Ailə başçısını itirməyə görə pensiya bu qaydalarla təyin olunur - Hüquqi yardım


12:00     30 Noyabr 2019 19_11_30_1575100911.jpg


Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 30, 31 və 34-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli, 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə"nin 1.1 və 3.1.20-ci bəndləri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.4-cü bəndi bu təyinatı tənzimləyən hüquqi sənədlərdir.

Müraciət ödənişsizdir və 10 gün ərzində cavab verilir.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər:


- Vəfat etmiş (həlak olmuş) ailə başçısının ümumi iş (sosial sığorta) stajını notarial qaydada təsdiq olunmuş surəti
- Ailə başçısının yaşı barədə sənəd
- Hərbi qulluqçunun itkin düşdüyü barədə sənəd (Qanunun17.2-ci maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda)
- Onun itkin düşməsini təsdiq edən sənəd
- Yaşı 18-dən 23-ə qədər olan ailə üzvlərinin təhsil müəssisələrinin əyani şöbəsində oxuduqlarını təsdiq edən arayış (Qanunun 14.1.1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda)
- Ailə başçısının ölümü barədə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın şəhadətnaməsi
- Ailə başçısı hərbi qulluqdan buraxıldıqdan 3 ay keçəndən sonra vəfat etmişdirsə və onun ölümü hərbi qulluq dövründə alınmış yaralanma, kontuziya və ya xəstəlik nəticəsində baş vermişdirsə, bu barədə tibbi-sosial ekspert komissiyasının rəyi (Qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda)
- Müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ailələrinə pensiya təyin edilməsi üçün verilən ərizəyə hərbi hissədən və ya rayon (şəhər) hərbi komissarlığından, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq idarə və müəssisəsindən hərbi qulluqçunun ölüm faktını, eləcə də ölüm tarixi və səbəbini təsdiq edən sənəd ( Qanunun17.2-ci maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda)
- Pensiya təyin edilməsi üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ümumvətəndaş pasportunun) notarial qaydada təsdiq olunmuş surəti
- Ərizəçinin Qanunun 19-cu maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən sənədlər (həmin əlavəni almaq hüququ olduqda)
- Vəfat edənin 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına və ya nəvələrinə qulluq edən ata (ana), ər (arvad), baba, nənə, qardaş və bacının işləmədiyi barədə arayış (Qanunun 14.1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda)
- Ailə üzvlərinin vəfat etmiş ailə başçısı ilə qohumluq münasibətlərini təsdiq edən sənəd

Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə təqdim edilir.

Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir. Müraciət edən şəxsin əmək pensiyası hüququ olmadığı hallarda əmək pensiyası təyin edən orqan pensiya təyin olunmasından imtina edilməsi barədə qərarı 5 gün ərzində imtinanın səbəblərini göstərmək şərtilə bütün sənədlərlə birlikdə ərizəçiyə göndərir.

Xidmətlərdən istifadə zamanı mübahisə yaranarsa, vətəndaş imtinanı düzgün hesab etməzsə, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayətə 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #ailə   #pensiya   #hüquq   #qanun   #femida  

Oxunub: 539