Əli İnsanovun qardaşı oğlundan şok dələduzluq: Türkiyə vətəndaşını Bakıya iş adı ilə gətirib pullarını aldı (FOTOLAR+VİDEO)


16:42     26 Noyabr 2019 2019/11/insnaov-eli-qohum_1574772188.jpg


Sabiq Səhiyyə naziri Əli İnsanovun qardaşı oğlu Mehman İnsanovun dələduzluq etməsi barədə Femida.az -a sensassiyalı məlumat daxil olub. Saytımıza müraciət edən Türkiyə Respublikasının vətəndaşı Yavuz Yağcı bildirib ki, onu 2014-cü ilin mart ayında Mehman İnsanov biznes qurmaq üçün Azərbaycana dəvət edib. Elə olanlar da bundan sonra baş verib.


Aldadılan Türkiyə Respublikası vətəndaşının sözlərinə görə, burada Mehman İnsanovla bərabər heyvan alveri ilə məşğul olmalı imiş. Əlindəki pulları biznesə yatırmamışdan əvvəl şəriklər arasında qarşılıqlı razılıqla Mehmana İnsanova məxsus ev və torpaq sahəsi Yavuz Yağıcıya girov verilir. Qarşılığında isə Yavuz Yağcı hissə-hissə müəyyən miqdarda pulu Mehman İnsanova verir. Bundan sonra qoyun alverinə başlayan şəriklər gəlir əldə edəcəklərini düşünsələr də, Yavuz Yağıcı bir müddət keçdikdən sonra aldandığını başa düşür. Verdiyi pulları geri istədikdə isə məlum olur ki, qarşı tərəf onun pullarını özünün yeni biznesinə yatırıb. İndi Yavuz Yağıcı iddia edir ki, o, Mehman İnsanova müəyyən vaxtlarda 38 min dollar pul verib. Amma Mehman onu aldadıb və pullarını geri qaytarmır. Bundan sonra aldadıldığını başa düşən Türkiyə vətəndaşı məhkəməyə müraciət edib.



(Mehman İnsanov və Yavuz Yağcı)


“Mehman İnsanova Cinayət Məcəlləsinin 178.3.2 və 206.1 maddələri ilə cinayət işi açıldı. Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə M.İnsanov 8 il müddətinə azadlıqdan məhrum edildi. Amma o məhkəməyə saxta sənəd verməklə cəzasını yüngülləşdirdi. Daha sonra Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmədə M.İnsanov azadlığa buraxıldı. Həmin müddətdə mənə Azərbaycana girişə qadağan qoyulduğu üçün məhkəmədə iştirak edə bilmədim. Burada müəyyən proseslər baş verdi.



(Məhkəməyə təqdim edilən saxta sənəd)


M.İnsanov məhkəməyə saxta sənəd verib? Türkiyədən şok sənəd gəldi...


Həmin sənəd guya M.İnsanovun mənə borcu ödəməsi barədə arayışdır. Mehman İnsanov məhkəməyə borcun ödənilməsi barədə verdiyi sənəd saxtadır. Mən indi həmin sənədin saxta olması barədə arayışı məhkəməyə vermişəm. Belə ki, təqsirləndirilən şəxs tərəfindən mənə pulların ödənilməsinə dair Türkiyə Respublikası, İstanbul şəhərində yerləşən 22 saylı notariat ofisinin saxta hazırlanmış notariat sənədi məhkəməyə təqdim edilib. Həmin sənəd müvafiq qaydada apostillə (red- Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir.) edilməmiş, guya 29.09.2017-ci ildə notariat kontorunda təsdiq edilmiş, həmin gündə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdu.





(Türkiyə Respublikası İstanbul Respublika Baş prokurorluğu Saxtakarlıq və Fırıldaqçılıq Bürosunun verdiyi arayış. Arayışda məhkəməyə təqdim edilən 29.09.2017-ci il tarixli 27027 reyestr saylı sənədin saxta olduğu yazılıb)

Bakıya qayıtdıqdan sonra birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti vermişəm. Həmin notariat kontorundan belə bir sənəd verilmədiyini təsdiq edən rəsmi məktubu Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərova təqdim etmişəm. Sabah (red- 27 noyabr 2019-cu il tarixdə) Bakı Apellyasiya Məhkəməsində mənim şikayətim əsasında proses keçiriləcək. Azərbaycanın ədalətli məhkəmə siteminin olduğuna əminəm. İnanıram ki, məhkəmə ədalətli qərarı ilə mənə edilmiş cinayətin layiqli cəzasını verəcək.”


