Ədliyyə Nazirliyinin nümayəndə heyəti IV Beynəlxalq Penitensiar Forumda


16:12     26 Noyabr 2019 19_11_26_1574770332.jpg


20-22 noyabr tarixlərində Ryazan şəhərində Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyasında Rusiyanın cəza-icra sisteminin 140 illiyinə və Akademiyanın 85 illiyinə həsr edilmiş "Cinayət, cəza, islah" mövzusunda IV Beynəlxalq Penitensiar Forum keçirilib.

Femida.az xəbər verir ki, Rusiya Federal Məclisinin Federal Şurasının, Dövlət Dumasının, Prezident yanında Vətəndaş cəmiyyəti və insan hüquqlarının inkişafı üzrə Şurasının, İctimai Palatasının, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, İnsan Hüquqları üzrə Müvəkkilinin, Cəzaların İcrası Federal Xidmətinin rəhbər və məsul şəxslərinin, Rusiyanın və 15 xarici dövlətin tədris və elm müəssisələrinin, cəzaların icrası sahəsi üzrə əməkdaşlarının, aparıcı alimlərin, habelə yerli və beynəlxalq ictimai təşkilatların təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəis müavini Musa Hümbətov və Ədliyyə Akademiyasının aparıcı məsləhətçisi Azər Seyidov iştirak ediblər.



Beynəlxalq elmi-praktiki konfranslar, plenar iclas və dəyirmi masa formatında təşkil olunmuş Forumun əsas məqsədi Rusiya və xarici dövlətlərin cəza-icra xidmətlərinin fəaliyyət istiqamətləri üzrə mövcud vəziyyəti nəzərdən keçirmək, rast gəlinən problemləri müzakirə etməklə onların səmərəli həlli yollarını müəyyənləşdirmək və dövlətlərarası əməkdaşlığın inkişafına töhfələr vermək olub.

Forumun plenar iclasında M.Hümbətov "Azərbaycan Respublikasında probasiya: ilkin nəticələr və perspektivlər" mövzusunda məruzə ilə çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli Sərəncamının icrası üzrə görülmüş işlər, o cümlədən ölkəmizdə Probasiya Xidmətinin təşkili, bu sahədə həyata keçirilən tədbirlər, xüsusilə cəzaların icrası prosesində elektron nəzarət vasitələrindən istifadə edilməsi təcrübəsi diqqətinə çatdırılıb.



Eyni zamanda, ölkəmizdə son iki ildə məhkəmələr tərəfindən azadlıqdan məhrumetməyə alternativ cəzalara daha çox üstünlük verilməsi, gələcəkdə ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası qaydasının təkmilləşdirilməsi ilə bağlı yeni növ elektron nəzarət vasitəsindən istifadə ilə bağlı pilot layihənin həyata keçirilməsi və bununla əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Bununla yanaşı, forum çərçivəsində keçirilmiş "Müasir dövrdə azadlıqdan məhrum etməyə alternativlərin və cinayət-hüquqi xarakterli tədbirlərin icrası"na həsr olunmuş beynəlxalq elmi-praktiki konfransda "Azərbaycan Respublikasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə cəza və onun icrası" mövzusunda çıxış edilərək bu sahədə mövcud vəziyyətdən və fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı işlərdən danışılıb.



Tədbir zamanı digər ölkələrdə probasiya fəaliyyətinin təşkili, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası sahəsində yeniliklərlə maraqlanılıb, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər: #ədliyyə   #hüquq   #penitensiar  

Oxunub: 1696