Milli Məclisin buraxılması: Hüquqi ŞƏRH


11:59     04 Dekabr 2019 milli%20meclis3.jpg

Son bir neçə gündür ölkəmizdə ən çox müzakirə olunan məsələ Parlamentin buraxılması məsələsidir. Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.


İclasda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılacaq.

Femida.az mətbuatın gündəmini zəbt edən mövzu ilə bağlı hüquqi tərəflərə aydınlıq gətirib. Mövzu ilə bağlı Femida.az-a açıqlama verən hüquqşünas Yalçın Hacızadə bildirib ki, parlamentin özünü buraxması qanunla göstərilməsə də qadağan da edilməyib.


Milli Məclis hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq qanunvericilik fəaliyyətin həyata keçirir. Qanunlar qəbul edir, icraedici aparat mövcud halda (Prezident Administrasiyası və Nazirlər kabineti) icra edir, Məhkəmə hakimiyyəti prokurorluq vasitəsilə qanunların dürüst icrasına nəzarət edir və müxtəlif məhkəmə instansiyaları vasitəsilə haqq-ədaləti qoruyur və bərpa edir.

Milli Məclisin fəaliyyəti əsasən Azərbaycan Respublikasının Konstitusiyası və Milli Məclisi deputatının statusu haqqında, Milli Məclisin komitələri haqqında və qanunla təsdiqlənən Milli Məclisin Daxili Nizamnaməsi ilə tənzimlənir.
Milli Məclisin buraxılması məsələsi Konstitusiyanın 98-1-ci maddəsinə 2016-cı ildə keçirilən referendumun qəbul edilməsi ilə əlavə edilib. Həmin maddə ilə Milli Məclisin buraxılması səlahiyyəti Prezidentə verilib.Maddəni ümumiləşdirsək, Milli Məclisin üzərinə götürdüyü vəzifələri yerinə yetirə bilməməsi halında və Prezident tərəfindən təsdiq olunması üçün təqdim edilən vəzifəli şəxsləri müəyyən edilmiş qaydada təsdiq etmədikdə onun Prezident tərəfindən buraxılmasının qaydasını müəyyən edir.


Mövcud halda vəziyyət necədir?


Parlamentdə böyük say üstünlüyünə malik olan partiya qərara gəlir ki, Milli Məclisdən çıxsın. Onlar bunu fərd halında da edə bilər, partiya qərarı ilə qrup halında da. Qəbul edək ki, hər bir mülki şəxsin, istər təyin olunmuş istərsə də seçilmiş şəxsin vəzifədən getmək hüququ var. Milli Məclisdə böyük üstünlüyə malik olan partiya parlamentdən getdiyi halda Konstitusiyanın 98-1-ci maddəsində nəzərdə tutulmuş şərtlər dərhal yaranacaq. Yəni, faktiki olaraq Milli Məclisin işi iflic olacaq, öz vəzifələrini icra etmək üçün yetərsay yaranmayacaq. Əlbəttə, mövcud halda bunu gözləmək arzu olunan deyildir ki, Milli Məclis öz fəaliyyətini dayandırsın, fəaliyyət göstərə bilməsin ondan sonra Prezident tərəfindən buraxılması məsələsi yaransın. Bilirik ki, siyasi hakimiyyət istəsəydi həmin vəziyyəti də yarada bilərdi və o da tam qanuni olardı.




Bəziləri bildirdi ki, bu hal qanunda göstərilməyib, ona görə də düzgün deyil.

Doğrudur, konstitusiyada Milli Məclisin özü tərəfindən buraxılması qaydası yoxdur. Amma, bu o demək deyilki, bu hal olmamalıdır və ya ola da bilməz. Azərbaycan qanunvericiliyi qanunla həyata keçirilməsinə icazə verilməyən əməlləri etməyi qadağan etmir. Yəni, parlamentin özünü buraxması qanunla göstərilməsə də qadağan da edilməyib. Biz bilirik ki, qanunlar zərurətdən yaranır. Misal üçün 20-30 il bundan qabar kiber cinayətkarlığa aid qanun yox idi və ya 40-50 il bundan əvvəl təbiəti mühafizə ilə əlaqədar nə qanun, nə konvensiya da nədə ki, hər hansı bir beynəlxalq təşkilat var idi. Hesab edirəm ki, gələcəkdə parlamentin özü tərəfindən buraxılması norması da konstitusiyaya əlavə ediləcəkdir.

Konstitusiya əsasən insan və vətəndaş hüquqlarının, insan və vətəndaşın hüquq və vəzifələrinin, dövlət idarəçiliyinin və hakimiyyətlər bölgüsü prinsipinin ümumi əsaslarını özündə ehtiva edir. Yəni, həyatda mövcud olan və olacaq hər sahə və hadisəni planlaşdıraraq ona dair normanı konstistusiyada nəzərdə tutmaq praktik baxımdan mümkün olmur. Elə buna görə də dövlətlər zaman-zaman konstitusiyalarına əlavə və dəyişikliklər edir, yeni qanunlar qəbul edirlər. Həyat dinamikdir və hər zaman yeni halların və ya münasibətlərin ortaya çıxdığının şahidi oluruq. Bizim də Konstitusiyamız 158 maddədən ibarətdir.

Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 2589