Efirdə qanun səhvi - Düzəliş


10:58     06 Dekabr 2019 2019/12/memur-kreslosu_1575615511.jpg

Space TV-də yayımlanan “Sadə həqiqətlər” proqramında efirə səhv anlaşılacaq ifadələr verilib.


Femida.az xəbər verir ki, Azərbaycan Respublikasının keçmiş Baş prokuroru Əli Ömərov müsahibəsində “Baş prokuror, prokuror, müstəntiq və hakim zərər çəkən şəxsdirsə, o eyni vəzifədə qala bilməz. Mən də zərərçəkmiş şəxs olduğumdan istefa verdim" ifadələrini səsləndirib.

Keçmiş baş prokuror bu ifadələri Cinayət prosessual məcəlləsinə istinadən bildirib.

Həmin hissəni aşağıdakı videonun 20:39 -cu dəqiqəsindən izləyə bilərsiniz.





Femida.az Əli Ömərovun efirdə səsləndirdiyi fikirlərlə bağlı vəkil Sadiq əfəndiyevlə əlaqə saxlayıb.


Baş prokuror zərərçəkmiş şəxs olarsa vəzifəsindən istefa verməlidirmi?



Vəkil bildirib ki, efirdə səsləndirilən fikirlər doğru deyil. Qanunda belə göstəriş yoxdur.




Sadiq Əfəndiyev bildirib ki, Cinayət prosessual məcəlləsində prokurora etiraz hüququ var.

Cinayət – prosessual hüququnda cinayət prosesinin obyektivliyini və qərəzsizliyini təmin etmək üçün etiraz institutu fəaliyyət gösətirir. Cinayət prosesində etiraz edilə bilən şəxslərdən biri də cinayət prosesində iştirak edən prokurordur. Cinayət prosesində prokuror 2 formada - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və məhkəmədə dövlət ittihamını müdafiə edən şəxs kimi iştirak edir. Qüvvədə olan cinayət prosessual qanunvericilikdə prokurora etiraz etmək üçün nəzərdə tutulan əsaslardan biri də onun həmin cinayət işi və ya cinyət təqibi ilə bağlı digər material üzrə zərərçəkmiş şəxs olmasıdır. Bu o deməkdir ki, prokuror özünün zərərçəkmiş şəxs olduğu hər hansı material üzrə həyata keçirilən cinayət prosesində ibtidai araşdırma zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi, məhkəmə prosesi zamanı isə dövlət ittihamını müdafiə edə bilməz. Belə olan halda, o, özünün özünə verdiyi və yaxud cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş etiraz əsasında həmin iş üzrə cinayət prosesindən kənarlaşdırılır. Burada “kənarlaşdırılma” anlayışını vəzifədən istefa vermə yaxud azad olunma ilə eyniləşdirmək düzgün deyildir. Çünki kənarlaşdırma zamanı prokuror yalnız zərərçəkmiş olduğu iş üzrə cinayət prosesindən kənarlaşdırılır, digər işlər üzrə isə öz vəzifə səlahiyyətlərini həyata keçirməkdə davam edir.


"O ki, qaldı hər hansı cinayət əməlinə məruz qalmış Baş prokurorun öz vəzifəsindən istefa verməsinə, bunun cinayət-prosessual qanunvericiliyinə və etiraz instituna heç bir aidiyyəti yoxdur. Onun bu hərəkətləri hüquqi baxımdan deyil, siyasi baxımdan qiymətləndirilməli olan bir məsələdir", deyə vəkil Sadiq Əfəndiyev bildirib.


Miri Məcidli
Femida.az


Açar sözlər: #Baş_prokuror   #Hüquqi_yardım   #xəbərlər  

Oxunub: 1755