Milli Məclis buraxılsa da, bu hallarda toplana bilər


16:59     05 Dekabr 2019 milli-meclis.jpg

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Milli Məclisinin buraxılması barədə sərəncam verib. Sərəncama əsasən, Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisi buraxılıb və növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.


Femida.az xəbər verir ki, parlamentin buraxıldığına baxmayaraq onun qanunvericilik fəaliyyəti ilə əlaqədar olmayan və dövlətin fəaliyyəti üçün həyati əhəmiyyət kəsb edən bəzi səlahiyyətləri saxlanılır.

Bu səlahiyyətlərə hərbi və ya fövqəladə vəziyyət elan edilməsi barədə Prezident Fərmanlarının təsdiqi, Silahlı Qüvvələrin təyinatına uyğun olmayan vəzifələrin icrasına cəlbinə, müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi, habelə Azərbaycanın beynəlxalq təşkilatlarda və ya beynəlxalq parlamentlərarası əməkdaşlıq qurumlarında təmsil edilməsi daxildir.

Belə ki, Konstitusiyanın 111-ci maddəsinə əsasən, Azərbaycan Prezidenti Azərbaycan ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqda, xarici dövlət və dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycana qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycanın bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Milli Məclisin təsdiqinə verir.

Konstitusiyanın 112-ci maddəsinə görə, Azərbaycan Prezidenti təbii fəlakətlər, epidemiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama, habelə dövlət çevrilişinə yönələn hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat ərzində Milli Məclisin təsdiqinə verir.

Göründüyü kimi, Milli Məclisin fəaliyyəti dövlətin, cəmiyyətin və insanların qorunması, Azərbaycan Prezidentinin hərbi və fövqəladə vəziyyətin elan edilməsi barədə fərmanlarının təsdiq olunması və digər bu kimi həyati funksiyaların həyata keçirilməsi ilə bağlıdır.

Eyni zamanda, Milli Məclisin deputatları Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərlə, habelə bir sıra beynəlxalq təşəbbüslərlə bağlı müxtəlif beynəlxalq parlamentlərarası əməkdaşlıq qurumlarının fəaliyyətində iştirak edirlər.

Bu səbəbdən parlament buraxıldıqdan sonra həmin səlahiyyətlərin müvəqqəti saxlanılması zəruri hesab edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 328