Bərdə polisi məktəblilərlə görüşdü


15:52     28 Noyabr 2019 2019/11/2_3149883670.jpeg


Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə məcburi köçkünlər üçün salınmış 588 saylı qəsəbə tam orta məktəbində yuxarı sinif şagirdləri ilə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nigah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında növbəti maarifləndirmə tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, tədbirdən əvvəl RPŞ-nin rəisi, Muradəli Babayev məktəbdə ibtidai siniflərin dərs prosesində iştirak edib, şagirdlərə müxtəlif mövzularda tövsiyələr verib. Həmçinin polisin fəaliyyətinə dair uşaqlarda maraq doğuran bəzi məsələlərlə bağlı məlumat verilib. Görüşdə şagirdlər fəallıq göstərib, suallara səlis cavab verməklə yanaşı, vətənimizi tərənnüm edən şeirlər söyləyiblər. Dərsin sonunda rəis şagirdlərin aktiv iştirak etməsini, suallara səlis cavablar verməsini müsbət dəyərləndirib. Müasir dövrümüzdə elmə, biliyə yüksək qiymət verildiyini savadsızlığın isə əsl fəlakətə açılan qapı olduğunu deyərək, müasir Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərimizi öyrənmələrinə, müasir elmi biliklərə vaqif olmasının üstünlüklərindən danışıb.



Daha sonra tədbir məktəbin akt zalında davam etdirilib. Rəis öz çıxışında dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün törətdiyi təhlükələrdən, eləcə də narkotik vasitələrdən yaranan asılılığın dəhşətlərindən, istər insan şəxsiyyətinə, istərsə də belələrinin öz ailələrinə, cəmiyyətə vurduğu zərbələrdən danışıb. Polis polkovniki M.Babayev erkən nikahın fəsadlarından və dini radikalizmin doğurduğu cinayətlərdən, yaratdığı problemlərdən söz açıb. Dini radikalizmin zərərlərindən danışarkən ölkəmizdə yaşayan hər bir vətəndaşın inancına hörmətlə yanaşıldığını vurğulayıb, ancaq bu azadlıqdan sui-istifadə etmək istəyən, din pərdəsi altında müxtəlif çirkin əməllərlə məşğul olmağa, cəhaləti və xurafatı təbliğ etməyə cəhd edənlərin də olduğu barədə məktəbliləri xəbərdar edib, onların zərərli fikirlərindən uzaq olmağa, işıqlı fikirlərlə yaşayıb, təhsildə, idmanda yüksək nəticələr əldə etməyi, layiqli vətəndaş kimi yaşamağı tövsiyə edib.



Həmçinin rəis erkən nikahın fəsadları barəsində gənclərə tövsiyələr verib. Əvvəllər belə hallara daha çox rast gəlindiyini, ancaq indi cəmiyyətin müasirləşdiyini və qanunla nikah yaşının minimum 18 olduğunu diqqətə çatdırıb. Erkən nikahların böyük əksəriyyətinin sonradan boşanma ilə nəticələndiyini və bu işdə hamının ən azı mənəvi məsuliyyət daşıdığını bildirib.



Çıxış edən Bərdə Regional Həkim Ambulatoriyasının rəisi, polis polkovnik-leytenantı Həbib Məmmədov narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Eləcə də belə maddələrə qurşananların sağlam həyata qayıtmasının da çox çətin olduğunu vurğulayıb. Yaşadığımız dövrdə ümumbəşəri bəlaya çevrilmiş narkomaniyanın cəmiyyətdə və insanın şəxsi həyatında törədə biləcəyi neqativ hallardan danışıb. Bütün dünya üçün təhlükə mənbəyi olan narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.



Femida.az

Açar sözlər: #polis   #Bərdə   #DİN  

Oxunub: 597