Sübutları saxtalaşdıran şəxsləri hansı cəza gözləyir? — Vəkildən açıqlama


15:38     28 Noyabr 2019 2019/11/1555687035542-saxta-sənəd_1574941153.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə təqdim etdiyimiz mövzu sübutların saxtalaşdırılması və onun məsuliyyəti ilə bağlıdır.


Femida.az saytına müraciət edən Türkiyə Respublikası vətəndaşı Yavuz Yağcı bildirib ki, ona qarşı dələduzluqda təqsirləndirilən şəxs Mehman İnsanov məhkəməyə saxta sənəd təqdim edib.



(Məhkəməyə təqdim edilən saxta sənəd)

Məsələ ilə bağlı Türkiyə Respublikası İstanbul Respublika Baş prokurorluğu Saxtakarlıq və Fırıldaqçılıq Bürosunun verdiyi arayışda Azərbaycan məhkəməsinə təqdim edilən 29.09.2017-ci il tarixli 27027 reyestr saylı sənədin saxta olduğu təsdiqlənib.



(Türkiyə Respublikası İstanbul Respublika Baş prokurorluğu Saxtakarlıq və Fırıldaqçılıq Bürosunun verdiyi arayış. Arayışda məhkəməyə təqdim edilən 29.09.2017-ci il tarixli 27027 reyestr saylı sənədin saxta olduğu yazılıb)


Femida.az-a məhkəməyə saxta sübut təqdim edən şəxsin məsuliyyəti barədə açıqlama verən vəkil Mehman Muradlı bildirib ki, sübutların saxtalaşdırılması ədalət mühakiməsi əleyhinə olan cinayətlər kateqoriyasına aid edilir.




(Vəkil Mehman Muradlı )


"Sübutların saxtalaşdırılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294-cü maddəsinin təsirinin altına düşür. Həmin maddədə göstərilir ki, Mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.", deyə vəkil açıqlamasında bildirib.


Vəzifəli şəxslər sübutları saxtalaşdırdıqda hansı məsuliyyəti daşıyır?

Vəkil Mehman Muradlının sözlərinə görə, həmin maddənin 2-ci hissəsinə əsasən Cinayət işi üzrə təhqiqatçı, müstəntiq, prokuror və ya müdafiəçi tərəfindən sübutları saxtalaşdırma üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edilən maddənin 3-cü hissəsində göstərilir ki, Ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #hüquqşünas   #hüquqi_yardım   #məhkəmə   #saxta_sübut  

Oxunub: 2178