İş vaxtından artıq işləmək qanunla necə tənzimlənir? - Müqayisəli TƏHLİL


10:20     30 Noyabr 2019 2019/11/IMG_20190408_190913_439_1575094684.jpg


Əmək qanunvericiliyi və əmək hüququ hər bir dövlətin əsas hüquqlarından biridir və bununla bağlı bir çox problem mövcuddur. Bu hüquq sahəsindəki əsas problemlərdən biri də, işçinin iş vaxtından artıq işləməsidir.


İlk olaraq Azərbaycan əmək hüququna nəzər salsaq görə bilərik ki, əmək məcəlləsinin 89-cu maddəsinə görə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Lakin, əmək məcəlləsinin 99-cu maddəsinin birinci hissəsinə görə, iş vaхtından artıq iş işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaхtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Məsələn, işçinin günlük iş saatı 8 saatdır və işəgötürənlə anlaşaraq eyni gün içərisində 2 saat daha işləyərsə, işçi iş vaxtından artıq işləmiş sayılır.

İşçi öz razılığı ilə işəgötürənin əmri (sərəncamı, qərarı) əsasında iş vaхtından artıq işlərə cəlb edilərkən həmkarlar ittifaqı təşkilatının razılığı tələb edilmir. Əgər işçi işəgötürənin razılığı, yaхud əmri (sərəncamı, qərarı) olmadan özbaşına işdə qalıb əmək funksiyasını yerinə yetirərsə, bu iş vaхtından artıq iş kimi qəbul oluna bilməz.

İş vaxtından artıq işlərə yol verilən müstəsna halları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 101-ci maddəsində sadalanır. İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar belədir:

a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;

b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;

c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;

ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;

d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

Bununla yanaşı, qanunvericilik bəzi hallarda iş vaxtından artıq işlərə yol verilməsini məhdudlaşdırır. «Əlilliyin qarşısının alınması əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında» Qanunun 29-cu maddəsinə görə, əlillərin iş vaхtından artıq işlərə cəlb edilməsinə yalnız onların razılığı əsasında və bu şərtlə yol verilir ki, belə işlər tibbi tövsiyələrdə qadağan edilməmiş olsun.

Bundan başqa əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çoх iş vaхtından artıq işlərə cəlb edilə bilməz (AR ƏM-nin 100-cü maddəsi). Хüsusilə hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların, habelə yaşı 18-dən aşağı olan şəхslərin iş vaхtından artıq işlərə cəlb edilməsinə yol verilmir (AR ƏM-nin 242 və 254-cü maddələrinin birinci hissəsi). Lakin 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin 16 yaşınadək əlil uşağı olan qadınların iş vaхtından artıq işlərə cəlb edilməsinə yalnız onların razılığı ilə mümkündür (AR ƏM-nin 242-ci maddəsinin ikinci hissəsi).

Türkiyə qanunvericiliyinə nəzər yetirdikdə, iş qanununa əsasən işçinin həftəlik iş saatı 45 saat olmaqla günlük iş saatı 7,5 saatdır. Həftəlik iş saatından çox işləmək Azərbaycan qanunveriliyidəki kimi artıq iş sayılır.

Bu hüquq sistemində də işəgötürən işçinin yazılı razılığını əldə etməlidir (Türk iş qanunu bağlı artıq iş təlimatnaməsi maddə 9). Bu icazənin hər ilin başlağıcında işəgötürən tərəfindən alınması mütləqdir. Ancaq vurğulamaq lazımdır ki, bəzi hallarda işin məcburi və ya fövqəlada hallar səbəbindən yerinə yetirilməsi lazım olduqda işçinin razılığını almadan ona günlük iş saatından çox iş gördürə bilər (Türk iş qanunu maddə 42 və 43).

Artıq iş işçilərin gündəlik 7,5 iş saatlarından əlavə ümumilikdə 270 saat ola bilər. Buna görə bir işçinin bir gündə işləməsi 11 saatdan çox olmamalıdır.

