Qanunlar dəyişdi - Övladlığa götürmə asanlaşır


22:25     03 Dekabr 2019 19_12_03_1575397910.jpg

Övladlığa götürmə mexanizminin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 8 oktyabr 2019-cu il tarixli qanunvericilik təşəbbüsü əsasında Parlamentin plenar iclasının 3 dekabr 2019-cu il tarixli 3-cü oxunuşunda Ailə Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, Mülki Məcəlləsi, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edildi.



Qanun layihələrinə dəyişikliklər 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğunlaşdırmaq məqsədi daşıyır. Bu baxımdan qısa olaraq qeyd edim ki, yeni layihədə övladlığagötürmə sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi və elektronlaşdırılması, övladlığagötürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi və məsuliyyətliyin artırılması nəzərdə tutulub.

Bu layihə övladlığagötürmə sahəsində yeni modeli və elektron hökümət siyasətini özündə təcəssüm etdirir və təbii ki, bu modelin mərkəzində də uşağın mənafeyinin qorunması durur.

Yeni Qanun ölkə başçısının islahatlar proqramına tərkib hissəsidir və düşünürəm ki, qanunun qəbul olunması ilə övladlığa götürmə prosesi ilə bağlı bürokratik əngəlliklərin aradan qaldırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, idarəetmənin ASANlaşdırılması baxımından mühüm sənəd olacaq. Belə ki, yeni Qanuna görə vətəndaşlar sənəd toplamadan, bir çox təmaslardan azad olurlar və elektron şəkildə onların müraciətləri, ərizələri qəbul olunur. Bu həm də elektron hökümətin inkişafına bir töhvədir.

Mövcud icra olunan qanunvericiliyə əsasən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların 3 pilləli uçotu aparılırdı (ilkin uçotu yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları, mərkəzləşdirilmiş uçotu 3 yaşına qədər uşaqlar üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, 3 yaşdan yuxarı uşaqlar üzrə isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ümumi uçotu isə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi). Yeni yanaşma təkmil uçotun aparılmasına, uçotu aparılan şəxslər haqqında məlumatların real vaxt rejimində yenilənməsinə imkan verəcək. Eyni zamanda, yeni Qanunda övladlığa götürmə prosesinin 3 mərhələdə aparılması nəzərdə tutulub. Bunlar – övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi (bu mərhələnin özündə də övladlığa götürmək istəyən şəxslərlə müsahibələr və mənzil şəraitinin yoxlanılması, təlim, uyğunlaşma, müəssisədə uşaqlarla görüş və sınaq müddətində ailədə yerləşdirmə kimi alt mərhələlər olacaq.) və övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi mərhələlərindən ibarətdir. Bu mərhələlər övladlığa götürmə prosesində övladlığa götürmək istəyən şəxslərin həm həyat şəraitinin, həm övladlığa götürməyə olan motivlərinin, həmçinin uşaqla onların uyğunlaşmasının müəyyən edilməsinə imkan verəcəkdir. Həmçinin, bu qanunda valideyn namizədlərlə bağlı tələblər sərtləşdirilib. Belə ki, bir sıra kateqoriya cinayətləri törədən şəxslərin (sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə) övladlığa uşaq götürməsi qadağan edilir. Eyni zamanda, ovladlığa götürənlər – nigahda olan şəxslər üçün minimum yaş həddi 25, nigahda olmayanlar üçün 30 yaş, valideyn – namizədlə övladlığa götürülən uşaq arasında yaş fərqi 18 yaş kimi müəyyən edilib. Prezident İlham Əliyevin fərmanına uyğun olaraq bu prosesin dövlət icra mexanizmini müvafiq icra hakimiyyəti orqanı – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.

Milli Məclis Aparatının eksperti, fəlsəfə doktoru Zaur Adıgözəlov

Femida.az

Açar sözlər: #hüquq   #övlad   #qanun   #femida  

Oxunub: 666