Qadınların yerli idarəetmədə iştirakı üçün şərait varmı? - Azərbaycanı Avropada təmsil edən bələdiyyə üzvü şərh edir


09:19     05 Dekabr 2019 2019/12/12_1575523137.jpeg


Məqalə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi" layihəsi çərçivəsində hazırlanıb.


Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsası 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir.

Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda əksini tapmış əsas insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu bu Konstitusiyada qadınların cəmiyyət həyatındakı yeri və rolu, qadın siyasətinin fundamental prinsipləri də əksini tapıb. Əsas Qanunda gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik və hüquq tətbiqi səviyyəsində qarşısının alınması üçün zəruri hüquqi baza mövcuddur. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilir. Qadın siyasətinin daha çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirilməsi, yeni dövrün tələbləri səviyyəsində qurulması məqsədilə son illərdə beynəlxalq təcrübə də dərindən öyrənilib. Azərbaycan Respublikası bir sıra mühüm beynəlxalq paktlara, sazişlərə qoşulub, insan hüquq və azadlıqlarının təşviqi üzrə qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya da daxil olmaqla bir sıra beynəlxalq sazişləri ratifikasiya edib. Eyni zamanda, hüquqi bazanın yenidən təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası qanunları qəbul olunub.

Elə konstitusiyamızdan çıxış edərək Azərbaycan qadınının seçkili sitemlərdə də fəallığının artırdığını qeyd etmək yerinə düşər. Gələn ay keçiriləcək bələdiyyə seçkilərində qadınların siyasi fəallığının ən azı ötən seçkidən daha çox olacağı proqnozlaşdırılır. Bakı şəhər Nərimanov rayonu bələdiyyəsinin üzvü, Sosial məsələlər və gənclərlə iş komissiyasının sədri Samirə Hüseynova da bu cür düşünür:

“Bələdiyyə seçkilərində qadınların siyasi fəallığı hər növbəti seçkidə artır. Nəticələr statistik olaraq göz qabağındadır. Çox istərdik ki, bu göstərici təkcə kəmiyyət baxımından deyil, həm də keyfiyyət baxımından da artsın. Çünki idarəetmənin əsasını keyfiyyətli idarəetmə təşkil etməlidir. Təəssüf ki, bəzən qadınlarımız seçkilərdə qələbə qazansa belə, bu missiyanı sona qədər çatdırmırlar. Bəzən yolun başında, bəzən bir qədər sonra fəaliyyətlərini dayandırırlar. Baxmayaraq ki, müasir dövrdə qadınların ictimai-siyasi həyatda fəal iştirakı üçün yüksək səviyyədə hüquqi baza təşkil olunub, qadınlar bu istiqamətdə aparılan işlərdən kifayət qədər faydalanmırlar. Ola bilsin bunun üçün daha geniş maarifləndirməyə ehtiyac var.

Bələdiyyə idarəçiliyində kişi və qadınlar arasında bərabər hüquq və imkanlar yaradılıb. Ali Qanunumuz olan Konstitusiyadan başlayaraq bələdiyyələr haqqında Azərbaycan Respublikasının bütün digər qanunlarında da qadın-kişi ayrıseçkiliyinə yol verilmir. İstər idarəetmədə, istər digər fəaliyyət sahələrində qadınların kişilərlə bərbər hüquqlara malik olduğu qeyd edilir”.




Qadınının ictimai-siyasi fəallığını artırmaq cəmiyyətin inkişafı deməkdir. Ölkədə gender siyasətinin tələblərinə uyğun olaraq qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunsa da, müxtəlif nazirliklər və icra hakimiyyəti orqanlarında gender balansı aşağı səviyyədədir. Təkcə bələdiyyə orqanları bu baxımdan digər idarəedici orqanları qabaqlayır.

Qadın hüquqları Konstitusiyada təsbit olunub və dövlət siyasətində əksini tapıb. Hazırda ölkədə bir çox qeyri-hökumət qadın təşkilatları fəaliyyət göstərir. Azərbaycanda qadınlar siyasi və ictimai həyatda, xüsusilə də, qərar qəbuletmə orqanlarında, o cümlədən regional və yerli bələdiyyələrdə təmsil olunurlar.

