Hüquqi dəyərlərə söykənən addımlar yalnız hüquqi dövlətdə atıla bilər


13:16     06 Dekabr 2019 2019/12/bilancia-Avvocato-Antonio-Pedrazzoli1_1575623851.jpg

Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu bir-birindən ayrılıqda effektiv olmayan bir tandemdir. Nə qədər qanunlar qəbul edilsə də, hüquqi baza mükəmməl formada hazırlanmış olsa belə, vətəndaş cəmiyyəti institutları olmadan dövlətçiliyin əsaslarını möhkəmləndirmək olmaz. Eləcə də hüquqi baza olmadığı dövlətdə vətəndaş cəmiyyəti mövcud ola bilməz.


1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ilə Azərbaycanda məhkəmə-hüquq islahatları başlandı. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması göstərildi, insan hüquq və azadlıqlarına xüsusi yer ayrıldı, onların təmin edilməsi isə dövlət siyasətinin əsas məqsədi kimi müəyyən edildi.
“Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun” deyən ümummilli lider Heydər Əliyev Əsas Qanun hazırlanarkən ənənəvi hüquqi dövlət ideyaları ilə yanaşı, onların milli dəyərlər və müasir yanaşmalarla zənginləşdirilməsinə xüsusi diqqət yetirmişdi.
Bu gün Azərbaycanda müxtəlif siyasi partiyaların, ictimai təşkilatların, QHT-lərin, KİV-lərin fəaliyyəti üçün yaradılmış şərait plüralizmdən xəbər verir.

Hüquqi dövlət yolunda mühüm addımlar

Mövcud qanunvericiliyimiz hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. Xüsusilə son məhkəmə-hüquq islahatlarından sonra bu sahəyə nəzarət daha da güclənib. Məsələn, qanunvericilik hakimlərə geniş hüquqlar versə də, onların üzərinə böyük məsuliyyət qoyur. Təkcə bu il Məhkəmə-Hüquq Şurası 6 hakimi vəzifədən azad edib. Korrupsiya və süründürməçiliyə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib. Cəmiyyətin də bu sahədəki birinci tələbi elə budur: Vəzifə səlahiyyətlərindən sui-istifadə edən hakimlərin ümumiyyətlə, bu sistemdən uzaqlaşdırılması və hakimlərin sayının şəffaf müsabiqə yolu ilə çoxaldılması. Artıq 450 namizəd arasında imtahanlar keçirilib və 189 nəfər növbəti mərhələyə vəsiqə qazanıb. Ən əsası imtahanlarda namizədlər sualları kompüter vasitəsilə cavablandırır və imtahanın gedişatı onlayn yayımlanır. Nəticələr isə dərhal açıqlanır ki, bu da nəticələrin dəyişdirilmə ehtimalını sıfıra endirir. Düzdür, hələ də vicdanla çalışmayan hakimlər var. Amma bütün hakimləri bir anda işdən çıxarmaq olmaz. Yenilənmə pillə-pillə aparılmalıdır.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, məhkəmə-hüquq sahəsi üzrə ekspert Əliməmməd Nuriyev hesab edir ki, 2019-cu il 3 aprel fərmanı hüquqi dövlət quruculuğunda ciddi irəliləyiş yaradacaq:

“Fərmanın mahiyyətini analiz edəndə görünür ki, islahatlar hüquqi dövlət quruculuğuna xidmət edir. Fərmanda yeni institutların yaranması ilə bağlı məsələ öz əksini tapıb. Məsələn, gələn ildən fəaliyyətə başlayacaq Kommersiya Məhkəməsi sahibkarların məhkəmələrə çıxış imkanına böyük töhvə verəcək.
Bundan başqa alternativ ekspertizanın tətbiqi vurğulanmalıdır. İndiyə qədər yalnız dövlət orqanları ekspertiza aparırdı. Bu, həm monopoliya yaradırdı, həm də həmin ekspertiza mərkəzinə böyük iş düşürdü. Alternativ ekspertizalar tərəflərin bərabərliyi baxımından çox vacibdir. Bu, onların seçim imkanını çoxaldacaq”.

