Qarabağda şəhid olan iki milli qəhrəmanın doğum günüdür
12:07 02 Dekabr 2019

Azərbaycanın iki Milli Qəhrəmanı – Yusif Əliyev və Ənvər Arazovun doğum günüdür.
Yusif Əliyev 2 dekabr 1969-cu ildə Qobustanda anadan olub. Qəsəbədəki 223 saylı orta məktəbi bitirib. 1988-ci ildə ordu sıralarına çağırılıb, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkib.
1991-ci ilin fevralında Goranboyda ilk döyüş sınağına çıxan Yusif silahlı erməni quldurları Buzluq, Mənəşli, Erkəç kəndləri tərəfdən edilən basqınlarda döyüşür. 24 fevralda Mənəşli kəndinə hücum edildikdə ermənilər pərən-pərən düşürlər. 1991-ci il 14 sentyabrda düşmən Buzluq kəndinə hücum etdikdə əsgərlərimizə sursat çatdırmaq Yusifin ölümü bahasına başa gəlir.
O, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Ağsu rayonunun Rəhimli kəndində dəfn edilib. Qobustan qəsəbəsindəki 195 saylı tam orta məktəb qəhrəmanın adını daşıyır. Məktəbdə büstü qoyulub. Yusif Əliyev haqqında “Yaddaş” studiyasında “Vətənə bağışlanan həyat” adlı sənədli film çəkilib.
Ənvər Arazov 1953-cü il 2 dekabrda Gəncədə anadan olub. Həmin şəhərdəki 15 nömrəli orta məktəbin səkkizinci sinfini bitirib. Sonra texniki peşə məktəbində oxuyub. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olub. 1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət edib. Hərbi xidmətini başa çatdırdıqdan sonra Gəncəyə qayıdan Ənvər zavodda işləməyə başlamışdı. O, eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək, 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirib.
Ənvər 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində müharıbəyə başlayarkən Daxili İşlər Nazirliyində işə qəbul olunaraq cəbhəyə yollanmışdı. 1989-cu ildə Çaykəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Gəncədə Milli Müdafiə Qərargahının müdirinin II müavini olub. 1992-ci ilin avqustunda Tərtərdə alay komandiri təyin olunub. Göstərdiyi sücaətlərə görə ona polkovnik rütbəsi verilib.
Ağdərə rayonunda bir çox uğurlu əməliyyatlarda iştirak edib.1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə Ağdam rayonunun Sırxavənd kəndində erməni quldurları ilə qeyri-bərabər döyüşə girərək, mərdliklə həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Arazov Ənvər Talış oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Gəncə şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
Femida.az
Oxunub: 291
Oxşar xəbərlər
- Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verildi
- Daha 100 mənzil şəhid ailələri və əlillərə təqdim edildi
- Prezidentdən əlil və şəhid ailələri ilə bağlı SƏRƏNCAM
- Ədliyyə işçiləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTOLAR (Yeniləndi)
- Cəsədi döyüş meydanında qalan 19 yaşlı şəhid - Mehman Sayadovun doğum günüdür
- Şəhid adından istifadə edib pul yığan şəxs barəsində araşdırma başladı
- 41 şəhid ailəsi və müharibə əlilinə ev verildi
- Ağdamda şəhid Nizami Əliyevin xatirəsi anılıb
- Bu il 934 şəhid ailəsi və əlilə mənzil veriləcək
- Türkiyə ordusu Suriyada yenə şəhid verib