Şirkət xəzinədarını öldürmək istəyən şəxsin şikayəti təmin edilməyib


21:08     02 Dekabr 2019 1398947325_mehkeme.jpg

Bakı Apellyasiya Məhkəməsində adamöldürməyə cəhddə təqsirli bilinən Turan Kubuşovun apellyasiya şikayətinə baxış başa çatıb.

Femida.az-ın xəbərinə görə, hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, T.Kubuşovun şikayəti təmin edilməyib və onun barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, T.Kubuşov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il aprelin 25-də Yasamal rayonunda “ZD Travel” şirkətinin qarşısında baş verib. Şirkətin xəzinədarı, 1989-cu il təvəllüdlü Tərxan Namazov 20 min manat pulla ofisdən çıxıb avtomobilə tərəf gedərkən maskalı şəxs hücum edərək çantanı alıb qaçmaq istəyib. Lakin Tərxan ona müqavimət göstərdiyi üçün cinayətkar silaha əl atıb və mühasibə 14 bıçaq zərbəsi vurub. Ətrafdakı taksi sürücülərinin hadisə yerinə yaxınlaşdığını görən maskalı şəxs oradan qaçaraq uzaqlaşıb. T.Namazov xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Kubuşov saxlanılıb. O, bir müddət “ZD Travel” şirkətinin rəhbəri Vəli Dünyamalıyevin sürücüsü işləyib.

1983-cü il təvəllüdlü T.Kubuşov Cinayət Məcəlləsinin 29,120.2-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürməyə cəhd) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddəsi ilə təqsirli bilinib.

Femida.az

Açar sözlər: #Məhkəmə  

Oxunub: 247