Ə.Nuriyevin sözlərinə görə, məhkəmə proseslərində işlərə daha peşəkar hakimlər tərəfindən və daha qısa müddətdə baxılması vacibləşib. Bir hakim ayda təxminən 110-120, ildə 1500-dən çox işə baxır. Bu da ədalət mühakiməsinin keyfiyyətinə təsir göstərir. Hakimlərin sayının artırılması onların iş yükünü azaldacaq. Eyni zamanda, məhkəməyəqədər məsələlərin həlli ilə bağlı alternativlər - arbitraj və mediasiyadan istifadə iş yükünün azalmasına kömək edəcək.
Azərbaycanda elektron məhkəmə sistemi qurulub. Artıq məktublaşma dövrü tarixə qovuşur, vətəndaşlar proseslərin yeri, vaxtı və hansı mərhələdə olduğu barədə özü sistemə girib məlumat ala bilir. Qısa müddətdə məhkəməyə lazım olan arayışlar, sorğular elektron qaydada və operativ şəkildə əldə ediləcək. Adi bir misal: artıq Azərbaycanda günün istənilən saatında notariusa getmədən mobil telefon vasitəsi ilə avtomobillər üçün etibarnamə vermək mümkündür. Azərbaycanda elektron məhkəmə sistemində görülən işlərin 69 faizi yekunlaşıb.

Xüsusi vurğulanmalıdır ki, əvvəllər hüquq-mühafizə sahəsinin ən qapalı qurumlarından sayılan Prokurorluq və Ədliyyə orqanları əvvəlki görüntüsündən xilas olub. Mediaya açıq çalışmağa, məlumatları operativ şəkildə çatdırmağa başlayıblar. Vətəndaşların ədliyyə orqanlarına müraciət etmə imkanları elektronlaşdırılıb. Artıq kiminsə qəbuluna düşmək üçün bir neçə “qapıdan keçmək” prinsipi ləğv olunub.
Ölkədə alternative - icra qurumlarının yaradılması planlaşdırılır. Bu da ildə qəbul edilən 1 milyona yaxın məhkəmə qərarının icrasının sürətləndirəcək.
Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi rüşvətxor məmur və iş adamlarının qorxulu yuxusuna çevrilib. Korrupsiya faktları qat-qat azalıb. Təkcə ötən il Baş İdarə tərəfindən vətəndaşların 8058 müraciətinə baxılıb.
Vaxtilə cəmiyyətin etibar etmədiyi polis artıq bu gün xalqın dostuna çevrilib. İnsanlarda təhlükə hiss etdiyi zaman polisə müraciət etmək mədəniyyəti formalaşıb. Mediada “polis vətəndaşı xilas etdi” başlıqlarını görmək adi hala çevrilib. Xalq onu qoruyan polisini sevməyə başlayıb.
Penitensiar sistemdə islahatlar nəticəsində məhbusların hüquqları genişləndirilib, şəxsi təhlükəsizlik, vicdan və din azadlıqlarına təminat verilib. Tibbi xidmətlər və qidalanmaları yaxşılaşdırılıb.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) ötən günlərdə dəyişdirilib. Gəncləşdirmə siyasəti nəticəsində bu posta daha gənc, aktiv və hüquq sahəsində geniş təcrübəsi olan Səbinə Əliyeva gətirilib.

Qeyd edək ki, hüquqi sahədə ən sürətli inkişaf bəlkə də vəkillik institutunda qeydə alınıb. Vəkilliyin inkişafı məqsədilə son bir ildə görülən işlər çox böyükdür. Artıq hüquq məzunları təkcə prokuror, polis, hakim yox, həm də vəkil olmağı arzu edirlər. Bu gün ölkədə vəkillərin sayı 1700-ə yaxınlaşır. Vəkillər Kollegiyası bölgələrə mütəmadi səfərlər edir, vətəndaşlara pulsuz hüquqi yardım göstərilir. Kollegiya ictimaiyyətə tam açıq bir quruma çevrilib. Aztəminatlı şəxslərə hüquqi yardım dövlət hesabına göstərilir. Kollegiya sədri Anar Bağırov son 2 ildə vəkillik instutunun bir çox nailiyyətlər əldə etdiyini qeyd edir:

“Vəkilliyə qəbul prosesi çox sadələşdirilib. 2017-ci ildən bəri vəkillərin sayı 83 faiz çoxalıb. Dövlət hesabına hüquqi yardıma görə ödənilən vəsait 3 dəfə artırılıb. Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində yer alan elektron vəkil kabinetlərində "Elektron məhkəmə” portalına çıxış təmin edilib. Eyni zamanda saytda bütün vəkillər haqqında informasiyalar yerləşdirilib. Kollegiya beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Ölkə üzrə vəkil qurumlarının sayı 80-ə yaxınlaşır. Eyni zamanda hakimlərlə qeyri-prosessual münasibətlərə girən vəkillərə qarşı ciddi intizam tədbirləri görülür. “ASAN xidmət” mərkəzlərində aztəminatlı əhaliyə pulsuz hüquqi yardım xidmətlərinin təşkil edilib”.

Qeyd edək ki, yuxarıda sadalanan bütün hüquq-mühafizə qurumları sosial şəbəkələrdə aktiv fəaliyyətə və vətəndaşları operativ məlumatlandırmağa başlayıb.

