Azərbaycan vəkilliyi: Utopiyadan reallığa - Son 2 il


13:38     26 Noyabr 2019 2020/12/129943205_849729562457566_8429486062933642035_n_1607337903.jpg


Vəkillik insititunun tarixi qədim Romaya – Roma Respublikasına gedib çıxır.


Qədim Romada, Respublika dövründə qanunlarla yaxşı tanış olan hər hansı bir patron və ya oratorun şəxsi təsiri kifayət idi ki, məhkəmə qarşısında iddiaları lazım olan şəkildə təqdim etmək mümkün olsun. İmperiya dövründə isə artıq qapalı müdafiəçilər kollegiyası (corpus togatorum) yarandı ki, bura üzv olmaq üçün matrikullara (reyestrə) daxil edilməsi lazım idi və bundan əlavə, müəyyən alicənab mənşə ilə bərabər həm də hüquqdan imtahandan keçmək tələb edilirdi. İmperiya dövründə vəkilliyin belə bir quruluşu sonradan onun bütün quruluş dəyişikliklərinin əsasını təşkil etdi.

Yaxın Şərqdə vəkillik institutu 1874-cü ildə Osmanlı İmperiyasında yaradıldı və əsas məqsədi xaricilərə hüquqi xidmət göstərilməsindən ibarət oldu. Lakin 1876-cı ilin 13 yanvar tarixində Osmanlı İmperiyasında bütün vətəndaşlara xidmət göstərən Vəkillik İnstitutu təşkil edildi və həmən gün qardaş Türkiyə vəkillərinin peşə bayramı kimi qeyd edilir.

Azərbaycanda vəkillik institutu XIX əsrin sonlarında – Rusiya İmperiyasının tərkibində olduğumuz zamana, konkret olaraq 1857-ci ildə qraf Bludulovun Dumada rəsmi, publik xarakterli lahiyəsi əsasında həyata keçirildi. Lakin Çar Rusiyası dini dövlət olduğundan vəkilliyə ancaq provaslav şəxslər qəbul edilirdi.

Burada haşiyə çıxaraq bir məsələni qeyd etməyi zəruri bildim. Bu yaxınlarda notariat əməliyyatı həyata keçirmək üçün Bakı şəhərinin notariat ofislərinin birində idim. Ofisdə Çar Rusiyası dövründə Bakı quberniyasında fəaliyyət göstərən notariusların adları var idi. 33 notariusdan ancaq biri azərbaycanlı idi, digəriləri rus, gürcü və ermənilərdən təşkil edilmişdi.

Belə bir ağır şəraitdə Azərbaycanın işıqlı hüquqşunasları Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Ağaoğlu müstəqil Azərbaycanın vəkillik institunun yaradılmasına nail oldular.

Bu tarixdən artıq bir əsr keçib. Lakin tariximizin bir hissəsi olan Sovetlər dönəmində bütün ittifaq ölkələrində olduğu kimi vəkillik institutu faktiki olaraq fəaliyyətsiz vəziyyətə gətirilmiş və “paykovoy” adı ilə tanınmışdı.

Azərbaycan Respublikası yenidən müstəqillik qazandıqdan sonra ümummilli liderimiz Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan vəkilliyi müstəqil bir qurum kimi fəaliyyət göstərməyə başlamışdır. Həmin dövrdən 20 il müddət keçib. 20 ilin 18 ilini Azərbaycan vəkilliyi köhnə - sovetdən qalma ənənələrindən can qurtara bilməmişdi.

7 dekabr 2017-ci ildə Azərbaycan vəkilləri özlərinin növbəti konfransına toplaşmış və vəkilliyin inkişafı üçün mühüm addım ataraq tanınmış və peşəkar vəkil Anar Bağırovu rəhbrəliyi ilə Rəyasət Heyətini formalaşdırdılar. Məhz həmin tarixi Azərbaycan vəkilliyinin inkişaf dövrünün başlanğıcı olaraq qeyd edə bilərik.

Bu iki il ərzində “paykovoy” ifadəsi nəinki təqsirləndirilən və şübhəli şəxslərin, hətta istintaqçıların leksikonundan çıxdı. Vəkilə artıq “mirzə” kimi deyil, ədalət mühakiməsini həyata keçirən əsas fiqurlardan biri kimi baxılmağa başlandı. Bu halın özü isə ittiham aktlarını və məhkəmə qərarlarının keyfiyyətini artırılmasına səbəb olur.

Son iki ildə vəkilliyin inkişafı istiqamətində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin verdiyi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi” haqqında Fərmanda vəkilliyə xüsusi yer verilməsi Azərbaycan vəkilliyinə inamdan irəli gələn faktordu və bunun özü biz vəkillərə işlərimizdə daha da məsuliyyətli olmağımızı, icraatımızda olan hər bir işə öz işimiz kimi yanaşmağı vəzifəsi qoyur.

Vəkillərə dövlət hesabına ödənilən məbləğin 3 dəfə artırılması vəkilliyin və vəkillərin sosial güzaranın inkişafını artırır.

2017-ci ilin dövlət hesabına təyin edilən vəkillərə dövlət büdcəsindən ödənilən məbləğ bir milyon manatdan bir az artıq idisə, bu rəqəm 2019-ci ilin büdcəsində 5 milyona yaxın oldu.

Sevindirici haldır ki, 2020-ci il dövlət büdcəsində büdcənin xərclər qrafasında vəkillərə ödənilməli olan məbləğ 5,5 milyon manatdan artıq proqnozlaşdılıb və birbaşa Vəkillər Kollegiyasına ödənilməli olduğu göstərilib. Bu vaxtadək isə həmin məbləğ yerli icra hakimiyyəti orqanları vasitəsi ilə vəkil qurumlarının hesabına köçürülürdü.

2017-2019-cu illər ərzində Azərbaycan vəkilliyi beynəlxalq əlaqələrini yaratdı. Azərbaycan vəkillyinin 100 illik tədbirinin keçirilməsi və bu tədbirlərdə xarici qonaqların çoxluq təşkil etməsi bunu deməyə bizə tam əsas verir.

100 illik tədbirlərdə xaricdən gələn qonaqlar nəinki Bakı ilə tanış oldular, hətta regionlara səfərlərin təşkil edilməsi Azərbaycanın inkişafının təqdimatı idi.

2018-ci ilə kimi bizim üçün utopik görünən işlər son iki ildə reallığa qovuşdu.



Mehman Muradlı
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü
Femida.az üçün


Açar sözlər: #hüquq   #Vəkil   #xəbərlər   #hüquqi_yardım   #vəkillər_kollegiyası  

Oxunub: 3399