Konfransda fərdi məlumatların təhlükəsizliyi problemləri ilə bağlı məruzə dinlənilib


16:19     30 Noyabr 2019 2019/11/6F70F2A2-158C-4F91-AD16-8D22C9977AD4_1575114966.jpeg

“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransında AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “İnternet və e-dövlət mühitində fərdi məlumatların təhlükəsizliyi problemləri və onların həlli yolları” mövzusunda məruzə ilə çıxış edib.

İnstitutdan Femida.az-a bildirilib ki, məruzəçi fərdi məlumatların mühafizəsinin normativ hüquqi bazası və beynəlxalq çağırışlar barədə məlumat verib. Şöbə müdiri qeyd edib ki, fərdi məlumatlar internetin yeni nefti və rəqəmsal dünyanın yeni valyutasıdır. Ramiz Alıquliyev rəqəmsal identiklik, digər şəxslər və təşkilatlarla münasibətlər, real dünya və onlayn kontekst, fəaliyyət, maraqlar və davranış, kommunikasiya məlumatları və loqlar, mediada yaradılan və paylaşılan məlumatlar, eləcə də maliyyə, sağlamlıq, institusional məlumatlar kimi fərdi məlumatların tiplərindən, “könüllü”, “müşahidə olunan”, “çıxarılan” fərdi məlumat mənbələrindən danışıb. O qeyd edib ki, reyestrlərdə toplanan məlumatlar ayrılıqda analiz edildikdə açıqdır.
Ramiz Alıquliyevin sözlərinə görə, fərdi məlumatların analizi əsasında fərdin iqtisadi vəziyyəti, fərdin necə vergiödəyicisi olduğu, ölkənin intellektual potensialı, xəstəliklərin ölkə üzrə coğrafi xəritəsi, təhsilin və elmin trendləri, ölkənin təhsil səviyyəsi, demoqrafik proseslər qiymətləndirilir, rəsmi statistik məlumatlarla real məlumatların uyğunluğu müəyyən edilir: “Analizin nəticəsi olaraq hər bir fərd haqqında, o cümlədən ölkə haqqında dolğun informasiya əldə oluna bilər. Ən böyük təhlükə analizin nəticəsində əldə olunan məlumatlardır. Analiz nəticəsində fərd tam identifikasiya olunur”.
Şöbə müdiri fərdi məlumatlar əsasında sosial kapitalın hesablanmasından bəhs edərək bildirib ki, fərdi məlumatlar əlçatan olarsa, bu kimi analizləri xarici dövlətlər aparıb ölkənin sosial vəziyyətini qiymətləndirmək imkanı əldə edə bilərlər. O, 2009-cu illə müqayisədə 2020-ci ildə rəqəmsal məlumatların həcminin 44 dəfə çox olacağını qeyd edib.
Məruzəçi normativ hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılmasının, böyük verilənlərin analizi sahəsində təqdiqatların prioritet istiqamət elan edilməsinin vacib olduğunu bildirib. Qeyd edib ki, təhsilin bütün səviyyələrində “Data Science” sahəsində kadr hazırlığına başlanılması, eləcə də süni intellekt və maşın təlimi texnologiyalarının müxtəlif istiqamətləri, xüsusilə qeyri-səlis məntiq, dərin təlim və s. sahələrdə kadr hazırlığının artırılması, fərdi məlumatların təhlükəsizliyi sahəsində multidissiplinar tədqiqatların aparılması zəruridir.

Femida.az

Açar sözlər:

Oxunub: 452


Oxşar xəbərlər