Baş prokurorun müavini Vyetnamda beynəlxalq konfransda iştirak etdi


15:54     06 Dekabr 2019 2019/12/15756315141149723425dea3a9a5bf28_1575633294.jpeg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini gücləndirməklə yanaşı, bu sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlar və digər dövlətlərin ixtisaslaşmış orqanları ilə qurulan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsini daim diqqətdə saxlayır.


Baş Prokurorluğun Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, bu istiqamətdə formalaşan müsbət tendensiyanın davamı olaraq, ölkəmiz bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə səmərəli əməkdaşlığını uğurla davam etdirir.

Dekabrın 3-dən 6-dək Vyetnamın paytaxtı Hanoy şəhərində qeyd edilən təşkilatın Asiya İnkişaf Bankı (ADB), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Vyetnam hökuməti ilə birgə təşkilatçılığı əsasında “İnfrastruktur layihələrində korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilib.

Müxtəlif ölkələrin yüksək vəzifəli dövlət rəsmiləri, eləcə də anti-korrupsiya qurumlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə büdcə vəsaitləri hesabına reallaşdırılan infrastruktur layihələrində korrupsiya risklərinin müəyyən edilməsi yolları və ona qarşı təsirli tədbirlərin görülməsi, eləcə də bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində dürüstlük standartlarının təşviqi imkanları müzakirə edilib. Görüşlərdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İxtisaslaşmış anti-korrupsiya qurumlarının və bir sıra beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi panel müzakirələrdə geniş təqdimatla çıxış edən nümayəndə heyətinin rəhbəri korrupsiya amilinin qlobal müstəvidə cəmiyyətlərin sabitliyinə, davamlı iqtisadi inkişafa və demokratik təsisatların qurulması prosesinə göstərdiyi mənfi təsirlərdən danışıb, ölkələrin bu sahədə daxili imkanları ilə yanaşı, beynəlxalq əməkdaşlıq əlaqələrini də səfərbər etməsinin əhəmiyyətini qeyd edib. Korrupsiyaya qarşı mübarizənin Prezident İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu vurğulayan nümayəndə heyətinin rəhbəri ölkəmizdə həyata keçirilən institusional və qanunvericilik tədbirləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, həmçinin korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin uğurlu nümunəsini təşkil edən “ASAN Xidmət” modeli barədə məlumat verərək ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirdiyini bildirib, müxtəlif beynəlxalq və regional təşkilatlar, o cümlədən digər ölkələrin ixtisaslaşmış anti-korrupsiya qurumları ilə qurulan səmərəli əməkdaşlıq əlaqələri barədə məlumat verib.

Bundan başqa, nümayəndə heyətinin rəhbəri çıxışında Azərbaycanın yürütdüyü iqtisadi-sosial siyasətinin mərkəzində azad biznes və investisiya mühitinin inkişaf etdirilməsinin dayandığını və ölkəmizdə bu sahənin daha da tərəqqisi üçün ardıcıl islahatların həyata keçirildiyini qeyd edib, bu il həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm elementini təşkil edən kommersiya məhkəmələrinin və mediasiya qurumlarının təsis edilməsi, bu islahatların müsbət nəticələrinin ölkəmizin beynəlxalq reytinqlərdəki mövqelərində öz əksini tapdığını bildirib.

Mötəbər reytinq hesabatı olan Dünya Bankının "Doing Bussines 2019" hesabatında Azərbaycanın mövqeyinin 190 ölkə arasında 25-ci yerdə, kiçik investorların maraqlarının qorunması indikatoru üzrə 2-ci yerdə, biznesə başlama indikatoru üzrə isə ilk onluqda qərarlaşması ilə dünyanın ən çox islahat aparan ölkəsi elan olunması barədə tədbir iştirakçılarına ətraflı məlumat verən Baş prokurorun müavini bu göstəricilərin ölkəmizin sahibkarlıq mühitinə də töhfə verdiyini bildirib, korrupsiyaya qarşı mübarizə standardlarının tətbiqinin hər bir sahədə olduğu kimi özəl sektor və investisiya mühitində də təşviq edildiyini, bu gün Azərbaycanda öz antikorrupsiya meyarlarını və etik davranış qaydalarını formalaşdıraraq tətbiq edən investisiya şirkətlərinin faiz nisbətinin günü-gündən artdığını diqqətə çatdırıb.

Dekabrın 6-da nümayəndə heyətinin rəhbəri, həmçinin dövlət və özəl sektorlarda korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması təşəbbüslərində mövcud çətinliklərin həlli və müsbət təcrübələrin təşviqi kimi mövzuları əhatə edən tədbirin Yüksək Səviyyəli Seqmentində iştirak edərək müzakirələrə qatılıb.

Tədbirdə iştirak edən Vyetnam Baş nazirinin müavini, bir sıra ölkələrin anti-korrupsiya qurumlarının rəhbərləri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibinin müavini və digərləri nailiyyətləri qeyd etməklə korrupsiyaya qarşı mübarizə siyasətinin gələcək inkişafının prioritet istiqamətlərinə dair öz fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Kamran Əliyevlə Vyetnamın korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumu olan Baş Dövlət Müfəttişliyinin rəis müavini Nguyen Van Thanhın rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilərək cinayətkarlığa qarşı mübarizənin müxtəlif aspektləri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.

Konfrans müddətində həmçinin nümayəndə heyətimizlə tədbirdə iştirak edən Çin Xalq Respublikası, Koreya Respublikası, Pakistan, Qırğız Respublikası və digər ölkələrin nümayəndə heyətləri, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Asiya İnkişaf Bankının rəsmiləri arasında ikitərəfli və çoxtərəfli görüşlər keçirilərək səmərəli fikir mübadiləsi aparılıb, iştirakçılara Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri əks etdirən materiallar təqdim edilib.

Tədbirdə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Anar İmanov iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 536