İnsanovlar hücum edib Türkiyə vətəndaşını döydü, evdən çölə atdı...


Yavuz Yağçının sözlərinə görə, məhkəmə prosesləri zamanı qarşı tərəfin qohumları onun evinə basqın edərək evində ona fiziki güc tətbiq ediblər.


“2016-cı ilin martında Qaraçuxurda yaşadığım evdə mənə hücum etdilər. Həmin evi mənə girov kimi Mehman İnsanov mənə vermişdi. Həmin evi mənə yaşamaq üçün vermişdilrə ki, mənim pullarım batsa, bu ev mənə qalacaq. Amma sonradan məlum oldu ki, mənə verilən ev Mehman İnsanovun yox, qayınanasının evidir. Hənifə Aslanova adlı qadınla birlikdə Mehman İnsanovun qardaşları Niyaz İnsanov və Kənan İnsanov mənə verdikləri evə basqın etdilər. Mənim həmin evdən çıxmamı tələb etdilər. Mən onlara bildirdim ki, bu evi mənə onlara verdiyim pulun qarşılıqlığı kimi veriblər. Onlar buna məhəl qoymadan məni döyməyə və evdən çıxardılar. Həmin evin kommunal xərcləri rəsmi sənədlərdə mənim adımadır. Bunu sübut edən sənədlər də məndə var.



( Mehman İnsanovun qardaşları və qohumları türkiyəli iş adamının evinə hücum çəkib, onu döydülər.Hadisə yerindən video)


Mənə orada xəsarət yetirdilər. Polis araşdırma apardı. Daha sonra mənim sənədlərimin vaxtı bitdiyi üçün Azərbaycanı tərk etməli oldum. Azərbaycana gələ bilmədiyim üçün o iş də qaldı.Daha sonra sənədlərimi düzəldib Azərbaycana qayıtdım. Gördüm ki, evimin qapısı qırılıb, mənə aid olan əşyalar oğurlanıb.”

Yavuz Yağçının sözlərinə görə, İnsanovlar ailəsi onu ölümlə təhdid edir.

“ Mən Türkiyədə olanda İnsanovlar mənə 10 min dollar təklif etdilər ki, şikayəti geri götürüm. Mən ona etiraz edəndə məni ölümlə təhdid etməyə başladılar. Mehmanın yaxın qohumu Əflatun mənə təhdid dolu səslər göndərdi. Bütün bunların sübutu kimi əlimdə səs yazıları və yazışmalar var.”


Aldadılan Tükiyə vətəndaşı Azərbaycanın ədalətli məhkəmə sisteminin olduğuna inandığını və ədalətin tezliklə bərpa olunacağına inandığını bildirib.


“Mən son günlər Azərbaycanda ədalətli məhkəmə islahatlarının keçirildiyini mətbuatdan oxumuşam. Ölkə rəhbərinin məhkəmələrin ədalətli qərarlar çıxarması ilə bağlı tapşırıqlarını, sərəncamlarını da mətbuatdan oxudum. İnanıram ki, məhkəmə ədalətli qərar çıxaracaq və mənə qarşı cinayət törətmiş dələduzlar cəzasını alacaq. Buna görə də, ölkə Prezidenti cənab İlham Əliyevə, güc strukturları rəhbərlərinə rəsmi şəkildə müraciət etmişəm. Nəticəsinin müsbət olacağına inanıram.”


Femida.az məsələni diqqətdə saxlayacaq.



(M.İnsanov tərəfindən aldadılan türkiyəli iş adamı)


Miri Məcidli
Femida.az


Açar sözlər: #Əli_İnsanov   #Məhkəmə   #hakim   #Mehman_İnsanov   #xəbərlər  

Oxunub: 3561