Məktəblərdə rus bölməsinə qəbul NİYƏ İMTAHANLADIR?


17:00     25 Noyabr 2019 19_11_25_1574686818.jpg


Azərbaycanda 340 orta məktəbdə tədris rus dilində aparılır.


Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir. Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir. Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur.

Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrindən 141-də tədris Azərbaycan dili ilə yanaşı, rus dilində aparılır. Rus bölməsi üzrə şagirdlərin sayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir.

Bəzən valideynlər rus dilində bilmədiyi halda övladlarının bu dildə sərbəst danışması üçün onları rus bölməsinə yazdırmaq istəyirlər. Lakin indi rus dilindən anlayışı olmayan uşaqların rus bölməsinə qəbulu çətinləşdirilib. Çünki onlar qəbul öncəsi müsahibədən keçməlidirlər ki, bir çox azyaşlı bu imtahandan keçə bilmir və nəticədə rus bölməsində təhsil ala bilmirlər.

Bu zaman onların təhsil hüququ pozulmuş sayılırmı?

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Femida.az-a bildirib ki, dövlətin təqdim etdiyi istənilən dildə təhsil almaq hər bi vətəndaşın konstisuon hüququdur:

“Azərbaycan orta ümumtəhsil məktəblərində qanunvericiliyin tələblərinə uyğun olaraq, təhsil icbaridir. AR Konstitusiyası və Təhsil Haqqında Qanuna görə, məktəb yaşına çatmış hər bir şəxs dövlət təhsil müəssisələrində istədiyi bölmədə təhsil almaq hüququna malikdir. Dövlət bu öhdəliyi üzərinə götürür və bütün hallarda şagirdi bilik və bacarıqlarına, istəyinə uyğun olaraq arzu etdiyi bölmədə təhsilini təmin etməlidir. Uzun müddətdir Azərbaycanda valideynlər rus bölməsini rahatlıqla seçə bilirdilər. Amma son 2 ildir tətbiq oluann qaydaya əsasən, orta məktəblərin rus bölməsini seçən şagirdlər müsahibədən keçməlidirlər. Bu da anlaşılanlandır. Çünki son illər rus bölməsini seçən şagirdlərin sayında kəskin artım olub. Birincisi valideynlər öz övladlarına xarici dili mükəmməl öyrətmək istəyir. İkincisi rus bölməsi abituriyentlərinin qəbul imtahanlarında ali təhsil müəssisələrinə daha az balla qəbul olma imkanı var. Üçüncüsü onların dünya ədəbiyyatına çıxış imkanları geniş olması intellektual səviyyələrinin də yüksək olmasına gətirib çıxarır”.



Ekspertin sözlərinə görə, rus bölməsinə müsahibə yolu ilə qəbul keçirilməsi müəyyən qədər təhsil hüququnun məhdudlaşdırılması olsa da, anlaşılandır:

“Bütün uşaqlar rus bölməsinə qəbul ediləndə sinifdə balans pozulur. Sinfin yarısı rus dilindən bilik və bacarıqlara malik olmur. Müəllim bir tərəfdən rus dilindən anlayışı olmayanlara ilkin anlayışları öyrətməyə çalışır, digər tərəfdən anlayışı olanların bilik və bacarıqlarını yüksəltməyə çalışır. Yaxşı olar ki, gələcəkdə övladını rus bölməsində oxutmaq istəyən valideynlər onları dövlət tərəfindən pulsuz təşkil edilən hazırlıq dərslərinə yazdırsınlar. 3-4 yaşlarından etibarən uşaqlarını müəyyən qədər hazırlıqlara qoysunlar ki, uşaqlar ibtidai sinifə başlayanda çətinlik çəkməsinlər”.

