Daxili işlər orqanlarına qəbul hansı sənədlərlə aparılır? - QAYDALAR


12:07     09 Dekabr 2019 2019/12/19_12_09_1575878754-(2)_1575879344_1575881119.jpg


Bu gün bir çox gənin arzusu Daxili işlər orqanlarından xidmət keçməkdir. Bəs bu orqanlarda xidmətə qəbul üçün hansı kriteriyalara cavab vermək lazımdır və hansı sənədlər tələb olunur? Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində bu mövzunu işıqlandırır.


Müraciətlər Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə görə qəbul edilir.

Müraciətə 30 gün ərzində baxılır. Aşağıdakı şəxslərin müraciəti qəbul olunmur:

- İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər
- din xadimləri
- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər
- cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına baraətverici əsaslar olmadan xitam verilmiş şəxslər
- əvvəllər işdə yol vermiş ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, ləyaqətsiz hərəkətinə görə daxili işlər və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər
- eləcə də konkret vəzifələrdə xidmətə qəbulla bağlı elan olunmuş müsabiqənin şərlərinə uyğun uyğun gəlməyən şəxslər
- yaşı 20-dən aşağı 30-dan yuxarı şəxslər




Həmçinin ərizə tam doldurulmadıqda, təqim olunmuş sənədlərdə və məlumatlarda çatışmamazlıq aşkar edildikdə, müraciətin qəbul edilməsindən imtina olunur və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir və ya telefon vasitəsi ilə məlumat verilir.

"Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 12-ci bəndinə əsasən daxili işlər orqanlarına xidmətə qəbul üçün müraciət edən şəxsin təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxsin daxili işlər orqanlarına xidmətə qəbul olunmaması üçün əsasdır.


Müraciətçilər birbaşa idarəyə gələrək sənədlərini şəxsən təqdim etməlidir. Tələb olunan sənədlər bunlardır:

- Ərizə-anket
- Əmək kitabçası (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)
- Şəxsiyyəti təsdiq edən sənəd və surəti
- Şəxsən yazılmış tərcümeyi-hal
- Hərbi bilet
- Yaxın qohumları və himayəsində olan şəxslərin yaşayış yeri haqqında məlumatlar
- Müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd
- Yaxın qohumları və himayəsində olan şəxslərin iş yeri haqqında məlumatlar
- Yaxın qohumları və himayəsində olan şəxslərin təhsili haqqında məlumatlar
- Yaxın qohumları və himayəsində olan şəxslərin anadan olduğu haqqında məlumatlar

"Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 11-ci bəndinə əsasən daxili işlər orqanlarında xidmətə könüllük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyətli (qadınlar istisna olmaqla) şəxslər qəbul edilir. Namizədlər mütləq Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməlidir.



İstisnalar

- Azərbaycan Respublikası müvafiq İcra Hakimiyyəti orqanının tədris müəssisələrinə yaşı 18-ə çatmamış tam orta təhsilli şəxslər də qəbul edilə bilərlər.
- Maliyyə, təsərrüfat, kriminalistik təhqiqatlar, tibb xidmətlərinə, həmçinin mühəndis-proqramçı, təhsil müəssisələrində orta və böyük rəis heyəti vəzifələrinə yaşı 35-dək olan şəxslər qəbul oluna bilərlər.
- Zərurət yarandıqda təhsil müəssisələrinə və digər xidmət sahələrinə yaşı 40-dək olan elmi dərəcəyə malik mütəxəssislər qəbul oluna bilərlər.

Əsasnamə ilə müəyyən edilmiş tələblərə cavab verən şəxslər siyahısı müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq edilən sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq müddətli müqavilə əsasında qəbul edilə bilərlər.

Elektron və ya şəxsən müraciət daxil olduğu gün qeydiyyata alınır. Müraciətin qəbul edilməsi və icrası ilə bağlı ərizəçinin elektron ünvanına dərhal bildiriş göndərilir və ya şəxsən məlumat verilir.



Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin sənədləri, həmçinin onların və yaxın qohumlarının haqqında məlumatlar Daxili İşlər Nazirliyinin müəyyənləşdirdiyi qaydada yoxlanılır. Zəruri hallarda xidmətə qəbul olunan şəxs barədə "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən tətbiq edilə bilər.

Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin fiziki hazırlığı və sağlamlığı Daxili İşlər Nazirliyinin müəyyənləşdirdiyi qaydada yoxlanılmalıdır. Daxili işlər orqanlarında xidmətə qəbul müsabiqə və şəffaflıq əsasında həyata keçirilir (müsabiqədə test imtahanlarından və müsahibədən ibarətdir).

Qeyd edək ki, sonda Daxili İşlər Naziri Vilayət Eyvazov qəbul mərhələsindən uğurla keçmiş namizədlərin sıra baxışı keçirir.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #DİN   #polis   #daxili   #işlər   #nazirliyi  

Oxunub: 2052