Hesablama Palatasının Təlim Mərkəzi açılıb


20:18     06 Dekabr 2019 19_12_06_1575647404.jpg


Hesablama Palatasının Təlim Mərkəzinin açılışına həsr olunmuş toplantı keçirilib.


Femida.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov toplantını açaraq öncə qurumun yaranmasının 18 illiyi münasibəti ilə tədbir iştirakçılarını və Palatanın kollektivini təbrik edib, 7 dekabr 2001-ci ildə fəaliyyətə başlamış Hesablama Palatasının yaranmasının ölkə konstitusiyasının 92-ci maddəsində təsbit olunduğunu xatırladıb.

"Hesablama Palatası haqqında" ötən il qəbul olunmuş yeni qanunun 36-cı maddəsinə əsasən, Hesablama Palatasının nəzdində yaradılan Təlim Mərkəzinin məqsədinin yeni təyin edilmiş və Hesablama Palatasında çalışan işçilərin bilik və bacarıqlarının, peşə hazırlıqlarının artırılması, kadr potensialının yüksəldilməsi, ali audit orqanlarının beynəlxalq standartlarının və qabaqcıl təcrübələrin öyrənilməsi işinin təşkil edilməsi olduğunu bildirən sədr qeyd edib ki, Mərkəzin əsas vəzifələrindən biri də təlimlər yolu ilə biliyin daim təkmilləşdirilməsi, eyni zamanda yeni biliklərin mənimsənilməsinə nail olmaqdır.

V.Gülməmmədov Təlim Mərkəzinin yaradılması zərurətindən və Palatanın funksional fəaliyyəti üçün əhəmiyyətindən danışıb. Mərkəzin ilk vaxtlarda işə yeni qəbul edilmiş və Hesablama Palatasında çalışan işçilərin öyrədilməsi ilə yanaşı özünün də öyrənməsinin vacibliyini bildirib.

Hesablama Palatasının Təlim Mərkəzinin baş məsləhətçisi Ramal Əzizov Mərkəzdə təlim üçün yaradılan şəraitə görə rəhbərliyə minnətdarlıq etdi, görülən işlər barədə məlumat verib.

R.Əzizov Təlim Mərkəzində ilk vəzifə kimi Hesablama Palatası əməkdaşlarının təlim ehtiyaclarının araşdırıldığını, bu ehtiyaclar nəzərə alınmaqla Hesablama Palatasının Təlim Mərkəzinin 2020-ci il üçün illik iş planının layihəsinin hazırlandığını, Palata rəhbərliyinin tapşırığına uyğun olaraq İnzibati xəta haqqında iş üzrə icraatın aparılması ilə bağlı Hesablama Palatasında çalışan işçilərin bilik, bacarıqlarının və hazırlıqlarının daha da təkmilləşdirilməsi məqsədilə ümumilkdə 75 əməkdaşın iştirak etdiyi 4 təlim təşkil edildiyini, Mərkəzdə “Dövlət qulluğu haqqında qanun-dövlət qulluğunun ilkin əsası” mövzusunda təlim keçirildiyini, Hesablama Palatası əməkdaşlarının xarici dil bilik səviyyəsinin artırılması məqsədilə hər biri 10 nəfərdən ibarət olmaqla, ümumilikdə 20 nəfər əməkdaşın - ilkin başlayanlar və baza biliklərə malik olanlar - 2 qrup üçün təlimlər keçirildiyini bildirib.

R.Əzizov Maliyyə uçotu (F3) proqramı üzrə təlimlərin 4 ay müddətində davam etməsinin planlaşdırıldığını, daha sonra F7 (Maliyyə Hesabatları) və Diploma in International Financial Reporting (DipIFR) beynəlxalq maliyyə və mühasibat uçotu ilə bağlı diplomun verilməsi ilə nəticələnəcək təlimlərin keçirilməsi, həmçinin CFA-Chartered Financial Analyst (maliyyə analizi və investisiya sahəsi) üzrə təlimlərin keçirilməsinin nəzərdə tutulduğunu, bu təlimlərin hər birinin ingilis dilində tədris olunduğunu, ona görə də ingilis dili üzrə təlimlərinin davamlı olmasının zəruriliyini vurğulayıb.

R.Əzizov Hesablama Palatası işçilərinin beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli biliklərə sahib olmasını təmin etmək məqsədilə bu təlimlərin təşkil olunması üçün məqsədyönlü addımların atılmasının planlaşdırıldığını qeyd etdi və Hesablama Palatasının Təlim Mərkəzinin 2020-ci il üçün illik iş planı layihəsini təqdim edib.

V.Gülməmmədov Palatada xeyli sayda normativ metodiki sənədlərin hazırlanıb təsdiq edildiyini, bununla belə funksional fəaliyyət üçün zəruri yeni metodiki sənədlərin tərtib edilməsi üçün təkliflər verilməsini, təlimlərdə intizam və davamiyyətə xüsusi diqqət yetirilməsini, Palatada əldə edilmiş nailiyyətlərdən daha çox çatışmazlıqları üzə çıxarıb təlimlərdə üzərində işləməyi tövsiyyə edib, Palatanın struktur bölmələrinə Təlim Mərkəzinin işinə dəstək olmağı tapşırıb.

Femida.az

Açar sözlər: #hesablama   #palata  

Oxunub: 315