İctimai nəzarət və vətəndaş rifahı

Hüquqi dövlət quruculuğunun nizamlı xətt üzrə aparılmasına təkan verəcək bir neçə amil var ki, onlardan biri də ictimai nəzarətdir. Prezident İlham Əliyev qeyd edir ki, ictimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz:

"Biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər”.

Azərbaycanda ictimai nəzarətin mövcudluğunu təmin edən hüquqi baza tam formalaşıb. Qalır bircə vətəndaşlarımızın hüquqi biliklərə yiyələnməsi və qanunvericilikdən xəbərdar olmaları. Etiraf etməliyik ki, bəzən vətəndaşlar çəkingən davranır, hüququn aliliyinə inamsızlıq nümayiş etdirirlər.
Unutmayaq ki, insanlara onların sahib olduğu hüquq və azadlıqları ən yaxşı şəkildə vətəndaş cəmiyyəti çatdıra bilər. Bu yerdə Azərbaycanda vətəndaşların rifahını artırmağa yönəlmiş son illərdəki iki ən önəmli məqamı vurğulamaq yerinə düşər: “ASAN Xidmət” şəbəkəsinin genişlənidirilməsi və problemli kreditlərlə bağlı Prezidentin 28 fevral fərmanı.
Azərbaycan məhsulu olan "ASAN xidmət” mərkəzlərinin sayı bu gün artıq 16-a çatıb. Ötən ay “ASAN xidmət”də 34 milyonuncu vətəndaş müraciəti qeydə alındı. Səyyar “ASAN xidmət”lər isə Azərbaycanı qarış-qarış gəzərək bu günədək 2 milyon müraciəti qeydə alıb. Ən əsası bu qurumda vətəndaşlara xidmət şəffaflıq prinsipi əsasında göstərilir.
Bu il fevralın 28-də Prezident tərəfinfən imzalanmış fərmanla düz 850 min nəfərin problemli kredit məsələsi öz həllini tapdı. Devalvasiya nəticəsində vətəndaşların dollar kreditlərinə görə ödədiyi artıq məbləğlər geri qaytarıldı. Manatla olan problemli kreditlər üçün isə illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddət verildi.
Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşdığına ən yeni və bariz nümunə kimi bir neçə gün öncə Milli Məclisin deputatlarının parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməsini göstərmək olar. Millət vəkilləri parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət etdi. Prezident isə öz növbəsində qanunların aliliyini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinə sorğu göndərdi. Məhkəmənin qərarına əsasən, parlamentin buraxılması qanunauyğun hesab edildi.

Konstitusiya Məhkəməsi Plenumunun iclasının eksperti, Hüquq üzrə fəlsəfə doktoru, BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov prosesin tam hüquqi zəmin içində aparıldığını qeyd edir:

“Azərbaycan Repsublikası Konstitusiyasının 98.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxa bilər. Bu maddədə buraxılma halları konkret olaraq göstərilib. Həmin hallar 3 qrupa bölünür. Birincisi Milli Məclis Azərbaycan Repsublikasının Nazirlər Kabinetinə 2 dəfə etimadsızlıq göstərdiyi halda çağırışın bir ili ərzində. İkincisi, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyət göstərməsi üçün zəruri olan sayda üzvləri Azərbaycan Repsublikası Prezidenti tərəfindən iki dəfə təqdim edildiyi halda əgər Milli Məclis tərəfindən təsdiq olunmazsa, Prezident Milli Məclisi buraxa bilər. Üçüncü halda isə Milli Məclis Konstitusiyada nəzərdə tutulan vəzifələrini həyata keçirmək iqtidarında olmadıqda Prezident Milli Məclisi buraxa bilər. Milli Məclisin öz təşəbbüsü ilə özünü buraxması qanunvericilikdə nəzərdə tutulmasa da, bu hüququ məhdudlaşdıran bir müddəa olmadığına görə, MM-in deputatları belə bir təşəbbüslə çıxış edə bilərlər. O cümlədən millət vəkilləri 2 dekabr 2019-cu ildə bu təşəbbüslə çıxış etdilər. Nəticədə Milli Məclisin buraxılması üçün tam hüquqi cəhətdən zəmin var idi”.

Bütün bunlar hüquqi dövlət yolunda atılan, vətəndaş cəmiyyətinə əsaslanan addımlardır, onları gözardı etmək olmaz. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğundakı dinamika ən qısa zamanda özünü göstərəcək.

Amin Nəzərli

Qeyd: Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

Femida.az

Açar sözlər: #qanun   #hüquq   #dövlət   #vətəndaş   #cəmiyyət   #femida   #KİVDF  

Oxunub: 2255