Nazirlər Kabinetinin yeni Aparat rəhbəri kimdir? - DOSYE


09:41     26 Noyabr 2019 19_11_26_1574746960.jpg


Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsinə təyinat olub. Baş Nazir Əli Əsədovun sərəncamı ilə Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.



Femida.az-ın məlumatına görə, R.Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq Hüquq ixtisası üzrə bakalavr təhsili, 2002-2003-ci illərdə Almaniyanın Drezden Texniki Universitetinin Avropa İnteqrasiya Hüququ üzrə magistr təhsili alıb.

Əmək fəaliyyətinə 2002-ci ildə başlayıb, yerli və xarici şirkətlərdə hüquq sferasında çalışıb.

2004-2007-ci illərdə "Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin həyata keçirilməsinə dəstək layihəsində hüquq məsləhətçisi, 2007-ci ildən Avropa İttifaqının Azərbaycan Respublikasına Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosunun icraçı direktoru vəzifəsində işləyib.

R.Məmmədov 2010-2011-ci illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) vitse-prezident, 2011-2012-ci illərdə özəl sektorda konsultant olaraq çalışıb.

2012-ci ildən AZPROMO-nun prezidenti olub.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin olunub.

Ailəlidir, 2 övladı var.

Femida.az

Açar sözlər: #Nazirlər   #Kabineti  

Oxunub: 707