DİN-in polkovniki təqaüdə göndərilib


17:40     05 Dekabr 2019 vilayet.jpg

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəis müavini – “Mübariz Keşikdə” qəzetinin redaktoru, polis polkovniki Cavid Xaspoladov təqaüdə göndərilib.


Femida.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, C.Xaspoladov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Bununla əlaqədar keçirilən yolasalma mərasimində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, DİO əməkdaşlarının cinayətkarlıqla mübarizədə, respublikada ictimai-siyasi sabitliyin və dövlətçiliyin qorunması sahəsində fədakar xidmətinin təbliğ olunmasında göstərdiyi peşəkarlığı, Mətbuat Xidmətinin rəis müavini, redaktor kimi 25 illik qüsursuz fəaliyyətini yüksək qiymətləndirib. V.Eyvazov bundan sonra da ona yaradıcılıq uğurları arzulayıb, qazandığı təcrübəni gələcəkdə də gənclərlə bölüşəcəyinə, onların Vətənə, dövlətçiliyə, anda sədaqət ruhunda tərbiyə olunmaları, cəmiyyətdə polisin yüksək nüfuzunun və imicinin qorunub-saxlanması işinə yeni töhfələr verəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, polis polkovniki Cavid Xaspoladovun xidmətləri fəaliyyəti ölkə və DİN rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. O, “İgidliyə görə” medalı ilə təltif olunub, DİN-in bir çox mükafatlarına layiq görülüb.

Sonda nazir Vilayər Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in “Fəxri fərman”ını C.Xaspoladova təqdim edib.

Yüksək diqqət və qayğıya, xoş sözlərə görə minnətdarlığını bildirən Cavid Xaspoladov öz bilik və bacarığını, təcrübəsini bundan sonra da əsirgəməyəcəyinə, polisin şərəfini daim uca tutacağına söz verib.

Femida.az

Açar sözlər:

Oxunub: 357