Əsədovun sözlərinə görə, bəzən valideynlərin heç biri rus dilində anlamır, danışmır, amma uşağını rus bölməsinə qoyur:

“Yuxarı siniflərə qalxdıqca, tədris proqramı ağırlaşdıqca, uşaqlar azərbaycan bölməsinə keçmək istəyir. Bu zaman onun hər iki bölmədə yarımçıq təhsili olur. Rus bölməsindəki uşaqların təxminən 30 faizi 2-ci, 3-cü siniflərdə Azərbaycan bölməsinə keçir. Rus bölməsində birinci sinifə ildə 15 min nəfər qəbul olursa, məzun olanda bu say 6-7 minə düşür. Çünki yuxarı siniflərə doğru akademik proqram gücləndiyi üçün uşaqlar ona yad olan bir dildə tədrisi qavraya bilmir”.

“Rus dilində ilkin bilik və bacarıqlara malik olan şəxslər rus bölməsinə yazılmalıdır. Digər tərəfdən Azərbaycan bölməsində təhsilin keyfiyyəti yüksəldilsə, rus və ingilis dilinin tədrisi keyfiyyətli şəkildə artsa, valideynlər lazım olmadığı halda rus bölməsini seçməzlər. Düşünürəm ki, valideynlərin bu seçimi Azərbaycan bölməsində rus və ingilis dilinin keyfiyyətli keçilməməsi ilə bağlıdır”, - deyə K.Əsədov bildirib.

Məsələnin hüquqi tərəflərini öyrənmək üçün Azərbaycan Vəkillər Kollegiyasının üzvü Rəvanə Talıbova ilə əlaqə saxladıq. Vəkilin Femida.az-a açıqlamasına görə, Azərbaycanda təhsil hüququ konstitusion hüquqdur və orta təhsil icbaridir:

“Konstitusiyanın 42-ci maddəsində göstərilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil haqqında Qanunun 3-cü maddəsinə əsasən, irqindən, milli və diki mənsubiyyətindən, dilindən, cinsindən, yaşından, səhhətindən, sosial-maddi vəziyyətindən, fəaliyyət sahəsindən, ictimai mənşəyindən, yaşayış yerindən, dinə münasibətindən, siyasi əqidəsindən, həmçinin üzərində məhkumluğun olmasından asılı olmayaraq, vətəndaşların təhsil hüququna təminat verilir.

Qeyd etdiyiniz məsələdə ilk növbədə uşağın mənafəyi nəzərə alınmalıdır. Onun bu dili mənimsəmək qabiliyyəti yoxdursa, onun istəklərinə qarşı çıxmaqla istənilən nəticəni əldə etmək olmaz. Rus dili Azərbaycanda ikinci ən geniş yayılmış dildir. Uşaq yetkinlik yaşına çatmadığına görə, hansı bölməyə yazılması barədə qərarı valideynlər verir. Lakin valideyn qərar verərkən fikirləşməlidir ki, uşağın potensialı buna imkan verirmi? Uşağı hədsiz yükləmək, hansısa dili məcburi öyrətmək ona fiziki cəhətdən də ziyan vura bilər. Bizdə qanunvericilik baxımından bölmə seçiminə məhdudiyyət yoxdur. İstənilən dildə təhsil müəssisəsini seçib təhsil almaq olar. Burada dövlətin müdaxiləsi yox, valideynin seçimi əsas rol oynayır. Amma istənilən halda uşağın ana dilini mükəmməl bilməsi təmin edilməlidir”.




“Məktəb uşağlı rus sektoruna qəbul etməkdən boyun qaçırarsa, ilk növbədə Təhsil Nazirliyində Xüsusi Komissiyaya müraciət etmək lazımdır. Lakin mübahisə özəl təhsil müəssisələri ilə bağlı yaranarsa, bu zaman məktəbin öz daxili nizamnaməsinə uyğun addımlar atılmalıdır. Düzdür, onlar da Təhsil Nazirliyinin qaydaları çərçivəsində nizamnamə formalaşdırır. Lakin müəssisənin xüsusi şərtinə cavab verməzsə, onların uşağı qəbul etməmək hüququ var”, - deyə R.Talıbova qeyd edib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #təhsil   #rus   #məktəb   #şagird   #Kamran_Əsədov   #Rəvanə_Talıbova  

Oxunub: 1205