Vətəndaşlıqdan çıxmaq üçün hansı sənədlər lazımdır? - RÜSUM VƏ QAYDALAR


15:43     04 Dekabr 2019 19_12_04_1575459880.jpg


Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikası vətəndaşlığından çıxması və vətəndaşlığın bərpa olunması necə həyata keçirilir? Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində növbəti yazını təqdim edir.

Vətəndaşlıqdan çıxma və bərpanı icra edən qurum Dövlət Miqrasiya Xidmətidir. Xidmətin icrasında iştirak edən dövlət qurumları Prezident Administrasiyası, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyidir.

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununun 3-cü fəsili, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə" və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"nin 9.18-ci bəndi vətəndaşlıqdan çıxmaq üçün hüquqi bazanı təşkil edir.

Şəxs vətəndaşlıqdan çıxmaq üçün müvafiq miqrasiya orqanına gəlməklə şəxsən müraciət etməlidir. O, 6 ayadək vətəndaşlıqdan çıxmaq istədikdə 400 dollar, 6 aydan çox müddəti gözləsə, 110 manat rüsum ödəməlidir.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti toplanmış sənədlər əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.



Vətəndaşlıqdan çıxmaq üçün aşağıdakı sənədlər tələb olunur:

- Ərizə-anket
- 4 ədəd 3x4 sm ölçüdə fotoşəkil
- Şəxsiyyəti təsdiq edən sənədin surəti
- Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər
- Dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması barədə müvafiq sənədlər
- Dövlət rüsumunun ödənilməsi barədə sənəd

Qanunvericilikdə nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə xidmətin həyata keçirilməsindən imtina edilir.

Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Prezidentin adına yazılmış ərizə-anketi ölkədə yaşayan vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə təqdim edirlər.

DMX və ya XİN həmin sənədlərin bir nüsxəsini baxılmaq üçün DTX-a göndərir. DTX və DİN-ə göndərilmiş sənədlər rəylərlə birlikdə geri qaytarılır. Rəy materialları Prezident yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilir. Həmin Komissiyanın qəbul etdiyi qərar əsasında Prezident şəxsin vətəndaşlığına xitam verilməsi barəsində sərəncam verir.

Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay müddətində baxılır. Vətəndaşlığa xitam verilməsi barədə sərəncam Prezident Administrasiyası tərəfindən DMX, XİN, DİN-ə göndərilir. DMX və XİN isə vəsatət qaldıran şəxsə yazılı məlumat verir. Eyni zamanda, DİN və XİN vətəndaşlığı təsdiq edən sənədləri verən orqanları (vəzifəli şəxsləri) müvafiq tədbirlər görülməsi üçün xəbərdar edir.

Azərbaycan Respublikasının vətəndaşlığına xitam məsələləri ilə bağlı qəbul edilmiş qərarlar barədə məlumatlar "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə və Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə daxil edilir.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #qanun   #hüquq   #vətəndaş   #DİN   #DTX   #XİN   #DMX   #prezident  

Oxunub: 3109