi "Böyük oyun"da ardıcıl 4 heç-heçədən sonra 5-ci ev matçında məğlubiyyətə düçar olub.
Qeyd edək ki, "Xəzər Lənkəran" Premyer Liqada sonuncu dəfə öz meydanında "Neftçi"ni 2012-ci il dekabrın 14-də yenib - 2:1.

Açar sözlər:

Oxunub: 617