"Müharibə veteranı" vəsiqəsi hansı sənədlər əsasında verilir? - Hüquqi YARDIM


11:36     03 Dekabr 2019 19_12_03_1575358623.jpg


Femida.az Müdafiə Nazirliyi tərəfindən "Müharibə veteranı" adının verilməsi ilə bağlı maarifləndirici məqaləni təqdim edir.


Xidmətin hüquqi əsasını "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə" və "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı təşkil edir .

Müraciət zamanı hər hansı rüsum tələb olunmur. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər:

- Əgər hərbi xidmətlə bağlı hər hansı bir arayışı varsa, onun notarial qaydada təsdiq olunmuş surəti.
- Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti
- İtirilmiş veteran vəsiqələrinin əvəzinə yenisinin alınması üçün (Respublika Hərbi Komissarlığı tərəfindən verilmiş veteran vəsiqələrinin arxiv sənədləri Müdafiə Nazirliyində olmadığına görə) vəsiqənin itirilməsi barədə elan verilmiş qəzetin bir nüsxəsi, rayon polis idarəsinin tapıntı bürosundan sənədin tapılmaması haqqında alınmış arayışı, hərbi biletinin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surəti, şəxsiyyət vəsiqəsinin surəti və varsa hərbi xidməti haqqında arxiv arayışı, yaralanması və ya xəsarət alması varsa bu haqda müvafiq arayışları, xidmət etdiyi dövrdə hərbi hissə tərəfindən verilmiş hər hansı bir arayış və ya sənəd varsa onun surəti hərbi xidməti və vəsiqənin itirilmə səbəbi qeyd olunmuş ətraflı ərizəsi ilə birlikdə təqdim olunmalıdır.
- Əgər yaralanması və ya xəsarət almasını təsdiq edən müvafiq sənəd varsa, sənədlərin notarial qaydada təsdiq olunmuş surəti.
- Ərizə – (ətraflı yazılmalıdır, hansı hərbi hissənin tərkibində, nə vaxtdan nə vaxtadək xidmət etməsini, əgər yaralanması və xəsarət alması varsa, hansı şəraitdə almasını və hansı tibb müəssisəsində müayinə və müalicə olunmasını, varsa hərbi həkim komissiyasının qərarını və əlilliyi haqqında məlumatı, əlaqə telefonunu qeyd etməlidir).
- 3x4 ölçüdə fotoşəkil – 2 ədəd
- Hərbi biletinin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surəti (hərbi bilet itibsə və ya hər hansı bir səbəbdən yoxdursa, SHXÇDX rayon şöbəsinin verdiyi hərbi bilet əvəzi arayışın və ya hərbi xidməti haqqında arayış).
- Əgər varsa hərbi xidməti haqqında Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən alınmış arayışın notarial qaydada təsdiq olunmuş surəti.



Müharibə veteranı adı aşağıdakı qaydada verilir:

1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrdə hərbi xidmət keçmiş şəxslərə, döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında ezamiyyətdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, DSX, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

2. 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, DSX və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Hərbi Əks-kəşfiyyat Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan MR-in Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.



Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, döyüş əməliyyatları dövründə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

Göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onun yaratdığı müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən:

Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.


Vəsiqənin hazırlanması xərcləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəsaiti hesabına ödənilir.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #müdafiə   #qanun   #hüquq   #əsgər   #ordu   #veteran   #MN   #femida  

Oxunub: 16043