Prezident təqaüdü kimlərə verilir? - Hüquqi maarifləndirmə


11:18     04 Dekabr 2019 19_12_04_1575443926.jpg


Azərbaycanda Prezidentin fərdi təqaüdü kimlərə verilir? Femida.az mövzunun hüquqi tərəflərini işıqlandırır.


Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə təsis edilib.

Təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına ödənilir. Təqüdü verən orqan Dövlət Sosial Müdafiə Fondudur.

Xidmətin hüquqi əsası:

- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanı;
- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında"Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 29 dekabr tarixli 803 nömrəli Fərmanı;
- Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli, 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə"nin 1.1 və 3.1.20-ci bəndləridir.


Xidmətin həyata keçirilməsi üçün təqaüd təyin olunan şəxs xidmət yerinə gələrək şəxsən müraciət etməlidir. Bunun üçün heç bir rüsum tələb olunmur. Tələb olunan sənədlər bunlardır:

- Hesablaşma aparmaq üçün bankda açılacaq şəxsi hesabın rekvizitləri
- Şəxsiyyəti təsdiq edən sənədin surəti
- Fərdi təqaüd təyin olunması barədə Azərbaycan Respublikası Prezidentinin fərmanının və ya sərəncamının surəti
- Ərizə


Tələb olunan məlumatlar təqdim edilmədikdə DSMF xidmətin göstərilməsindən imtina edə bilər. DSMF xidmətin göstərilməsindən imtina edərsə, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayətə 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

Təyin olunmuş təqaüd bankda açılmış şəxsi hesaba köçürülür. Fərdi təqaüd alan şəxs vəfat etdikdə təqaüdün ödənilməsi dayandırılır.

Hazırda Azərbaycanda prezident təqaüdünün məbləği 1450 manatdır. Yüksək balla universitetə qəbul olunmuş tələbələr üçün prezident təqüdü 210 manatdır. Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 400 manatdır. Böyük Vətən müharibəsi iştirakçılarına verilən Prezident təqaüdü 121 manatdır. Ötən ilin statistikasına görə, ölkədə 62,5 min nəfər Prezident təqüdü alır.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #prezident   #təqaüd   #hüquq   #qanun  

Oxunub: 11611