Türkiyə qanunveriliciyində artıq işin məhdud edildiyi hallar mövcuddur. İş qanuna bağlı artıq iş təlimatnaməsinin 8-ci maddəsinə əsasən;

a) 18 yaşından aşağı işçilər;
b) işyeri həkiminin, sosial sığortalar qurumunun və ya hər hansı bir həkimin tibbi rəyinə görə arayış alan işçilər;
c) hamilə və yeni doğum edən işçilər;
d) Gecə işində işləyən işçilər;
e) Sağlamlıq qaydaları baxımından gündə 7.5 saat və ya daha az vaxt tələb edən işlər üçün çalışan işçilər;
f) Yarımmüddətli əmək müqaviləsi ilə işləyən işçilərədən artıq iş tələb etmək mümkün deyil.

Fransa iş hüquq qanunundada işçinin qanuni iş saatından artıq işləməsi mövcuddur (Fransa iş qanunu maddə L3121-28). Qanuni iş saatı həftəlik 35 və günlük maksimum 10 saat olaraq Fransa iş hüququnda təyin edilib. Ancaq işəgötürən işçinin yazılı və ya şifahi razılığını alaraq 48 saatdan çox olmamaq şərti ilə işçiyə artıq iş təyin edə bilər. Lakin prinsipcə işçi də iş vaxtından artıq işdən imtana edə bilməz.

İşçinin iş vaxtından artıq işdən imtana etməsi bəzi hallarda mövcuddur. Belə ki

a) işəgötürən iş vaxtından artıq iş üçün işçiyə öncədən xəbər verməmişsə;
b) ardıcıl olaraq işçini şənbə günləri iş vaxtından artıq işə çağırmışsa;
c) işəgötürən keçmiş iş vaxtından artıq iş üçün işçiyə kompensasiya verməmişsə;
d) illik artıq iş saatının limitini doldurdurmuşsa, işçinin iş vaxtından artıq işdən imtanası mümkündür.

Fransız iş qanuna görə 18 yaşından aşağı olan işçilərə həftəlik maksimum 5 saat iş vaxtından artıq iş qanun çərçivəsində gördürülə bilər. Bunun üçün Dövlət Əmək müfəttişliyinin və həkiminin razılığının alınması məcburidir.

Hamilə qadınların iş vaxtından artıq işləmələri Fransız qanunvericiliyi tərəfindən məhdudlaşdırılıb. Lakin işəgötürən və işçinin artıq iş üçün ortaq razılıq əldə etmələri mümkündür.

1 yanvar 2019-cu ildən bəri iş vaxtından artıq iş görən işçi gəlir vergisindən azaddır. Belə ki, bunun üçün işçinin illik gəliri 5000 avrodan çox olmamalıdır, əks təqdirdə iş vaxtından artıq iş görən işçi artıq işdən əldə etdiyi gəlirden vergi ödəməlidir.

Nəticə olaraq, bu mövzuda üç ölkənin əmək hüquqları arasında oxşar ve fərqli cəhətləri görmüş olduq. Əmək hüququnda iş vaxtından artıq iş hər üç ölkə baxımından önəmlidir. Bu baxımdan əmək hüququ hər ölkə vətəndaşları üçün çox vacibdir.

İstifadə olunan mənbələr:

1 Alış Qasımov, Əmək hüququ s.317, Bakı 2007.
2 https://www.osmanozbolat.com/fazla-mesai-yapma-kosullari-nelerdir
3 https://www.kurtuluspartners.com/4857-sayili-is-kanununa-gore-fazla-calisma/
4 https://www.juritravail.com/Actualite/heures-supplementaires/Id/165971
5 https://www.service-public.fr/particuliers/vosdroits/F2216
6 https://www.juritravail.com/Actualite/heures-supplementaires/Id/165971

Hüquqşünas Mehman Məhərrəmov

Femida.az

Açar sözlər: #iş   #əmək   #hüquq   #qanun   #femida   #Fransa   #Türkiyə   #təhlil  

Oxunub: 935