Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydası dəyişib


17:26     03 Dekabr 2019 2019/12/hakim123_1575380694.gif

Məhkəmə-Hüquq Şurası “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na dəyişiklik edilməsi barədə” qərar verib.


Femida.az-ın məlumatına görə, Qaydaya əsasən, vakant hakim vəzifələrinə namizədlər Hakimlərin Seçki Komitəsi tərəfindən seçilir.

Vakant hakim vəzifəsinə namizədlərin seçilməsi namizədlərin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü, hakim vəzifəsinə yararlı və layiqli olmasını müəyyən etmək məqsədi ilə şəffaf surətdə yazılı və şifahi imtahanlar, ilkin uzunmüddətli tədris kursları (hakimlər üçün baza təhsili) və yekun müsahibə yolu ilə həyata keçirilir.

Yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçən namizədlər avtomatik şəkildə uzunmüddətli təlim mərhələsinə keçirilirlər. İmtahanlar qabaqcadan təyin olunmuş tarixdə Hakimlərin Seçki Komitəsi tərəfindən keçirilir. Yazılı imtahanın keçirilməsini təmin etmək məqsədi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən imtahan rəhbəri və imtahan nəzarətçiləri təyin olunurlar. Yazılı imtahan çox seçimli sual vərəqəsi üzrə idarə olunan elektron-hesablayıcı maşın (kompüter) vasitəsilə həyata keçirilən və bu Qaydalarda nəzərdə tutulmuş prosedurlarla seçilmiş inşa mövzuları üzrə aparılan yazılı sınaq fazalarından ibarət olmaqla təşkil edilir.. Yazılı imtahanın birinci fazasının sualları konfidensiallıq gözlənilməklə Hakimlərin Seçki Komitəsi tərəfindən tərtib edilir. Komitə suallar toplusunun tərtib edilməsinə hüquq sahəsi və digər sahələr üzrə mütəxəssislər cəlb edə bilər. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə ediləcək sualların sayından azı 10 dəfə çox olmalıdır. Elektron-hesablayıcı maşın (kompüter) vasitəsilə həyata keçirilən yazılı imtahanın sual vərəqəsi 100 sualdan ibarət olur və imtahan 4 saat müddətində keçirilir. Yazılı imtahanın birinci fazasının suallarının hazırlanması imtahana ən azı 3 gün qalmış başa çatdırılmalıdır. Hər bir imtahan sualına düzgün cavab 1 balla qiymətləndirilir (cəmi 100 mümkün bal). Səhv cavablar və ya sualın cavabsız qoyulması “0” bala bərabər tutulur. Cavab kartlarının yoxlanılması başa çatdıqdan sonra imtahanın nəticələri cavab kartları ilə birlikdə Hakimlərin Seçki Komitəsinə təqdim edilir. Yazılı imtahanın birinci fazasının yekununa görə 60 və ya daha çox bal toplamış namizədlər yazılı imtahanın ikinci fazasına buraxılırlar.

Bundan əvvəl yazılı imtahanın ikinci fazası Məhkəmə-Hüquq Şurasının toplaşaraq Hakimlərin Seçki Komitəsi tərəfindən yazılı imtahana təqdim edilməli olan inşa mövzularının sayının müəyyən edilməsi ilə başlayıb. İnşa mövzularının sayı cinayət, cinayət prosessual, mülki, mülki prossesual qanunvericiliyi bərabər əhatə etmək şərti ilə cüt rəqəmlə ifadə olunub. Məhkəmə-Hüquq Şurasının iclasından sonra Şuranın üzvlərindən biri qəbul edilmiş qərarı dərhal imtahan verilən auditoriyaya yaxın otaqda keçirilən Hakimlərin Seçki Komitəsinin qapalı iclasında açıqlayıb (imtahan bir neçə auditoriyada keçirildikdə Komitənin iclası inşa mövzularının seçiləcəyi auditoriyaya yaxın otaqda təşkil edilib). Bundan sonra Komitə üzvləri həmin iclasda 2 saat ərzində Şura tərəfindən müəyyən edilmiş sayda inşa mövzuları hazırlayıblar. Həmin inşa mövzuları Hakimlərin Seçki Komitəsinin yekdil qərarı ilə təsdiq edilib.