Azərbaycanda gender siyasətinin tələblərinə uyğun olaraq ölkədə qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunub, bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılıb. Artıq bu hissədən sonra əsas yük qadının üzərinə düşür. Artıq Azərbaycan qadını bir qədər adət-ənənə stereotiplərinin formalaşdırdığı çərçivəni qırmalı və daha da aktiv olmalıdır.

Bu aspektdən çıxış edən S.Hüseynova bildirir ki, qadınlar ictimai-siyasi proseslərin iştirakçısı yox, həm də qərar verən qüvvəsi olmağa can atmalıdır. Onun sözlərinə görə, qadınlar özləri də fəal olmağa, ona verilən hüquqlardan istifadə etməyə çalışmalıdır:

“Dayanıqlı İnkişafın əsas prinsiplərindən biri olan gender bərabərliyinin təmin edilməsi daha çox qadınların özündən asılıdır. Çünki qadın fəal olmazsa, hüquqlarından istifadə etməzsə, gender bərabərliyinin təmin edilməsindən söhbət gedə bilməz. Bu təşəbbüs ilk öncə qadının özündən gəlməlidir.
Bələdiyyə seçkilərində qadınların siyasi fəallığını artırmaq üçün daha çox maarifləndirməyə ehtiyac var. Qadınlar yerli özünü idarəetmənin nə olduğunu və bu idarəetmədə qadın iştirakçılığının nələrə gətirib çıxaracağını anlamalıdır.

Azərbaycanda əhalinin 50 faizindən çoxunu qadınlar təşkil edir. Məntiqi nəticədir ki, qadınlar ölkədə baş verən bütün proseslərin fəal iştirakçısına çevrilirlər. Bu amil artıq qadınların bu prosesdə sadəcə iştirakını yox, həmçinin bu prosesləri idarə etmələri zərurətini yaradır. Xüsusilə də yerli səviyyədə baş verən proseslərdə qadınlar qərarvermədə təmsil olunmalıdırlar.

Bələdiyyə fəaliyyətinin əsas sahələrindən biri də sosial məsələlərin həllidir. Tarixi həqiqət göstərir ki, cəmiyyətdə bu problem qadınların çiynindədir. Qadınlar sosial problemlərin öhdəsindən daha məharətlə gəlirlər. Bu baxımdan bələdiyyədə qadın təmsilçiliyinin əhəmiyyəti danılmazdır və getdikcə artacaq”.


Qeyd edək ki, Samirə Hüseynova həm də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycanın nümayəndə heyətinin üzvüdür. O, beynəlxalq təcrübədən yararlanmağı və həmin təcrübəni Azərbaycanda təbliğ etməyi vacib hesab edir:

“Bu gün yerli özünüidarəetmədə təmsil olunan, ölkənin ictimai-siyasi həyatında iştirak edən bir qadın kimi əminliklə deyə bilərəm ki, qadınların idarəetmə qabiliyyətini, intellektual bacarıqlarını nümayiş etdirməsi üçün bütün hüquqi şərait yaradılıb. Təsadüfi deyil ki, mən bu gün Azərbaycanı beynəlxalq tribunada - Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində təmsil edirəm. Beynəlxalq təcrübədən yararlanır, həmin təcrübəni Azərbaycanda təbliğ edirəm. Beynəlxalq tribuada Azərbaycan qadınları adından söz deyə bilirəm. Məncə bu dövlətimiz üçün böyük nailiyyət, qadınlarımız üçün önəmli nüansdır. Qadınların ictimai-siyasi fəallığı, gender bərabərliyi Avropa Şurasının prioritet məsələlərindəndir. Hazırda Avropada qadınlar ictimai-siyasi xadim, bələdiyə sədri, şəhər meri olaraq millətinə xidmət edir. Çox istərdim ki, bu təcrübə Azərbaycanda da inkişaf etsin. Biz də Azərbaycan qadınının timsalında nə qədər güclü olduğumuzu nümayiş etdirə bilək”.

Femida.az

Açar sözlər: #bələdiyyə   #qadın   #hüquq   #gender   #femida   #seçki  

Oxunub: 1598