Dəyişikliyə əsasən, bu sahədə səlahiyyət bilavasitə Hakimlərin Seçki Komitəsinə həvalə olunub. Başqa sözlə, yazılı imtahanın ikinci fazası Hakimlərin Seçki Komitəsinin imtahandan bilavasitə əvvəl toplaşaraq öz qapalı iclasında yazılı imtahana təqdim edilməli olan inşa mövzularının sayının müəyyən edilməsi ilə başlayacaq. İnşa mövzularının sayı cinayət, cinayət prosessual, mülki, mülki prossesual qanunvericiliyi əhatə etmək şərti ilə cüt rəqəmlə ifadə olunmalıdır. Bundan sonra Komitə üzvləri imtahan verilən auditoriyaya yaxın otaqda keçirilən həmin iclasda müəyyən edilmiş sayda inşa mövzuları hazırlayacaqlar. Həmin inşa mövzuları Hakimlərin Seçki Komitəsinin yekdil qərarı ilə təsdiq ediləcək.

Qeyd edək ki, yazılı imtahanın ikinci fazasında hər bir inşa mövzusu ən çoxu 100 bal ilə qiymətləndirilir. Hər inşa mövzusuna görə 60 və ya daha çox bal toplamış namizəd yazılı imtahanın bu fazasından keçmiş hesab edilir. Şifahi imtahan açıq, hər bir namizədlə fərdi qaydada söhbət formasında, bir qayda olaraq 30 dəqiqəyədək aparılır. Şifahi imtahan zamanı hər namizədə 5 sual verilir. Namizədlərin cavabları hər bir sual üzrə 20 ballıq şkala ilə qiymətləndirilir və hər bir namizəd ən çoxu 100 bal toplaya bilər. 60 və ya daha çox bal toplamış namizəd şifahi imtahandan keçmiş hesab olunur. Yazılı və şifahi imtahandan müvəffəqiyyətlə keçmiş namizədlər tədris müəssisəsində təşkil olunan ilkin uzunmüddətli tədris kurslarına göndərilirlər. Tədris kurslarının müddəti Hakimlərin Seçki Komitəsi tərəfindən müəyyən edilir. Təlim mərhələsi tədris müəssisəsində təşkil olunur. Təlim mərhələsi başa çatdıqdan sonra hər bir namizəd qiymətləndirilir. Namizədin qiymətləndirilməsi tədrisin yekunları və namizədin Hakimlərin Seçki Komitəsi üzvləri ilə yekun müsahibənin əsasında həyata keçirilir. Namizədlərin qiymətləndirilməsinin nəticələri və ixtisaslaşdırılması haqqında rəylər (mülahizələr) Məhkəmə-Hüquq Şurasına təqdim olunur. Məhkəmə-Hüquq Şurası hakim vəzifəsinə seçilmiş namizədlər barəsində Hakimlərin Seçki Komitəsinin təkliflərinə baxır, onların seçilməsində qanunvericiliyin və bu Əsasnamənin tələblərinə əməl olunmasını aydınlaşdırır və namizədlərlə söhbət aparır. Söhbətin nəticələrinə və Hakimlərin Seçki Komitəsinin müvafiq rəyinə (mülahizəsinə) əsaslanaraq Məhkəmə-Hüquq Şurası namizədlərin ixtisaslaşdırılmasını aparır və hakim vəzifəsini tutmaq üçün müəyyən etdiyi minimum və daha çox bal toplamış namizədlərin vakant hakim vəzifələrinin sayına uyğun olaraq hakim vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir.

Femida.az

Açar sözlər:

Oxunub: 675